DUA EDƏNLƏR!
İnsanlar Allaha diqqət baxımından eyni səviyyədə deyillər. Onları bu baxımdan dörd dəstəyə bölmək olar. Əlbəttə, bu dörd dəstənin hər biri ayrılıqda daha xırda qruplara bölünür:
1. Birinci dəstə bütün hallarda, istər rifah içində, istərsə də giriftarçılıq və bəla zamanı Allaha diqqətli olur, Onun dərgahına dua edir. Quranın dediyi kimi, hər sübh və şam Allahı yad edirlər və onların duası çətinliklərinə görə deyil: “Sübhlər və axşam...” (“Əraf” surəsi, ayə 205; “Rəd” surəsi, ayə 141; “Nur” surəsi, ayə 36.) Bəlkə də bu halın səbəbi bütün nemətlər ixtiyarlarında qoyulduğu halda, onların yenə də Allahdan ehtiyacsız olmadıqlarını, ən aşağısı bu nemətlərin sonunda Ona möhtac olduqlarını dərk etmələridir. Əlbəttə, hər kəs öz mərifət dərəcəsinə görə ehtiyacını dərk edir. Bu dəstə üçün nemət və ya bəlanın fərqi yoxdur. Onlar həmişə Allahı yad edən və Ona diqqətli olan ləyaqətli bəndələrdir: “Onlar xeyir işlər görməyə tələsər, ümid və qorxu ilə bizi çağırar və həmişə bizim qarşımızda müti olarlar.” (“Ənbiya” surəsi, ayə 90.) 2. İkinci dəstəyə ibadət əhlinin əksəriyyəti daxildir. Bu şəxslər nemət və rifah zamanı qürur və qəflətdə olurlar. Lakin qarşıya bəla çıxdıqda, ayılaraq öz ehtiyaclarını hiss edir və Allaha münasibətdə ehtiyaclı olduqlarını göstərirlər. Bu dəstədən olanlar nisbətən yaxşı bəndələr sayılır. Lakin Allah onlardan narazıdır ki, nə üçün nemət verilən zaman Allahı unudurlar və nemətlərin onlardan alındığı zaman dua edirlər: “İnsana bir nemət əta etdiyimiz zaman üz döndərər və uzaqlaşar. Ona şər və bəla üz gətirən zaman geniş dua edər.” (“Fussilət” surəsi, ayə 51.) Çox az insanlar nemət zamanı Allahı unutmur. 3. Üçüncü dəstə bəzi bəlaların Allah tərəfindən gəldiyini düşünür. Buna görə də, bu növ bəlalar onlara nazil olarkən dua edirlər. Çünki bu bəlanın qeyri-təbii vasitələrdən doğduğunu və ilahi əzabın nişanəsi olduğunu bilirlər. Məsələn, Yunusun qövmü ilahi əzab nişanələrini gördüyü zaman bu əzab çatmazdan öncə özünə gəldi və tövbə etdi. Allah da onlara nicat verdi. Bu qisim insanlar müəyyən bəlaların Allah tərəfindən gəlmədiyini təsəvvür edib həmin bəlalara qarşı diqqətsiz olurlar. Yalnız hər yerdən naümid olaraq heç bir kəsdən kömək gəlmədiyini gördükləri zaman Allahı çağırırlar. 4. Dördüncü dəstə o kəslərdir ki, hətta bəla və müsibət zamanı Allahı yada salmırlar. Allah bu qisim insanların rəftarını pisləmiş və onları əvvəlki dəstələrə nisbətən daha çox əzaba layiq bilmişdir. Qurani-Kərimdə bu insanlar barəsində belə buyurulur: “Nə üçün bizim bəlamız onlara çatan zaman yalvarıb-yaxarmadılar? Çünki onların qəlblərini qəsavət tutmuş və şeytan pis əməllərini onlara gözəl göstərmişdir.” (“Ənam” surəsi, ayə 43.) Başqa bir ayədə isə belə buyurulur: “Bundan sonra qəlbləriniz yenə sərtləşərək daş kimi, hətta, daha da bərk oldu. Həqiqətən, bəzi daşların içərisindən nəhrlər axar, bəzisi yarılıb içindən su fışqırar və bəzisi də Allahın qorxusundan yuvarlanıb düşər. (Amma nə sizin qəlbləriniz Allahın qorxusundan çırpınar, nə də gözlərinizdən bir qətrə yaş axar) Allah sizin etdiklərinizdən xəbərsiz deyil.” (“Bəqərə” surəsi, ayə 74.) Həqiqi mömin heç bir halda duadan uzaqlaşmır. İstər rifah içində olsun, istərsə də çətinlik içində! Onun nəzərində dua insanın kamillik səbəbidir. İndi isə baxaq görək, özümüz sadalanan hansı dəstədənik?! Allah eləməmiş, üçüncü və ya dördüncü dəstədən olaq! Allah insana bol-bol nemətlər vermişdir. Lakin bəzən əvvəlcədən təsəvvür olunmadığı halda bu nemətlər azalır və çətinliklər qarşıya çıxır. Məgər bunları təsadüfi hesab etmək olarmı? Məgər bu hadisələrin Allah ilə heç bir əlaqəsi yoxdurmu? Bu işləri Allahla əlaqələndirmə ölçüsü bizim mərifət səviyyəmizə bağlıdır. Mömin insan heç bir şeyi Allahın tədbir və iradə dairəsindən xaric bilmir. Hətta əgər başı ağrıyarsa, əvvəlcə Allahdan şəfa istəyir, sonra həkim və ya dərmanın ardınca gedir. Dərman istifadə edərkən də onun Allahın icazəsi ilə təsir göstərdiyini düşünür. Əgər Allah istəməsə, dərmanın heç bir təsiri olmaz. Qısası, bütün işlərin kökünün Allahın əlində olduğunu hesab edir və Allahdan başqa heç bir kəsi ilahi hakimiyyətdə və varlıq aləmində müstəqil səbəbkar bilmir. Bütün aləm Onun mülküdür və Onun izni olmadan heç kəsin sahiblik və səbəbkarlıq hüququ yoxdur. Quran təlimlərinə əsasən, çətinliklərimiz və qarşımıza çıxan müsibətlər öz əməl və rəftarlarımızın nəticəsidir. Əgər əməllərimizi və rəftarlarımızı islah etsəydik, nemətlər çətinlik və əzaba çevrilməzdi. Məşhur bir məsələ əsasən, “bizə gələnlər bizdəndir”. “Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazdığınız günahların ucbatındandır. Allah bir çoxlarından keçər.” (“Şura” surəsi, ayə 30.) Əgər Allah xalqın bütün əməllərini cəzalandırmaq istəsəydi, yer üzündə heç bir canlı qalmazdı: “Əgər Allah insanları günahlarına, haqsızlıqlarına görə cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ qoymazdı.” (“Nəhl” surəsi, ayə 61.) “Əgər Allah insanları etdikləri günahlara görə cəzalandırsaydı, yer üzündə bir nəfər belə saxlamazdı.” (“Fatir” surəsi, ayə 45.) Allahın nazil etdiyi dünyəvi bəlalar xalqı cəzalandırmaq yox, onları tənbeh etmək üçündür. Beləliklə, insanlar bu vasitə ilə islah olsunlar və bilsinlər ki, Allahın hakimiyyətində yaşayırlar. “İnsanların öz pis əməlləri üzündən suda və quruda fəsad, pozuntu yarandı. Allah onlara etdikləri bəzi günahların cəzasını dadızdırar. Olsun ki, geri dönələr.” (“Rum” surəsi, ayə 41.) Adətən, bəla nazil olduqda hamıya şamil olur. Məşhur sözdür ki, qurunun oduna yaş da yanar! Beləliklə, bəla günahkar olmayanlar üçün imtahan, günahkarlar üçünsə əzab sayılır. (“Rəbbin dərgahında”, Ayətullah Misbah Yəzdi, səh. 43-49.) (Maide.az) Oxşar xəbərlər
|