IMAM HӘSӘN ӘSKӘRI ӘLEYHISSALAM
Mьəllif: admin1
Tarix: 16-04-2014, 16:11
IMAM HӘSӘN ӘSKӘRI ӘLEYHISSALAM


ON ÜÇÜNCÜ MӘ᾽SUM

IMAM HӘSӘN ӘSKӘRI ӘLEYHISSALAM

IMAMIN ŞӘXSIYYӘTI

Adı: Həsən
Ləqəbi: Әskəri
Künyəsi: Әbuməhəmməd
Atası: Həzrət imam Әliyyən Nəqi (ə)
Təvəllüdü: Hicri 232-ci il
Imamlıq müddəti: 7 il
Ömrü: 28 il
Şəhadəti: 260-cı Hicri-qəməri ilində Abbasi xəlifəsi Mö᾽təmid tərəfindən şəhid edildi.
Məzarı: Iraq Samirra şəhəri.


TӘVӘLLÜDÜ

Imamət səmasının on birinci parlaq ulduzu Mədinə şəhərində doğdu və Samirra şəhərində batdı. O həzrətin adı Həsən, künyəsi Әbuməhəmməd, tanınmış ləqəbləri isə Zəki və Әskəri idi. Atası həzrət Hadi (ə), anasının adı isə Susən idi 22 yaşında ikən atası şəhid oldu. Atasını şəhadətindən sonra imamlıq müddəti 6 il, mübarək ömrü isə 28 il çəkdi. O həzrət (ə) 260-cı hicri ilində Abbasi xəlifəsi Mö᾽təmid tərəfindən şəhid olunaraq Samirra şəhərində dəfn olundu. Onun yeganə övladı həmin və᾽d olunmuş həzrət imam Mehdidir ki, zühur edərək dünyanı ədalətlə dolduracaqdır.
Imam Həsən Әskərinin (ə) zamanında həzrətin özü şiddətli nəzarət altında olduğuna görə islam öz nüfuzunu əldən vermişdi. Hakimiyyətdə olanlar, xüsusilə də Mütəvəkkil, hər hansı yolla olursa-olsun camaatı imamdan uzaqlaşdırmağa çalışırdı. Çünki hal-hazırda qeyb olub, gələcəkdə isə Islam ümmətinin rəhbərliyini öhdəsinə alaraq vahid dünya hökumətini quracaq on ikinci imam, imam Həsən Әskəri əleyhisslamın oğlu olacaqdı. Elə buna görə də imamı nəzarət altında saxlayırdılar. Lakin Allah-taala, Musanı Fir᾽onun sarayında saxladığı kimi, islam ümmətinin gələcək rəhbərini də gözlərdən uzaq və gizlincə dünyaya gətirdi.


IMAMIN ӘXLAQI XÜSUSIYYӘTLӘRI

Imam Həsən Әskəri əleyhisslam çox vüqarlı və əzəmətli bir kişi idi. O, öz zamanında Qur᾽anın misilsiz müfəssiri sayılırdı. Yüz nəfərdən çox məşhur alim o həzrətin məclisində iştirak edirdi. Iraqda qaldığı 16 il ərzində Şamdan Mədinəyə qədər olan ərazi o həzrətin nüfuz dairəsində idi. Imamın elmi və mə᾽nəvi nüfuzu o qədər böyük idi ki, Abbasi xəlifəsi Әlmö᾽təzin sarayında yaşayıb elə orada da işləyən alimlər belə ona heyran qalıb tabe olmuşdular.
Imam (ə) Irana etdiyi səfər zamanı Qum və Rey şəhərlərindən keçərək Ləvasana gəldi. Әhli-beyt məktəbinin tərəfdarları onu seinclə qarşıladılar. Həzrət (ə) Ləvasanda camaatla görüşüb onlara bir məscid tikərək onu öz mərkəzlərinə çevirmələrini tapşırdı. Imamın bu əmri xalqın həyatında o qədər tə᾽siredici və mühüm rol oynadı ki, deyilənə görə hətta bir gündə 70 məscid tikməyə başlamışdılar.
Peyğəmbər (s) xanədanının düşmənlərindən olan və Abbasi aparatında çalışan Әhməd ibni Xaqan adlı bir şəxs belə demişdir: Mən Samirrada Bəni Haşim xanədanından nəciblik, böyüklük və fəzilət baxımından imam Həsən Әskəri əleyhisslamdan başqasını görməmişəm. Әgər xəlifəlik Abbasilərin əlindən çıxsa, heç kim imam Həsən Әskəri əleyhisslamdan başqa xəlifə olmağa layiq deyildir. Daha sonra demişdir: Bir gün atamın yanında idim. Onun Peyğəmbər xanədanın düşmənlərindən olmasına baxmayaraq, həmişə Həsən Әskəri onun yanına gəldikdə yerindən qalxıb onun əlindən öpər öz yerini ona verər və imamı müəllimin qarşısında duran bir şagird kimi dinləyərdi.
Әbu Yusif imamın səxavət və əliaçıqlığı barədə belə deyir: Mən çətin bir vəziyyətdə idim, belə ki, uşaqlarıma çörək pulu qazana bilmirdim. Hamımız ac və narahat idik. Dəfələrlə Abbasilərin sarayına getmişdim ki, orada olan qohumlarımızdan köməklik alım. Lakin onlar o qədər məğrur idilər ki, sözümə qulaq asmırdılar. Bir gün imam Həsən Әskəri əleyhisslamın hüzuruna gedib vəziyyətimi onun üçün danışdım. Həzrət 400 dinardan ibarət pulunun hamısını mənə verib belə buyurdu: «Get, ailəni ağır vəziyyətdən qurtar.»
Bir dəfə həzrət iki yüz min dinar Әli ibni Cə᾽fər üçün göndərdi ki, yoxsul və möhtac əshabı arasında paylasın.
Həzrət (ə) altı il davam edən imamlıq müddətində üç ilini zindanda keçirmişdi, lakin qarşılaşdığı çətinliklər və narahatçılıqlara baxmayaraq həmişə xalqla yaxşı rəftar edirdi. Әn çirkin və qəddar mə᾽murları zindana keşikçi tə᾽yin etmişdilər ki, o həzrətə əzab-əziyyət etsinlər. Lakin onlar imamın zöhd və ibadətinə heyran qalıb onunla yaxşı rəftar edirdilər. Bir gün zindan müdiri bu işlərinə görə onlara e᾽tiraz etdikdə belə cavab verdilər: O, bir insandır; həmişə Allahına ibadət və dua ilə məşğul olan bir insan. Gündüzlər oruc tutur, gecələr də ibadət edir. Bizə nəzər saldıqda isə bədənimiz titrəyir. Bizdən belə bir şəxsiyyətə əziyyət etməyi necə tələb edirsiniz?
Mütəvəkkilin vəziri Abdullah Xaqan çox qürurlu və e᾽tinasız bir adam olmasına baxmayaraq, imamı görəndə yerindən qalxar və əgər ata minmiş olsaydı, atdan düşərdi. O, imam (ə) haqqında belə deyib: Həsən Әskəri gecələr dua və ibadətlə məşğul olan, gündüzlər isə oruc tutan bir kişi idi. Ürəyi o qədər pak idi ki, hətta düşmənlərini dua etməyi belə unutmazdı. Yoxsul bir adamla qarşılaşdıqda bütün pulunu ona verərdi.
Bir dəfə xəlifənin əmri ilə imam Həsən Әskərini yırtıcı heyvanların yanına saldılar ki, heyvanlar onu parçalasınlar. Lakin yırtıcı heyvanlar o həzrətin ətrafına yağışıb özlərini onun ayaqlarına sürtdülər. Bu səhnəni görən xəlifə onu azad buraxaraq həzrətə hörmət etmək istədi.
Samirrada bir monastır var idi ki, başçısı xristianların böyüklərindən sayılırdı. O, çox hörmətli bir adam idi. Həmin xristian bir gün imamın hüzuruna gələrək müsəlman oldu. Ondan müsəlman olmasının səbəbini soruşduqda isə belə cavab vermişdi: Mən bu kişidə yalnız həzrət Isada mövcud olan nişanələri görmüşəm.


IMAMIN ELMI

Imamın elmi dalğalı və dərin bir ümman kimi idi ki, elmə susamışları doyururdu. Xarəzminin dediyinə görə elm aşiqlərindən on səkkiz min nəfər o həzrətin elmi məclislərindən istifadə edirdilər. Abbasi xəlifəsinin sarayına mənsub olan Məhəmməd ibni Məs᾽ud Şirazi imamla bey᾽ət edən ilk saray alimi olub bu şöhrətli alim Әlmö᾽təzin sarayında çalışırdı.
Qaynaqlardan yazıldığına görə, o həzrətin elmi o qədər çox idi ki, Әbunəsr Farabinin ustadı olan Kendi onunla mübahisə edə bilməyib Islamın ziddinə yazdığı kitabını odlamışdı.
Xristian alimlər imamın elminə, eləcə də dərin biliyinə o dərəcədə heyran olmuşdular ki, onu Məsih adlandırırdılar. Imam (ə) ayrı-ayrı ölkələrdən gələn və ona sual vermək istəyən şəxslərə onların öz dili ilə danışdığı zaman hamını heyrətdə qoymuşdu.


RAHIBLӘRIN IFŞA OLUNMASI

Illərin birində Samirrada quraqlıq oldu. Bu zaman Abbasi xəlifəsi Mö᾽təmid camaata əmr etmişdi ki, dua etmək üçün çölə getsinlər.
Camaat üç gün dalbadal çölə gedib namazı qılıb dua etdilər, lakin yağış yağmadı. Sabahısı gün xristianlar öz alimləri ilə birlikdə çölə gedib dua etdilər və yağış yağdı. Neçə gündən sonra yenə də gedib dua etdilər, yenə də yağış yağdı. Bu hadisə müsəlmanları həyacanlandırmışdı və əksəriyyətin ürəyi xristianlara tərəf yönəlmişdi. Bu vəziyyətdə narahat olan Abbasi xəlifəsi Mö᾽təmid bir nəfəri zindana göndərdi ki, imam Həsən Әskərini bu məsələni həll etmək üçün zindandan çıxartsın. Imam (ə) məsələni öyrənən kimi, belə buyurdu: «Onlardan istə ki, sabah da yağış yağdırmaq üçün çölə getsinlər». Sabahsı gün imam (ə) da izdihamla birlikdə çölə getdi. Bu dəfə də xristianlar əllərini qaldırıb Allahdan yağış istədilər. Çox keçmədi ki, göydə bir bulud görsənərək yağmağa başladı. Imam əmr etdi ki, əllərini qaldıran bir xaristianının barmaqlarının arasındakı şeyi alıb gətirsinlər. Həmin adamın əlini tutub barmaqlarının arasına baxdıqda qara bir sümük gördülər. Sümüyü alıb imamın hüzuruna gətirdilər. Həzrət onu bir parçaya büküb xristian kişiyə «indi dua et ki, yağış yağsın» - dedi. Xristian kişi əlini göyə qaldıran kimi buludlar çəkilib getdi və günəş çıxdı. Camaatın hamısı heyrətləndi. Xəlifə bu işin sirrini imamdan soruşduqda imam belə buyurdu: «Bu sümük parçası Allahın peyğəmbərlərindən birinə aiddir ki, onun qəbrindən götürüblər. Allahı bu sümüyə and verirlər. Allah da həmin sümüyün hörmətinə onların istəyini qəbul edib yağış yağdırır. Hər kəs bu sümüyü əlində saxlasa, yenə elə olar.» Xalqın qarşısında imtahan etdikdən sonra, imamın sözü düz çıxdı və hamı o həzrətə afərin dedi.


IMAMIN TӘRBIYӘ ÜSULU

Imam Sadiq əleyhissalamın nəslindən olan Әbülhəsən Qumda yaşayır və çirkin əməllər sahibi kimi tanınırdı. Bir gün Әbülhəsən Qum şəhərində imam Həsən Әskərinin nümayəndəsi olan Әhməd ibni Ishaq Әş᾽ərinin qapısına gələrək evə girmək üçün izn istədi. Lakin imamın nümayəndəsi onu gördüyü pis işinə görə qəbul etmədi.
Әbülhəsən kor-peşman evinə qayıtdı və ona edilən bu hörmətsizliyə görə çox narahat oldu.
Həmin ildə Әhməd ibni Ishaq Әş᾽əri Məkkəyə getdi, qayıdanbaş imam Həsən Әskəri əleyhissalamın qapısına gələn Әş᾽ərini imam da qəbul etmədi.
Çox yalvar-yaxardan sonra imamın hüzuruna gəlib bu işin səbəbini soruşdu. Həzrət (ə) belə buyurdu: «Səninlə bizim əmioğlumuzla rəftar etdiyin kimi rəftar etdim».
Әş᾽əri dedi: Ey Peyğəmbərin övladı, mən onu tərbiyələndirmək və gördüyü pis işlərindən uzaqlaşdırmaq üçün bu işi gördüm.
Həzrət (ə) buyurdu: «Sənin gördüyün iş doğru deyildi. Islamda yolunu azmış insanlarla belə rəftar etməzlər, əksinə onları hidayət edib doğru yolu göstərərlər.»
Әş᾽əri Quma qayıtdı və bu münasibətlə hamı onun görüşünə gəlmişdi. Onların arasında Әbülhəsən də var idi. Әş᾽əri onu görən kimi yerindən qalxıb ona hörmət etdi və öz yerini ona verdi. Әbülhəsən onun bu işindən heyrətlənib dedi: Bu işin keçmişdəki rəftarınla çox fərqlidir. Məni əhvalatdan xəbərdar et. Әş᾽əri əhvalatı olduğu kimi ona danışdı. Әbülhəsən o qədər utanmışdı ki, evə qayıtdıqdan sonra pis işləri buraxıb təqvalı olmaq qərarına gəldi və ondan sonra zahid və pak kişilərdən oldu.


IMAMIN QEYB ALӘMI ILӘ ӘLAQӘSI

Bir çox kitablarda imamın mö᾽cüzəli işlərindən çoxlu rəvayət nəql olunub. Biz burada həmin rəvayətlərdən bir neçəsini qeyd edirik:
1. Cə᾽fər Cürcani deyir: Həccə getmişdim və imam Həsən Әskəri əleyhissalamın hüzuruna gəldim. Dostlarının verdiyi pullar mənim yanımda idi. Imamdan pulları kimə verəcəyimi soruşmaq istəyirdim ki, hüzurunda olmaq şərəfinə nail olandan sonra mən heç bir söz demədən həzrət (ə) özü belə buyurdu: «Yanındakı pulları xidmətçim Mübarəkə ver.» mən pulları ona təhvil verib imama «gürgandakı dostlarınız sizə salam söylədilər» - dedim. Imam (ə) belə buyurdu: «Allah onları mükafatlandırsın. Sən Gürgana qayıtdıqdan sonra Allah sənə bir oğlan uşağı əta edəcək. Adını Şərif qoy. O, bizim dostlarımızdan olacaq. Allah-taala bizim dostlarımızdan olan Ibrahimə də bir oğlan uşağı əta edəcək. Ona da de ki, oğlunun adını Әhməd qoysun. O da bizim dostlarımızdan olacaq.» Mən imamla xudahafizləşib getdim və sonralar elə imamın buyurduğu kimi oldu.
2. Sünni alimlərindən Şəblənci, Әbu Haşimdən belə nəql etmişdir: Mən imamın əshabından dörd nəfərlə birlikdə zindanda idim. Həzrət (ə) bizim yanımıza gəldi. Biz onun ətrafına yığışıb söhbət etməyə başladıq. Bizim aramızda özünü Әli övladından sanan bir kişi də var idi. Həzrət ona işarə etdi ki, bayıra çıxsın. O, gedəndən sonra imam (ə) belə buyurdu: «Bu kişi yalan deyir. O, bizdən deyildir. O, xəlifənin casusudur və sizin haqqınızda mə᾽lumat hazırlayaraq paltarında gizlətmişdir ki, xəlifəyə çatdırsın». Biz onu gətirib paltarını axtardıq və imamın buyurduğu kimi bizim haqqımızda yazılmış mə᾽lumatı ondan tapdıq ki, əgər xəlifənin əlinə yetişsəydi, bizim hamımızı öldürərdi. Biz həmin kağızı məhv etdik və o gündən e᾽tibarən həmişə ehtiyatla hərəkət etməyi qərara aldıq.»
3. Ibrahim adlı bir şəxs belə deyir: Mənimlə qardaşıma xəbər verdilər ki, atamız uzaq bir yerə səfərə gedib lakin ondan heç bir xəbər-əsər yoxdur. Qardaşımla birlikdə Mədinədnə Iraqa tərəf yola düşdük. Mən imam Həsən Әskəri əleyhissalamın yanına gedib ondan kömək almaq istəyirdim. Çünki imamlıq elmi ilə atamı tapmaq üçün mənə kömək edə bilən yeganə şəxs yalnız o həzrət idi. Uzaq yollardan gəlib o həzrətin qapısına yetişdim. Bir müddət orada oturdum. Bir nəfərin həzrətin evindən çıxmasını gözləyirdim ki, ona nə üçün oraya gəldiyimi deyim ki, o da imama xəbər versin. Düşüncəyə dalıb gələcəyimi düşünürdüm ki, elə bu zaman evin qapısı açıldı və həzrətin xidmətçisi bayıra çıxdı və «Mədinədən imamı görmək üçün gələn Ibrahim adlı müsafir sizin hansınızdır?» - deyə soruşdu.
Mən sevinə-sevinə yerimdən qalxıb «buyurun Ibrahim mənəm» - dedim. O, mənə baxıb əlindəki kisəni mənə verdi və dedi: Imam buyurdu ki, yol xərclərini ödəyəcək pul bu kisədədi. Bunu al yoluna davam et. Çox keçməz ki, atanı taparsan. Mən təəccüblənərək kisəni aldım və öz-özümə dedim ki, mən hələ imamla görüşüb əhvalatı ona danışmamış, necə ola bilər ki, o həzrət (ə) mənim məqsədimdən xəbərdar olsun. Xidmətçiyə «məni həzrətin hüzuruna apar ki, atamın harada oludğunu mənə desin» - demək istəyirdim ki, birdən yadıma düşdü ki, o, imamın «yoluna davam et» - deyə buyurduğunu mənə bildirmişdi. Başqa bir tərəfdən isə sirli bir qüvvə məni Təbəristana doğru çəkir və məhz ora səfər etməyə məcbur edirdi. Mən də Təbəristana tərəf yola düşdüm. Oraya yetişəndən sonra bir müddət o yan-bu yanı gəzdim və nəhayət atamla qarşılaşdım. Ona tərəf qaçıb onu qucaqladım. Atamı tapa bildiyim üçün çox sevinirdim. Mən bütün əhvalatı təfsilatı ilə atama danışdım və ikimiz də başa düşdük ki, imam bizim gizli sirlərimizdən xəbərdar imiş. Mənim heyrətim o vaxt artdı ki, imamın mənə verdiyi puldan təkcə bir dirhəmin qaldığını gördüm; bu da mənə istədiyim yerə çatmaq üçün kifayət idi.
4. Ismail adlı bir şəxs isə belə deyir: Imam Həsən Әskərinin keçəcəyi yolun üstündə oturmuşdum ki, həzrət oradan keçəndə ondan köməklik istəyim. Mən qabaqca 200 qızıl sikkə gizlətmişdim ki, gələcəkdə çətinliyə düşəndə xərcləyəm. Düşüncəyə dalmışdım ki, birdən imam Həsən Әskəri əleyhissalam yanımdan keçdi. Ona tərəf qaçıb qabağını kəsdim və öz yoxsulluğum barədə danışıb and içdim ki, dünya malından heç nəyim yoxdur. Mənim and içməyim həzrəti narahat etdi. Lakin xidmətçisinə «yanında nə qədər pulun varsa bu kişiyə ver» - deyə buyurdu. Xidmətçi əlini cibinə salıb bir kisə qızıl çıxardıb mənə verdi. Sonra həzrət (ə) mənə tərəf dönüb belə buyurdu: «Biz heç kimi öz köməyimizdən məhrum etmərik. Lakin sən yalandan and içdin və Allahı qəzəbləndirdin. Bundan sonra heç vaxt bu işi görmə və Allahın ne᾽mətini danma. Həmişə Allaha ümidvar olub sənə verdiyi ne᾽mətdən istifadə et. Sən 200 qızıl sikkəni bir yerdə gizlətmisən ki, dar gündə işinə yarasın. Lakin bunu bil ki, möhtac olduğun vaxt onu tapmaycaqsan.»
Ismail belə davam edir: Imam (ə) bu sözləri ilə mənə necə yanıldığımı başa saldı və imamın buyurduğu kimi də oldu. Bir gün həmin sikkələrə ehtiyacım olduqda onları basdırdığım yerə getdim. Lakin oranı qazdıqdan sonra sikkələri yerində görmədim. Sonra aşkar oldu ki, oğlum məndən xəbərsiz sikkələrin hamısını götürüb qaçıb. Demək, imamın buyurduğu kimi ehtiyacım olanda sikkələri tapa bilmədim. Ondan sonra belə qərara gəldim ki, Allah qarşısında pak və əməli-saleh olub pis işlərdən çəkinəm.


IMAMIN ÖZ SӘHABӘLӘRINDӘN BIRINӘ YAZDIĞI MӘKTUB

Həzrət (ə) öz əshabına məktublar yazıb göndərirdi. Həmin məktublardan biri Әli ibni Babviyhi Qumiyə yazılmış məktubdur. Bu məktubun bə᾽zi hissələrinin tərcüməsi belədir: «Allaha həmd və sənadan sonra, sənə ki, bizim əshabımızdansan deyə tövsiyə edirəm: pəhrizkar olasan, camaatın səhvlərini bağışla, öz qəzəbinə hakim ol, qohumlarını-əqrabanı həmişə başa çıx, yoxsulların ehtiyaclarını tə᾽min et, dinini düzgün şəkildə qiymətləndir, Qur᾽anı öyrən, namaz və ibadətlərinə diqqətli ol. Mənim əmirlərimi yerinə yetirmək və şiələrimi onları həyata keçirməyə vadar etmək sənin borcundur.


IMAMIN ŞӘHADӘTI

Imam (ə) dörd yaşında ikən atası ilə birlikdə Samirraya sürgün edilib xəlifənin əskərlərinin bazasında nəzarət altında saxlanıldı. Buna görə də Әskəri ləqəbi ilə məşhur idi.
Atasının şəhadətindən sonra Abbasi xəlifəsi Mö᾽təmidin əmri ilə həbs olundu. Imamın paklığı bütün məhbusları ona tərəf yönəltmişdi və hamı o həzrətə bağlanmışdı. Xəlifənin mə᾽murları hər gün imamın vəziyyəti barədə xəlifəyə mə᾽lumat verirdilər. Nəhayət o həzrət (ə) 260-cı hicri ilinin Rəbül-əvvəl ayının 8-də şəhid oldu və Samirrada atasınan yanında dəfn olundu.
Həzrətin şəhadətindən sonra azğın bir kişi olan və xəlifənin adamlarından sayılan qardaşı Cə᾽fər Kəzzab meyidə namaz qılmaq istəyirdi. Lakin balaca uşaq olan imamın oğlu irəli gəlib əmisini dala itələdi və özü onun yerində dayanıb atasının meyidinə namaz qıldı. Imam Həsən Әskəri əleyhissalamın oğlu olan on ikinci imamın qısa qeyblik dövrü elə bu vaxtdan başlandı və yalnız xüsusi şiələri onun hüzuruna gəlmək şərəfinə nail ola bilirdilər. Lakin Abbasi xəlifələrinin o həzrətin gizləndiyi yeri tapmaq üçün cəhd etdiklərindən sonra onun uzun qeybət dövrü başlandı və o həzrətin inqilab edəcəyi günə kimi gizli qalacaqdır.


IMAMDAN QISA GӘLAMLAR

1. Sadəliklə yaşa və israfdan çəkin.
2. Hər kəslə qarşılaşdığın zaman salam ver və məclisə daxil olduqda aşağı başda otur, çünki bu iş təvazökarlığın nişanəsidir.
3. Yalandan çəkin, çünki yalan pisliklərin açarıdır.
4. Hər kəs mənim Әhli-beytimi sevməsə, münafiqlərdəndir.
5. Hər kəs qiyamətə inansa, verdiyi və᾽dlərə əməl edər.
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930