Onun Hakimiyyəti
Vəd olumuş Mehdinin (ə.f.) zühuru və onun dünya hökuməti bütün yaxşılıqların və insani dəyərlərin zühuru, bərpası deməkdir. Baxaq: 1. İctimai ədalət İmam Sadiq (ə): “Mehdi, soyuq və isti, evlərə daxil olduğu kimi, ədaləti evlərə daxil edəcək və onun ədaləti hər yeri bürüyəcək”. Yer üzündən zülmün kökünün kəsilməsi və ədalətin bütün dünyada yayılması İmam Mehdi (ə.f.) hökumətinin əsas hədəflərindən və ilkin proqramlıarından sayılır. Bu məsələni o həzrətin zühuru haqda gəlmiş hədislərdə aşkarcasına görmək olar. İslam Peyğəmbəri (s) və məsum imamların (ə) on ikinci imamın zühuru haqqındakı sözlərində tövhidə çağırış, şirk və küfrlə mübarizə, ədalət yaratmaq və onu icra etmək qədərində təkid olunmamışdır. Bəlkə də bunun səbəbi keçmiş peyğəmbərlərin, xüsusilə də bizim Peyğəmbərimizin (s) təlimi, həmçinin, insanların agahlıq və şüurunun çoxalması nəticəsində insanların vahid Allaha iman gətirmələri, allahsızlıq təfəkkürünün məğlub olması, əksər cəmiyyətlərdə əqidə və məzhəbin öz yerini tapmasıdır. Amma bütün bunlarla yanaşı ədalətin yoxluğu bəşəri zülm, haqsızlıq, kinlilik, qeyri-insani rəftarlar, müharibələr odunda yandıracaq, həqiqətdə belə bir həyat tədrici ölüm və işgəncələrdən başqa bir şey olmayacaq. Buna görə də, bəşərin əsas ehtiyacı ədalətin yer üzündə bərqərər olması və cəmiyyətdə insani əlaqələrin hökm sürməsidir. İnsanlar ədalət susuzudurlar. Təbii ki, bu susuzluğu sirab edəcək din və məzhəbin sorağındadırlar. Buna görə də bəşəriyyət xilaskarının əsas problemi Allaha inam, yaxud inamsızlıq deyil, bütün bəşəriyyətə hakim kəsilmiş zülm və sitəmin aradan qaldırılmasıdır. Elə bir zülm ki, insanın din, əqidə, azadlıq, əmin-amanlıq və asayişini, bir sözlə, onun hər şeyini məhv etmişdir. İmam Mehdiyə (ə.f.) ona görə xilaskar deyilir ki, onun zühurundan sonra həzrət, ədaləti onun bütün mənası ili dünyada icra və bərpa edəcək. Bununla da dünyada haqsız tökülən qanlar, haqsızlıq, zülm, sitəm və pisliklərə son qoyulacaq. 2. Qılınc İmam Baqir (ə): “Məhəmməd (s) övladlarının Qaimi-qiyamedicisinin beş peyğəmbərlə oxşarlığı vardır: ...Onun, cəddi Peyğəmbərlə oxşarlığı qılıncla qiyam etmək, Allah və Onun peyğəmbərinin düşmənlərini, zalım hakimləri öldürməkdir”. Zalım və qaniçənlərlə müharibə İmam Zamanın (ə.f.) hökmən həyata keçirəcəyi işlərdəndir. Tarixə nəzər salarkən görürük ki, insanların tərəqqi və inkişafına mane olan amillər güc-qüdrət tətbiq edilmədən aradan getmir. Əxlaqi təlim və tərbiyə üslubu bəşər həyatında böyük təsirə malik olsa da, bu üslub müəyyən bir qrupa aiddir. İnsani dəyərləri qulaqardına vurmuş, heç kəsə rəhm etmədən, kiçik-böyük saymadan dünyanı öz nəfsani istəkləri uğrunda köləyə çevirmək istəyən zalımlara təlim-tərbiyə ilə təsir etməkmi olar?! Onlar zor gücünə susdurulmalıdırlar. Əks təqdirdə, bəşərin taleyi ilə oynanılmış olur. Tərəqqi, kamal və səadət qapılarını yalnız bu yolla-maneələri aradan qaldırmaqla bəşəri xoşbəxtliyə çatdırmaq olar. Güc və qüvvədən belə hallarda istifadə edilir. Tarixi mütaliə etsək görərik ki, ləyaqətli insanlar, saleh rəhbərlər və peyğəmbərlər bütün ömrü boyu zalımlarla mübarizə aparmışlar. İnsanlıq rəhbəri, rəhmət peyğəmbəri olan həzrət Məhəmməd (s) kafir və zalımlarla 83 müharibə aparmışdır. İmam Əli (ə), İmam Həsən (ə) və İmam Hüseyn (ə) də haqq yolunda, cəmiyyəti zülmdən nicat vermək yolunda müharibələr etmişlər. İmam Mehdi (əc.) də, öz babalarının layiqli davamçısıdır. O cənabın yüksək insani amalları yer üzündə həyata keçirmək, insanlıq düşmənlərini məhv etmək üçün mübarizə etməkdən savayı çarəsi yoxdir. Bəli, imamın ədalət və yenilməz qüdrət qılıncı şiddətlə zalımların başına enəcək və onları tarixin unudulmuşlar qəbristanına göməcək. Bu, həmin zamandır ki, əzabkeş, məzlum və zəiflədilmiş insanlar daha rahat nəfəs alacaqlar. Bu qılınc zalımların son günü, məzlumların ilk baharıdır. 3. Bir din, bir millət İmam Sadiq (ə): “Ey Müfəzzəl! Allaha and olsun, Qaim (əc.) din və məzhəb ixtilaflarına son qoyacaq və bundan sonra hamı bir din ətrafında birləşəcək”. İxtilafsız və vahid olan bir cəmiyyətin təşkili üçün etiqad birliyi zəruridir. Cəmiyyətdə bütün ixtilafların mənşəyi buna qayıdır. İctimai qanunların müxtəlif fikirlərdən qaynaqlandığını nəzərə alsaq, müxtəlif sahələrdə, o cümlədən, iqtisadi-siyasi, mədəni-maarif sahələrində ziddiyyətlərin varlığı qaçılmaz olur və beləliklə də cəmiyyətin vəhdətinə güclü zərbələr vurur. Buna görə də, ixtilafsız cəmiyyət yaratmaq üçün vahid bir din ətrafında birləşmək zəruridir. İmam Mehdinin (ə.f.) zühuru və hakimiyyəti dövründə dünyada vahid bir din hakim olacaq. Bununla da bütün məram və amallar birləşəcək. Bu da təbii ki, ixtilafların sonu deməkdir-bir din, bir fikir, bir arzu və bir millət: VAHİD İSLAM ÜMMƏTİ. 4. İqtisadi rifah və kasıbçılığın aradan qaldırılması İslam Peyğəmbəri (s): “Ümmətimin içindən Mehdi adlı bir şəxs zühur edəcək...Onun zamanında camaat heç zaman əldə etmədikləri nemətlərə sahib olacaq. Həmin zamanda göy, əməlindən asılı olmayaraq bütün insanlar üçün öz yağışını yağdıracaq və yer öz bitirdiklərini heç kimdən gizlətməyəcək”. İmam Mehdi (ə.f.) cənablarının proqramlarından biri də, cəmiyyətin rifahını yaxşılaşdırmaqdır. Onun hədəfi elə bir cəmiyyət təşkil etməkdir ki, onda hamı bir-biri ilə yanaşı asudə, dərdsiz-qüssəsiz, təbəqələşmənin aradan getməsi şəklində yaşasın. Daha heç kəs maddi imkanlar əldə etmək, daha yaxşı yaşamaq, var-dövlət qazanmaq üşün bir-birinin canına düşməyəcək, bir-birinin haqqını tapdalamayacaq, qanını tökməyəcək. Təbii ki, bu da insanların mənəvi təkamülündə müstəsna rol oynayacaq. İmam Mehdi (ə.f.) belə bir ali hədəfə nail olmaq üçün müxtəlif yollardan istifadə edəcək: a. İctimai ədaləti bərqərar etmək: Qeyd etdiyimiz kimi ədalət cəmiyyətin bütün sahələrində bərabərlik və mötədillik mənasındadır. Belə bir ədalət iqtisadi fasilələri aradan götürəcək. Daha bir qrup kasıb, bir qrup varlının qarşısında maddi güzəran üçün əyilməyəcək. b. Bərabərlik: Bu, sərvətlərin bərabər bölünməsini, camaatın ehtiyac duyduğu məhsulların paylanmasını təmin edəcək. Təbii ki bu da möhtəkirlik və israfkarlığın qarşısını alacaq. c. Yerin abadlaşdırılması: Bu gün gözəçarpan elmi nailiyyətlərə baxmayaraq, hələ də bütün torpaq sahələri, su anbarlarından səmərəli istifadə etmək mümkün olmamışdır. Bəzi məntəqələrdə istismarçılıq, kimlərəsə bağlılıq və məhrumiyyətlər səbəbilə, mövcud imkanlardan yararlanmaq mümkün olmamışdır. Amma imamımızın hakimiyyəti dövründə bütün mövcud imkanlardan səmərəli istifadə olunacaq və bütün yer üzü abadlaşacaq, yaşıllaşacaq və təravətlənəcək. d. Qəsb olunmuş sərvətlərin qaytarılması: İmam Mehdi (ə.f.) zalımlara qələbə çalmaqla, onların qeyri-qanuni yollarla əldə etdikləri sərvətlərin və malların hamısını geri qaytaracaq, camaatın rifahı yolunda istifadə edəcək. e. Dəqiq nəzarət: Zühur əsrində cəmiyyətin rəhbəri onun bütün sahələrinə ciddi və dəqiq nəzarət edəcək. Beləliklə də, cəmiyyətdə ədalət hökmfərma olacaq, nemətlər bərabər şəkildə bölünəcək, zülmün kökü kəsiləcək, ayrıseçkilik, qohumbazlıq-tayfabazlıq kimi ədalətsizliklərə son qoyulacaq. 5. Bərabərlik İmam Baqir (ə): “Qaim (əc.) hər şeyi bərabər şəkildə böləcək və camaata ədaləti əldə əsas tutaraq rəhbərlik edəcək”. İslam dini bərabərlik dinidir. Bu bərabərlik prinsipi, cəmiyyətin bütün sahələrini öz əhatəsinə alır. İmam Mehdi (ə.f.) hakimiyyəti dövründə belə bir bərabərlik sözün həqiqi mənasında cəmiyyətdə özünü doğruldacaq. İnsanlar necə ki, yaradılış baxımından eyni hüquqa malikdirlər, eləcə də, maddi və mənəvi cəhətdən eyni imtiyaza malik olacaqlar. Bu dövlətdə necə deyərlər, biri yeyir, digəri baxmır, hamı Allahın nemətlərindən bərabər şəkildə bəhrələnir. Digər bir bərabərlik, bütün müsəlmanlara aid olan (beytül-mal) maldan hamının eyni şəkildə bəhrələnməsidir. Hazırda bu mallar müxtəlif dövlət və fərdlərin əlində cəmləşmişdir. Amma, rəhbərimiz zühur etdikdən sonra, bunlar onun ixtiyarında olacaq. İmam onları müsəlmanların ehtiyacları yolunda məsrəf edəcək, bütün təbii sərvətlər və mədənləri camaatın ixtiyarında qoyacaq. Maraqlıdır ki, İslamın hökm sürdüyü həmin dövlətdə təqva, pərhizkarlıq belə, maddi yönümdən daha yaxşı yaşamağa bais olmayacaq. 6. Cahanşümul hökumət İslam Peyğəmbəri (s): “Məni haqq olaraq peyğəmbərliyə Seçənə and olsun, dünyanın sonuna hətta bircə gün qalmış olsa belə, Allah o günü övladım Mehdinin zwhuru üçün uzadacaq, yer üzünü onun nuru ilə nurlandıracaq. Onun höküməti dünyanın şərq və qərbini əhatə edəcək”. Cahanşümul hökumətdə bütün bəşəriyyət bir mərkəzə tabe olur və bir siyasət və bir proqramla idarə olunur. Həmin dövrdə insanlıq ailəsi qurulacaq, hər yeri dostluq-qardaşlıq və məhəbbət bürüyəcək. Bununla da bütün peyğəmbərlərin, imamların və saleh insanların son arzusu həyata keçəcək. Zalımların hakimiyyəti, süni sərhədlər, müharibələr indiyədək yer üzündə əmin-amanlığı aradan aparmış, qardaş qırğınlarına, kin-küdurətlərə bais olmuşdur. Amma mövlamız həzrət Sahibəzzaman (ə.f.) zühur edərkən yer üzündə sərhədsiz vahid hökümət quracaq, müharibələrə son qoyacaq. Bu dövrdə qurumuş məhəbbət ağacı təravətlənəcək, çiçəklənəcək və öz meyvəsini verəcəkdir. Bu dövrdə güclü zəifi yerdən qaldıracaq, hamı bir-birini sevəcək. Daha hücum etməyə başqa dövlət yoxdur. Hər yer, hamının özününküdür. Daha paxıllıq ediləsi qonşu yoxdur, çünki hamı bir ailə üzvüdür. *** Budur, o cənab bizim ideal əsrin qurulmasına hazır olmağımızı gözləyir. Bizim dərin qəflət, məstlik, qürur, özünəarxalanmaq yuxularından ayılmağımızı və öz rəhbərimizi səhnəyə dəvət etməyimizin intizarındadır... İbrahim AĞAZADƏ parlayangunesh.az www.Ahlibeyt.ge Oxşar xəbərlər
|