Həzrət Fatimə (s.ə)
Həqiqətən də Biz sənə kövsər əta etdik… Fatimə (s.ə) Zöhreyi-Zəhradır ki, ilahi əzəmətin nurundan yaranıb. Onun vücudu ilə səma və yer üzü nurlanmış, mələklər səcdəyə düşüb Həzrət Haqqdan o nurun əzəməti haqqında soruşmuşlar. Fatimə (s.ə) Həvrayi-insiyyədir (insan cildində bir hüriyyədir) ki, Allah Əbül-bəşər Adəmin (s.ə) xilqətindən öncə onu öz nunundan yaradıb, ərşin sütunun altında ona yer verib. Orada daim Allaha təsbih, təqdis, təhlil və təhmid etməklə məşğul olub. Fatimə (s.ə) elə böyük bir xanımdır ki, Allah-taala onun atasını, həyat yoldaşını, iki övladı- Həsən və Hüseynin (s.ə) nurunu yaratmış, onların vilayətini mələklərə və sair məxluqlara təqdim etmişdir. Qəbul edənlər Allahın müqərrəblərindən, inkar edənlər isə kafirlərdən hesab olunub. Fatimə (s.ə) elə böyük bir xanımdır ki, Allah-taala onun, atasının, həyat yoldaşının, Həsən Hüseyin (ələyhiməs-səlam) və digər övladlarının nuru, başqalarından - hətta nəbilərin övlayaların, övsiyaların nurundan öncə, şərəfli, üstün yaranmış, müqəddəs və qədimdir. Onların nuru səmaya, dağlara yayıldı və hər tərəfi bürüdü. Fatimə (s.ə) seçilən böyük bir xanımdır ki, atası, həyat yoldaşı, iki övladı- Həsən və Hüseynlə (s.ə) Allahın ərşı altında həzrət Adəm xəlq olunmazdan öncə “Alin” məqamında Allaha təsbih etməklə məşğul olmuş və mələklər də onlara qoşulmuşlar. Fatimə (s.ə) yeganə qızdır ki, atası Rəsulallah (s), Allaha ilk iman gətirən və ilk peyğəmbərdir ki, peyğəmbərlərdən əhd alındıqdan sonra “bəli” dedi: “Yaranmışların ilki və yaranan hər kəsin ağasıdır”. Allah-taala ondan yaxşısını yaratmayıb. Onun şənində buyurub: “Sən olmasaydın, dünyanı yaratmazdım”. Fatimə (s.ə) yeganə qızdır ki, Xədiceyi-Kübra əleyha-salam kimi anası var. Həzrət Haqq dönə-dönə onunla mələklərin yanında fəxr edərdi. Peyğəmbər (s) meracdan qayıtdıqdan sonra Cəbrayıl (ə) Allahın və özünün salamını ona çatdırardı. Allah-taala qadınlar arasında dörd nəfəri seçib ki, cənnət onlara müştaqdır. Xədicə (ələyha salam) də onlardan biridir. Fatimə (s.ə) bir Seyyidədir ki, onun nütfəsi Cəbrailin (ə) Allah-taala tərəfindən Peyğəmbər üçün gətirdiyi hədiyyədən - behişt meyvəsindən bağlanıb. Fatimə (ələyha salam) bir Mühəddisədir ki, anasının bətnində olanda anası Xədicə (s.ə) ilə danışardı, rəva olmayan sözlərin müqabilində onu səbrə və dözümə dəvət edər, sakitləşdirərdi... Fatimə (s.ə) bir Tahirə və Mütəhhərədir ki, anası onu bətnində daşıyarkən cənnət qadınları və hurilər ona xidmət etdiyi halda dünyaya pak olaraq qədəm qoydu. Kəlmeyi-şəhadətə dil açdı. Həyat yoldaşının vəsi, övladlarının seyid (imam) olmasına şəhadət verdi. Onun cəlalının nuru təkcə Məkkəni deyil bütün şərq və qərbi bürüdü. Səmada parlaq bir nur yarandı ki, mələklər onun bənzərini görməmişdi. Cənnət əhli, mələkut aləmi onun doğumunu bir-birlərinə müjdə verdilər. Nəhayət cənnət qadınları onu Tahirə, Mütəhhərə və Zəkiyyə kimi onun və (onunla bərabər dünyaya gələcək) mübarək nəslinin qədəmini təbriklərlə alqışlayıb Xədicəyə təqdim etdilər. O, hər gün hər ay adi şəkildə deyil, sürətlə böyüyürdü. Fatimə (s.ə) yeganə xanımdır ki, Allah-taala ona Öz adlarından əta edib onu “Fatimə” adlandırdı. Dostlarına kömək edəcəyi üçün, göylərdə “Mənsurə”, tərəfdarlarını oddan qurtaracağı üçün yerdə “Fatimə” adlanıb. Ona deyilən ləqəb və künyələrin hər biri öz yerində onun zahiri və batini kamalına işarədir. Fatimə (s.ə) insan cildində bir Huri idi. Qadınlara xas olan (aylıq adət kimi) məsələlərdən pak olduğu üçün “Bətul” və ya “Tahirə” adlandı. Rəsulallah (s) Fatiməyə (s.ə) elə bir şəkildə xüsusi diqqət yetirirdi ki, hər vaxt səfərə getsəydi, vidalaşdığı sonuncu, səfərdən qayıtdıqda ilk görüşdüyü şəxs Fatimə (ə.s) olardı. Həmişə onun dərdini çəkər, ondan nigaran idi. Allah-taala Fatiməni (ə.s) mənəvi əzəmətinə görə bütün qadınlar arasından seçdi. Onun elə bir sevimlisi oldu ki, həyatında və ölümündə onunla birgə olmaq və atasına, həyat yoldaşına, övladlarına salavat və rəhmət göndərməyi mələklərdən bir qrupuna tapşırdı. Fatimə (s.ə) elə böyük bir şəxsiyyətdir ki, Cəbrayıl (ə) onun təvəllüdünü Rəsuləllaha (s) müjdə verdi. Fatimə (s.ə) Həvrayi-insiyyədir ki, Rəsuləllah (s) hər zaman cənnətə müştaq olsaydı, onu iyləyər və buyurardı: “Tuba ağacının iyini ondan duyuram”. Fatimə (s.ə) ilahinin nurunun cilvəsi, Onun cəlal və camalıdır. Onun qəzəbi Allahın qəzəbi, razılığı Onun razılığıdır. Rəsuləllah (s) buyurub: “Onun nuru bizim nurumuzdandır”. Həmçinin buyurub: “O məndən, mən də ondanam. Hər kəs ona salavat və rəhmət göndərsə, Allah-taala onu bağışlayar və cənnətdə mənə qovuşdurar.” Fatimənin (ə.s) elmi məqamı Övliyaların bir şəxsə bəslədikləri məhəbbət sadə bir məhəbbət deyil. Yəqin ki,o məhəbbətin özəyi elm, iman və təqva ilə qaynaqlanır. Peyğəmbərin (s) öz qızına məhəbbəti dünya xanımlarının nümunəsi olan o böyük xanımın imtiyazlarının dəlilidir. Peyğəmbər (s) Fatiməni (ə.s) “dünya xanımlarının ən üstünü” və ya “cənnət xanımlarının ən üstünü”“Razılığı Allah razılığı, qəzəbi Allah qəzəbi”adlandırırsa, demək ki, o kəlamların dəlili var. Bu kəlamlarla onun elmi baxımdan da dünya xanımlarının önündə durması məlum olur. Elm də yüksək məqamı olmayan şəxsin ola bilərmi?! İslami mənbələrdə bir sıra faktlar bir daha o xanımın yüksək elmi məqamını açıb göstərir. Məsələn: Əbunəim, peyğəmbərə (s) bir hədis istinad edir: Bir gün, peyğəmbər əshaba buyurdu: “Qadın üçün daha çox nə xeyirlidir?” Əshab ona, nə cavab verəcəklərini bilmədi. Əli (ə), Fatimənin yanına gəlib məsələni ona çatdırdı. İslamın xanımı buyurdu: “Nə üçün demədin - onlar üçün ən xeyirli odur ki, (yad) kişiləri, (yad) kişilər də onları görməsin?!” Əli (ə) qayıdıb o cavabı peyğəmbərə (s) dedi. Peyğəmbər (s) buyurdu: “Onu sənə kim öyrətdi?” Ərz etdi: “Fatimə (s)”. Peyğəmbər (s) buyurdu: “Həqiqətən də o, mənim bir parçamdır”. Hədisdən məlum olur ki, “mənim bir parçamdır” sözündə cismani cəhət deyil, peyğəmbərin (s) ruhunun, elminin, əxlaqının, iman və fəzilətinin bir parçası nəzərdə tutulur. “Müsnədi-Əhməd” kitabı Ümmi Sələməyə ( yaxud Ümmi Sələmiyə) istinadən yazır: Fatimə (ə.s) ölümcül xəstələndikdə mən ona xidmət edirdim. Bir gün onun halını bütün günlərkindən daha yaxşı gördüm. Əli (ə), bir iş arxasınca getmişdi. Fatimə (ə.s) buyurdu: “Qüsl etməyim üçün mənə su gətir.” Su gətirdim və qüsl etdi. Onun qüslündən daha yaxşısı görməmişdim. Sonra buyurdu: “ Mənim üçün təzə paltarlar gətir.” Paltarları gətirdim və ona verdim. O, geyindi. Sonra buyurdu: “Gedirəm (uca mələkut aləminə), pak olduğum və heç kəs məni görmədiyi halda!” Bu sözü deyib dünyaya gözünü bağladı”. Bu hədisdən gözəl şəkildə anlaşılır ki, Fatimə (ə.s) hansı zaman öləcəyini bilirdi. Ölüm nişanələrinin onda olmamasına baxmayaraq, o, özünü köçməyə hazırladı. Ölüm vaxtını Allahın təlimi olmadan heç kəs bilmədiyindən məlum olur ki, ona Allahdan ilham olunurdu. Bəli, onun ruhu qeyb aləmi ilə əlaqədə idi. Səmadakı mələklər onunla danışırdı. Quranın bir çox ayələrində İmranın qızı, həzrət İsanın (ə) anası Məryəm, mələklərlə danışırdı. Fatimənin (ə.s) məqamı ondan üstün olduğu üçün onun ilk növbədə mələkərlə danışması təbiidir. Fatimənin (s.ə) Müshəfi nədir? Fatimə (s.ə) ilahi sirlərdən biridir. Onun yüksək məqamını tanımaq biz yer-əhli təbəqəsi üçün sadə iş deyil. Daha doğrusu onun həyatının bir çox məqamları biz insanlar üçün sədəf kimi açılmayıb və bizə gizlidir. Fatimənin (s.ə) müshəfi, aşıb-daşan mənəviyyatı və elmi, vəhy vasitəsi ilə ona nazil olub ki, pak məzarı pərdə arxasında qalan kimi bir sirrdir. Fatimənin (s.ə) müshəfi nədir?! Nə zaman meydana çıxıb?! Orada nə barədə yazılıb?! İndi harda və kimin əlindədir?! Müəyyən qədər bu və ya bu qəbil sualların cavabını araşdırırıq: Fatimənin məşhur adlarından biri də Mühəddisədir. Fatimeyi-Zəhranın (s.ə) anası tərəfindən o adla adlandırmasının səbəbi haqqında imam Baqir (ə) buyurub: “ Fatimə ona görə Mühəddisə adlandı ki, mələklər həmişə səmadan yerə enib İmranın qızı Məryəm kimi ona xəbər gətirirdi. Ona xitab edərək bu ayəni oxuyurdular: ... Rüku və səcdə edənlərlə birlikdə səcdə et! Fatimə (s.ə) mələklərlə, onlar da Fatiməyə (s.ə) xəbər danışardı. Bir gecə Fatimə (s.ə) onlara buyurdu: “İmranın qızı Məryəm dünya qadınlarından üstündürmü ?!” Dedilər: “Məryəm, öz zamanında qadınların böyüyü idi. Allah səni həm öz zamanında həm də onun zamanında qadınların böyüyü qərar verib. Sən əvvəldən sonadək qadınlar aləminin Seyidəsisən.” Mələklər peyğəmbərlərdən başqası ilə danışmasalar da peyğəmbərlərin dövrünə təsadüf edən dörd qadın peyğəmbər olmasala da mələklər onlarla danışıb: 1) Həzrət İsanın (ə) anası Məryəm (s.ə). 2) İmranın həyat yoldaşı, həzrət Musa (ə) və Məryəmin (s.ə) anası. 3) Həzrət İshaqın və Yəqubun anası Sara. 4) Fatimeyi-Zəhra (s.ə) İslam peyğəmbəri (s), xəstə olarkən yataqda huşunu itirmişdi. Evin qapısı döyüldü. “Qərib bir kişiyəm və Allahın Rəsuluna sualım var. İçəri daxil olmağa icazə istəyirəm.” Fatimə (s.ə) buyurdu: Qayıt Allah sənə rəhm etsin, Allah Rəsulunun (s) halı münasib deyil. O, getdi. Sonra yenə qayıdıb qapını döyüb dedi: İçəri daxil olmağa Allahın Rəsulundan icazə istəyən bir qəribdir. Qəriblərə icazə verirlər? Birdən Rəsulullah (s) oyanıb buyurdu: “ Ey Fatimə, onun kim olduğunu bilirsənmi?! Ərz etdi: “Xeyr, ya Rəsulullah! Buyurdu: “ Bu, o şəxsdir ki, camaatı bir-birnə vurur, dünya ləzzətlərini aradan qaldırır. O, ölüm mələyidir. And olsun Allaha, məndən öncə heç kəsdən daxil olmaq üçün icazə almayıb və məndən sonra da almayacaq. Ona icazə ver!” Fatimə (s.ə) buyurdu: “İçəri keç, Allah sənə rəhmət etsin!” Ölüm mələyi bir mülayim nəsim kimi varid olub dedi: “Rəsuləllahın Əhli-beytinə (ə) salam olsun!” Bu acı hekayədə həzrət Fatimənin (s.ə) mələklərlə danışmasından onun “Mühəddisə” olduğunun şahidi oluruq.” Həzrət Fatiməyə (s.ə) məxsus “Müshəf” kitabı necə meydana gəlib?! Fatimə (s.ə) peyğəmbərin (s) vəfatından sonra 75 və ya 95 gün yaşadı. Bu çox qısa müddət, Zəhrayi-Məziyənin (s.ə) səbr, dözüm, vilayət məqamını müdafiə etdiyi, eyni zamanda qəm-qüssəli dövrünü əhatə edir. Vəhy mələyi- Cəbraili-Əmin ona nazil olur, uca atasının Allah dərgahında olan məqamı, islamın gələcək tarixi haqqında məlumatları ona ilham edirdi. Beləliklə Fatimənin (s.ə) “Müshəf”-i toplandı və məsum imamlar üçün yadigar qaldı. İmam Sadiqdən (ə) “Fatimənin (s.ə) Müshəfi” barədə soruş-dular. Cavabında uzun müddət sükut etdi ... Sonra buyurdu: “ Siz, lazımlı və lazımsız şeylər haqqında soruşub təqhiqi edir-siniz. Fatimə (s.ə) Rəsulullahdan (s) sonra yetmiş beş gün yaşadı. Atasının rehləti ilə ona böyük qəm üz vermişdi. Vəhy mələyi Cibril, həmişə onun üçün nazil olur, atasının ayrılıq acısını yaxşılıqla (kədərdən uzaq, müsbət təsirlə) ona təqdim edir, onun ruhuna sakitlik bəxş edirdi. Atasının Allah dərgahındakı yüksək məqamından, də onun övladlarının üzləşdiyi gələcək hadislər haqqında məlumatı ona çatdırırdı. Əli (ə), bütün o xəbər və məlumatları yazıb, Fatimənin (s.ə) “Müshəf”-ini tərtib etdi.” İmam Sadiq (ə), başqa bir hədisdə “Fatimənin Müshəfi nədir” sualın cavabında, buyurub: Allah taala peyğəmbəri qəbzi-ruh edərkən Fatimə (ə), ondan elə bir şəkildə kədərləndi ki, o kədərin nə olduğunu Allahdan başqa heç kəs bilmirdi. Ona görə də Allah-taala onun hüznünü aradan qaldırıb onunla danışsın deyə mələk nazil etdi. Fatimə (ə) o xəbəri, Əliyə (ə) çatdırdı. Əli (ə) buyurdu: “Hər vaxt mələyi hiss edib səsini eşitsən, mənə de və məni onun sözlərindən məlumatlandır. Əmirəlmöminin (ə) onun hər eşitdiyi (sözü) yazırdı. Nəhayət yazılan söz və məlumatlardan bir “Müshəf” ərsəyə gəldi.” Hədisə əsasən bu qənaətə gəlmək olar: 1. Fatimənin (s.ə) Müshəfi, peyğəmbərin (s) rehlətindən Siddiqeyi-Kübranın (s.ə) şəhadəti arasında olan zaman fasiləsində ərsəyə gəlib. 2. Fatimənin (s.ə) Müshəfi, Cibril Əmin (ə) vasitəsi ilə Fatiməyə (s.ə) ilham olan vəhydir. 3. Fatimənin (s.ə) Müshəfi, həzrət Əlinin (ə) mübarək əli ilə yazılıb. Əbu Bəsir deyir: İmam Baqirdən (ə) Fatimənin (s.ə) Müshəfi barədə soruşdum. Buyurdu: “Peyğəmbərin (s) rehlətindən sonra Fatiməyə (s.ə) nazil olub. İmamlıq nişanəsi Müshəf, peyğəmbərlik və imamət sirri kimi təkcə məsum imamlara yadigar qalıb. O, Allahın yer üzündəki höccətləri arasında birindən digərinə ötürülüb və imamlıq nişanəsi sayılır. İmam Rza (ə), məsum imamın əlamətlərini sayaraq buyurub: “Fatimənin (s.ə) Müshəfi onda olacaq”. Çoxlu rəvayətlərdən məlum olur ki, “Came`”, “Cefr” və “Fatimənin (s.ə) Müshəfi”, İmamların əlində olub. (Mövzudan xaric olmamaq üçün “Came” və “Cefr” haqqında məlumatı ixtisar etdik). Münasib fürsətdə ona müraciət edir, onunla insanların elmi və fikri problemlərini həll edirdilər. Orada yazılanlar elm və biliyin dəyərli gövhərləridir. Onların təsəvvürü belə yer əhlinin zehninə sığmaz. Oxşar xəbərlər
|