GÜRCÜSTANDA HZ. İMAM HƏSƏNİN (Ə) TƏVƏLLÜD MƏRASİMİ İFTAR ZAMANI KEÇİRİLİB (FOTO)
Ahlibeyt.ge xəbər verir ki, ötən axşam iftar zamanı Rustavi şəhərində din xadimləri, mədrəsə tələbələri və şəhər dindarlarının iştirakı ilə Hz. İmam Həsənin (ə) təvəllüdü münasibəti ilə mərasim təşkil edilib.
Bütün Gürcüstan Müsəlmanları İdarəsi, “Əl-mustafa” Beynəlxalq Universiteti və İran İslam Respublikası səfirliyinin Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən mərasim Hacı İlkin Həsənzadənin Quran tilavəti, Ramazan və iftar duası ilə başlayıb. Sonra məclisin aparıcısı Məşədi Vidadi Qurbanov əlamətdar günlər haqda məlumat verib təşkilatçılara iştirakçılar adından minnətdarlığını bildirib. Gürcüstan Müsəlmanları İdarəsinin şeyx Hacı Ramin İgidov və müftilər Hacı Beqlar Kamaşidze və Hacı Yasin Əliyev, Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze məclis iştirakçılarını salamlayıb, İmam Həsənin (ə) mübarək təvəllüdü günü və Ramazan ayı münasibəti ilə təbrik, ürək sözləri və xoş arzularını bildiriblər. BGMİnin şeyxi çıxışı zamanı qeyd edib ki: “Ramazan ayında Allahın nemət süfrələri iftar zamanı bəndələrinin üzünə açıldığı kimi rəhmət, bərəkət və savab süfrələri də açıqdır”. O qeyd edib ki, “Quranın nazil olduğu və Cənnət cavanlarının sərvərinin təvəllüdü olan bu ay bizə eyni zamanda Peyğəmbərimizin (s) iki əmanətinə sadiq qalmağı (Quran və Əhlibeyt) xatırlatmaqdadır”. Məclis iftar süfrəsi ətrafında Məşədi Ramin və Məşədi Səidin ifasında könülə oxşayan dini ilahilərlə sona çatıb. Oxşar xəbərlər
|