İmam-cümə, Hacı Rasim Məmmədov: İslam Peyğəmbərinin (s) insan həyatında örnəy və nümunə olmasından danışdı (Foto)
Ahlibeyt.ge xəbər verir ki, bu gün Marneuli İmam Əli (ə) məscidində Əhli-Beyt (ə) Cəmiyyətinin sədri, imam-cümə, Hacı Rasim Məmmədovun imaməti ilə Cümə namazı qılındı.
Hər zaman olduğu kimi İmam-cümə, cümə namazından əvvəl əxlaqi və ictimai olmaq üzrə iki xütbə söylədi.
İmam cümə Allaha həmd-səna, Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ə salam və salavatdan sonra bir daha özünü və möminləri İlahi təqvaya dəvət etdi.
İmam-cümə birinci xütbəsində, İslam Peyğəmbərinin (s) insan həyatında örnəy və nümunə olmasından danışdı.
İmam cümə bildirib: Bizim necə yaşamağımız üçün örnəyə “ideal”a ehtiyacımız var. Örnəyin insan hayatındakı rolu danılmazdır. Xüsusən, gənc və cavanlarda bu ehtiyac özünü daha çox büruzə verir. Görürsən biri özünü filan idmançıya bənzədir, biri hansısa kino aktyora oxşadır saçını onu kimi düzəltdirir, geyimini onu kimi geyinir və s... Demək olar ki, bu xüsusiyyət insanın fitri xüsusiyyətidir. Buna görə də bu məqamda insan çaşmasın deyə, Allah kamil bir nümunə tanıtdırır.
Quranı Kərim özü dəfələrlə Peyğəmbərin (s) şəxsiyyətidən söhbət açıb və Həzrətdən (s) örnək götürməyə çağırıb.
Peyğəmbərin (s) yaşam tərzinin əsas xüsusiyyəti, Allahın onu bəyənib, ondan razı olmasıdır.
Peyğəmbərin (s) özünün şəxsiyyəti insanların İslama cəzb olunmasında müstəsna təsir bəxş edir.
Ona görə də İslam düşmənləri Peyğəmbərin (s) uca şəxsiyyətini ləkələmək üçün hər cür işə əl atırlar.
Peyğəmbər (s) nəinki dünyada, hətta müsəlmanların içində belə məzlumdur. Çünki müsəlmanlar, Peyğəmbəri (s) təmsil edənlər lazımi qədər o Həzrəti tanımırlar.
Biz İmam Əlini (ə) və digər məsumları Peyğəmbərə (s) bərabər tutmuruq və deyirik: Onların fəziləti Peyğəmbərin dininə xidmət göstərməklərində və o Həzrətin (s) yoluna sadiq olmaqlarında idi. -deyə qeyd edib.
İmam-Cümə hacı Rasim Məmmədov ikinci xütbəsində İslam Peyğəmbərinin (s) digər peyğəmbərlərdən üstün olmasından danışdı.
İmam cümə bildirib ki: Allah insanların hidayəti üçün 124 min peyğəmbər göndərib və bu peyğəmbərlərin hamısı dərəcə baxımından eyni deyil.
İslam Peyğəmbərinin gətirdiyi din və təlim digər peyğəmbərlərin gətirdiyindən daha dolğun, daha əhatəli və daha dərin olduğuna görə, O (s), peyğəmbərlərin ən üstünü ən fəzilətlisidir.
O, peyğəmbərlərin tamamlayıcısıdır. Əgər ondan üstün bir şəxs olsaydı, Allah onun vasitəsi ilə nübuvvəti xətm edərdi.
Yəni Qurani Kərim ən kamil kitab və (bəşərin anlaya biləcəyi) ən üstün söz olduğuna görə onu gətirən peyğəmbər, Həzrəti Muhəmməd Mustafa (s) peyğəmbərlərin ən uca məqamlısıdır.
Peyğəmbər (s) buyurur: “Mənim elə hallarım olub ki, Allah ilə vasitəsiz danışmışam, bu iş nə bir məlaikəyə, nə bir peyğəmbərə qismət olmayıb. Allah ilə elə
hallarım olur insanların əqli bunu dərk etməkdən acizdir”.
1.Merac hadisəsi.Heç bir peyğəmbərə və heç bir insana merac nəsib olmayıb.
2.Peyğəmbərin qəlbinin əzəməti.Yəni peyğəmbərin əzəməti onda idi ki, Allahın ağır adlandırdığı əmanəti qəbul edə bildi.
Məlumdur ki, biz Peyğəmbəri (s) olduğu kimi tanıya bilmərik, lakin öz mərifətimiz qədər tanımağa çalışmalıyıq.
Doğrudur insan çeşmənin suynun hamısını içə bilməz, lakin öz susuzluğunu yatırtmaq qədər istifadə edə bilər. -deyə qeyd edib.