GÜRCÜSTANIN BAŞ NAZİRİ TBİLİSİ CÜMƏ MƏSCİDİNDƏ OLUB (FOTO)
Ahlibeyt.ge xəbər verir ki, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili ötən gün müqəddəs Qurban bayramı münasibəti ilə Tbilisi “Cümə” məscidində olub.
Baş nazir bütün müsəlmanları müqəddəs bayram münasibəti ilə təbrik edib, onlara bolluq və firavanlıq, sağlam həyat, sülh və əminamanlıq arzulayıb. G.Kvirikaşvili məscidə toplaşanlara müraciət edərək deyib: “Qurban bayramı paklıq, kimsəsizlərə, imkansızlara, ehtiyacı olanlara yardım bayramıdır. Çox şadam ki, bu gün sizinlə bir yerdəyəm və bayramı sizin həmvətənlilərimlə birgə qeyd edirəm”. Gürcüstan dövlətinin möhkəmlənməsində və inkişafında müsəlman əhalinin rolunu xüsusi qeyd edən və dövlətin bunu yüksək qiymətləndirdiyini vurğulayan Baş nazir deyib: “Gürcüstan dövləti də sizin qayğınıza qalmalıdır, qalır və qalacaqdır". Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi, hacı Ramin İgidov öncə Gürcüstanda, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan müsəlmanları müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, Allahdan onların dualarının, kəsilən qurbanların qəbul olunmasını dilədikdən sonra Gürcüstanım hökümət başçısına minnətdarlıq edib, dövlət tərəfindən son zamanlar göstərilən diqqət və qayğını yüksək qiymətləndirib. GMİ-nin müftiləri Bekler Kamaşidze, Yasin Əliyev, “Gürcüstan” qəzetinin baş redaktoru İslam Əliyev çıxış edərək göstərilən diqqət və qayğıya görə Gürcüstan hökumətinə və şəxsən Baş nazir G.Kvirikaşviliyə təşəkkür ediblər. Çıxış edənlər Gürcüstanda yaşayan azərbaycanlıların və digər müsəlmanların bundan sonra da dövlətin möhkəmlənməsinə və inkişafına xidmət edəcəklərinə əmin olduqlarını bildiriblər. Sonda Baş nazirə və keçmiş yardımçısına din rəhbələri tərəfindən hədiyyələr təqdim olunub. Görüş sonrası Baş nazir məscididə çay və şirniyyat süfrəsi ətrafında din xadimləri, Azərbaycan, Türkiyə və digər müsəlman ölkələrinin səfirləri ilə bir araya gəlib. /Xətayi Əzizov/ Oxşar xəbərlər
|