Peyğəmbər (s) bəşəriyyətin ən üstündür
Mьəllif: admin1
Tarix: 3-10-2023, 10:10
Bizim necə yaşamağımız üçün örnəyə “ideal”a ehtiyacımız var. Örnəyin insan hayatındakı rolu danılmazdır.
Xüsusən, gənc və cavanlarda bu ehtiyac özünü daha çox büruzə verir. Görürsən biri özünü filan idmançıya bənzədir, biri hansısa kino aktyora oxşadır saçını onu kimi düzəltdirir, geyimini onu kimi geyinir və s... Demək olar ki, bu xüsusiyyət insanın fitri xüsusiyyətidir. Buna görə də bu məqamda insan çaşmasın deyə, Allah kamil bir nümunə tanıtdırır. İlahi şəxslərin həyatından örnək və nümunə götürmək üçünsə onların həyatından ümumi şəkildə tanışlıq kifayət deyil, gərək xüsusi şəkildə öyrənək. Quranı Kərim özü dəfələrlə Peyğəmbərin (s) şəxsiyyətidən söhbət açıb və Həzrətdən (s) örnək götürməyə çağırıb. İmam Zeynul-Abidin (ə) buyurur: “Bilin ki, Allah yanında ən xoşa gəlməz insan bir (İlahi) rəhbərin davamçısı olub, lakin onun yaşam tərzini davam etdirməyəndir”. Əgər biz peyğəmbərin yaşam tərzini yaxşı tanımasaq onu necə davam etdirə bilərik? Peyğəmbərin (s) yaşam tərzinin əsas xüsusiyyəti, Allahın onu bəyənib, ondan razı olmasıdır. Buna görə də o Həzrətə (s) əminliklə tabe olmaq olar. وَإِنَّكَ لَعَلَىٰ خُلُقٍ عَظِيمٍ "Həqiqətən, sən (bütün insani əxlaq fəzilətlərinin cəm olduğu) böyük bir əxlaqa maliksən". (“Qələm”4 ) İslam Peyğəmbərinin (s) qələbə və nailiyyətlərinin əsas amillərindən biri o Həzrətin (s) əxlaqi cazibəsi idi. İnsani dəyərlər və əxlaqi keyfiyyətlər Peyğəmbərdə (s) o qədər yüksək idi ki, hətta ən inadkar düşmənlər belə təsir altına düşüb təslim olurdular, dostlar isə o Cənaba (s) aşiq olurdular. Alimlərimiz bunu Peyğəmbərin (s) əxlaqi möcüzəsi hesab edirlər. İslam Peyğəmbərinin (s) “husnul-xulq”u və gözəl əxlaqı: - Əfv və güzəşti, - Atifə və mehribançılığı, - İsar və fədakarlığı, Ümumiyyətlə digər əxlaqi keyfiyyətləri haqqda o qədər hədislər nəql edilib ki, bir məclisdə onların hamısını danışıb qurtarmaq mümkün deyil. Lakin qeyd etdiyimiz ayənin təfsirində Həzrət İmam Hüseyndən (ə) nəql olunmuş bir hədisi əziz oxuculara çadırıram. İmam Hüseyn (ə) buyurur: Atam Əlidən (ə) Peyğəmbərin (s) həyat tərzi və əxlaqından soruşdum. Atam mənə çox geniş cavab verdi. O hədisin bir hissəsi belədir. - Oturub durduğu şəxslərlə daim 1. Xoş və üzügülər 2. Mülayim davranışlı idi 3. Daş ürəkli deyildi (mərhəmətli idi) 4. Dili ilə heç kəsi acılamazdı 5. Heç kəsin eybini axtarmazdı 6. Yaltaqlıq etməzdi 7. Heç kəsi məyus etməzdi 8. Onun qapısına gedən namid (əliboş) qayıtmışdı 9. İlahi savaba ümidvar olduğu şeylərin haqqında danışardı 10. Danışan adam (həddini aşmasa) öz sözünü bitirməmiş onun sözünü yarımçıq kəsməzdi... (O Həzrət (s)) Üç şeyi özündən uzaqlaşdırmışdı: 1. Mübahisə və cidal etməyi 2. Sözdə uzunçuluq etməyi (moizələri də çox qısa və dərin məzmunlu idi) 3. Ona aid olmayan işlərə müdaxilə etməzdi Üç xüsusiyyətdən də camaatın haqqında uzaq idi: 1. Heç kəsi qınamazdı 2. Heç kəsi danlamazdı 3. Camaatın xəlvətdə olan eyb və səhvlərini axtarmazdı. Həzrəti Əli (ə) həqiqətdə sözlə peyğəmbərin portretini çəkib, insanların gözündə o həzrəti canlandırıb. İslami rəvayətlər həm Peyğəmbərin (s) şəxsən özü və həm müsəlmanların (əxlaqi) vəzifələri haqqda çoxdur. Peyğəmbər (s) buyurub: Mən əxlaqi fəzilətləri (dəyərləri) mükəmməlləşdirmək üçün peyğəmbərliyə seçildim. Yəni Allahın peyğəmbər göndərməkdə ən əsas məqsədlərindən biri insanları İslam əxlaqı ilə tərbiyələndirməkdir. Ona görə Həzrət Rəsuləllah (s) buyurur: "Mömin “hüsnu xulq” (gözəl əxlaq) ilə gecələri ibadət edib, gündüzləri oruc tutan şəxsin dərəcəsinə yüksələ bilər". Yenə o Həzrət buyurur: “Qiyamət günündə əməllər ölçüləndə gözəl əxlaqdan ağır heç nə olmayacaq”. Həmçinin Rəsuləllah buyurur: “Allah yanında sizin ən sevimliniz əxlaqı daha gözəl olanınızdır. Onlar təvazökar və xalq ilə qaynayıb qarışanlardır. Sizin Allah yanında ən çox qəzəb olunmuşlarınız o kəslərinizdir ki, söz gəzdirib qardaşların arasını vurur, günahsız şəxslərin (xəlvətdə olan) səhvlərini axtarmaqla məşğuldular”. İmam Baqir (ə) buyurur: "Möminlərdən kimin əxlaqı daha gözəldirsə, onun imanı daha kamildir". Allah bizə Həzrəti Muhəmmədi (s) örnək olaraq göstərir. O şəxs ki, hətta peyğəmbərliyindən öncə də nümunəvi bir insan idi. Rəsuləllahın (s) özünün şəxsiyyəti İslamın təbliğində çox mühüm rol oynayırdı. Tarixdə var ki, Peyğəmbər (s) bir gün camaatı İslama dəvət etmək üçün Səfa dağına çıxmışdı, buyurdu: Ey camaat, siz məni tanıyırsınız, indiyə qədər danışığımda yalana yol verməmişəm ki? Dedilər: Xeyr, sən həmişə doğru danışıbsan. Peyğəmbər (s) buyurdu: İndi desəm bu dağın arxasında qoşun var və sizə hücum etmək istəyir siz nə edərsiz? Dedilər: Sən desən inanarıq və silahlarımızı götürüb düşmənlə döyüşmək üçün hazırlaşarıq. Peyğəmbər (s) buyurdu: Mən sizə deyirəm ki, Qiyamət var. Yəni Peyğəmbərin (s) özünün şəxsiyyəti insanların İslama cəzb olunmasında müstəsna təsir bəxş edir. Ona görə də İslam düşmənləri Peyğəmbərin (s) uca şəxsiyyətini ləkələmək üçün hər cür işə əl atırlar. O cümlədən o Həzrətin (s) adından kitab yazıb saxta hədislər nəql etmək, təhqiredici film və karikaturlar çəkmək, televiziya və mətbuatda o Həzrətin (s) əleyhinə əks təbliğat etmək. Peyğəmbər (s) nəinki dünyada, hətta müsəlmanların içində belə məzlumdur. Çünki müsəlmanlar, Peyğəmbəri (s) təmsil edənlər lazımi qədər o Həzrəti tanımırlar. Doğrudur, bir zaman Əhli-beyt (ə) məzlum olduğuna görə onların haqqı zay olmasın deyə alimlərimiz o məsumlarımızdan daha çox danışıblar. Lakin unutmamalıyıq ki, onların hamısının dəyəri Peyğəmbərin (s) xidmətində olduqlarına görədir. İmam Əlinin (ə) fəziləti ondaydı ki, peyğəmbərə xidmət etmişdi, peyğəmbərin yerinə yatmışdı, özünü peyğəmbərə fəda etmişdi “Mən fəxr edirəm ki, peyğəmbərin qullarından bir qul və xidmətçiyəm”. İmam Hüseyn (ə) buyurur: “Əgər cəddim Məhəmmədin (s) dini yalnız mənim öldürülməyimlə yaşayacaqsa, ey qılınclar doğrayın məni!” Peyğəmbərin (s) ustadı Allah taala özüdür. İmam Əlinin (ə) ustadı Peyğəmbər (s) arada olan fərqə bax! Həzrəti Əliyə (ə) Allahın aslanı, Heydəri Kərrar... deyirik, lakin həmin imam buyurur – döyüşün qızğın anında, iki qoşun üzbəüz gəldiyi an biz hamımız Allahın rəsuluna sığınardıq. Düşmənə o Həzrətdən (s) daha yaxın heç kəs olmazdı. Qoy bilsinlər ki, biz İmam Əlini (ə) və digər məsumları Peyğəmbərə (s) bərabər tutmuruq və deyirik: Onların fəziləti Peyğəmbərin dininə xidmət göstərməklərində və o Həzrətin (s) yoluna sadiq olmaqlarında idi. Əhli-beytin (ə) bütün fəziləti Peyğəmbərin (s) başına pərvanə kimi dolanmaqlarında idi. İmamcümə Hacı Rasim Məmmədov Ahlibeyt.ge Oxşar xəbərlər
|