Rəcəb ayının fəzilətli əməlləri
Bu ayın özünəməxsus bir çox fəzilət dolu əməlləri var:
1. Sədəqə vermək. Həzrət Əli (ə) buyurur: “Hər kəs Rəcəb ayında sədəqə versə, Allah-taala onu elə əzizləyib ikram edər ki, nə göz görüb, nə qulaq eşidib, nə də bir insanın qəlbinə daxil olub (xəyalına gəlib).” Bu sözləri Həzrət Əli (ə) deyir, hansı ki, özü belə işlərin zirvəsindədir, haqqında ayə nazil olub. 2. Qüsl etmək. Rəcəb ayının əvvəl, orta və axır günündə qüsl etmək müstəhəbdir. Hədisdə buyurulur: “Hər kəs bu işi görsə, günahların bağışlanmasına səbəb olar.” 3. Gün ərzində 1000 dəfə “İxlas” surəsini oxumaq. Hədisdə buyurulub: “Hər kəs Rəcəb ayında, ay ərzində 1000 dəfə “İxlas” surəsini oxusa, Allah həmin şəxsə 1000 peyğəmbərə və 1000 mələyə verdiyi əcr və savab qədər savab verər”. (Əlbəttə, 100 və 10000 dəfə də deyilib) 4. İstiğfar etmək və Allahdan bağışlanma istəmək. Rəcəb ayında əməllərin ən fəzilətlisi istiğfar və Allahdan bağışlanmaq istəməkdir. Hədislərdə buyurulduğuna əsasən Allah tərəfindən bu ay bəndələrin bağışlanmasına məxsus edilibdir. Ənəs ibn Malik Peyğəmbərin (s) belə buyurduğunu nəql edir, o Həzrət (s) buyurur: “Rəcəb Allahın, Şəban mənim, Ramazan ümmətin ayıdır”. Soruşdular: “Ya Rəsulallah! “Rəcəb Allahın ayıdır” sözünün mənası nədir?” Buyurdu: “Çünki bu ay məğfirət üçün məxsuslaşdırılıb”... Başqa bir hədisdə Peyğəmbər (s) buyurur: “Bu aya istiğfarla daxil olun”. Bu ayın sübhündə və axşamında (gün ərzində) 70 dəfə: “Əstəğfirullahə rəbbi və ətubu iləyh” zikirini demək çox təkid olunub. Özümüzü danlayaq, çünki insan özünü danlamaqla islah olur. Rəcəb ayının adlarından biri də “Asəbb”dir. Asəbb suyun yuxarıdan aşağı tökülməsinə, leysan yağışına deyilir. Allahın Rəhməti bu ayda insanların üzərinə sanki yağış kimi yağdığına görə bu aya “Asəbb” adı verilmişdir. İmam Sadiqdən (ə) nəql edilən bir hədisdə deyilir ki, Rəsuli-Əkrəm (s) buyurub: "Rəcəb mənim ümmətim üçün bağışlanmaq ayıdır. Bu ayda istiğfar edin (tövbə edin və bağışlanmaq diləyin), çünki Haqq-taala bağışlayan və rəhmlidir. Rəcəb ayına "Asəbb" də (dolu, mükəmməl) deyilir, çünki bu ayda mənim ümmətimin üzərinə çox rəhmət yağar". O halda bu zikri çox söyləyin: "Əstəğfirullahə və əsəluhut-təvbə" (Allahdan bağışlanma və tövbə diləyirəm). İmam Kazim (ə) buyurur: “Rəcəb” cənnətdəki çeşmələrdən birinin adıdır. Onun suyu süddən daha ağ, baldan daha şirindir. Hər kəs bu ayda bir gün oruc tutsa, o şəxs Qiyamətdə o su ilə sirab ediləcəkdir”. 5. Oruc tutmaq. Bu ayda oruc tutmağın da xüsusi savabı var. Həzrət Rəsuli-Əkrəmdən (s) nəql edilən bir hədisdə belə buyurulur: "Rəcəb Allahın böyük ayıdır. Heç bir ay hörmət və fəzilətdə bu aya çata bilməz. Bu ayda kafirlərlə döyüş haramdır. Bunu bilin ki, rəcəb Allahın ayı, şaban mənim ayım, və ramazan ümmətimin ayıdır. Kim rəcəb ayının bir gününü oruc tutsa, Allahın razılığını qazanmış olar. Allahın qəzəbi ondan uzaqlaşar və cəhənnəm qapılarından biri onun üzünə bağlanar." İmam Museyi Kazimdan (ə) belə rəvayət edilir: "Kim rəcəb ayında bir gün oruc tutsa, cəhənnəm atəşi birillik məsafədə ondan uzaqlaşar. Kim üç gün oruc tutsa, cənnət ona vacib olar." İbn Babəveyh, Salimdən belə rəvayət etmişdir: "Rəcəb ayının sonuna bir neçə gün qalmış İmam Sadiqin (ə) yanına getmişdim. Məni görən kimi belə buyurdu: "Ey Salim! Bu ayda oruc tutdunmu?" "Xeyr, vallah, – dedim, – ey Rəsulallahın oğlu!” İmam (ə) belə buyurdu: "O qədər savab itirmisən ki, miqdarını ancaq Allah bilər. Bu, Allahın üstün etdiyi və hörmətini ucaltdığı bir aydır. Bu ayda oruc tutanlara ikram və bağışlamağı özü vacib etmişdir”. Salim deyir: "Ey Rəsulallahın oğlu, mən əgər rəcəb ayının qalan günlərini oruc tutsam, bu ayda oruc tutanların savabının bir qisimini əldə etmiş olaram, – deyə soruşduğumda O, belə buyurdu: – Ey Salim! Kim bu ayın axırında bir gün oruc tutsa, ölüm anındakı narahatlıqlardan, ölüm sonrasının vəhşətindən və qəbir əzabından xilas olar. Kim bu ayın axırında iki gün oruc tutsa, Sirat körpüsündən asanlıqla keçər. İmamcümə Hacı Rasim Məmmədovun cümə xütbəsindən bir parça. Oxşar xəbərlər
|