"Tiflisi" nisbəli (imzalı) mühəddis
Mьəllif: admin1
Tarix: 7-04-2017, 18:03
Bir axşam imam Məhdi (ə.f) barəsindəki hədisləri incələyərkən, "Tiflisi" nisbəli mühəddis (hədis nəql edən şəxs) gözümə sataşdı.
Bu kəlimə Gürcüstanda doğulub, böyüyüb, boya-başa çatan bir şəxs kimi mənim də diqqətimi cəlb etdi. Əgər ifadə düzgün yazılmışdırsa, buradan yola çıxaraq Gürcüstanda böyük bir İslam mədəniyyətinin olduğunu düşünməyə əsas verirdi. Bu mühüm "tapıntı" mənə rahatlıq vermir, günlərim bu barədə fikirləşməklə və necə araşdırma aparacağımı pılanlaşdırmaqla keçirdi. Çünki mütaliə etdiyim müxtəlif kitablarda, xüsusilə də çoxu ərəb dilində olan mənbələrdə minlərlə sözün arasından "Tiflisi" sözünün sirrini tapmaq istəyirdim! Sovet dönəmində buradakı soydaşlarımıza dini inancına görə belə təlqin etmişdilər ki, siz müsəlmanlar Gürcüstanda yerli əhali deyilsiniz. Bizim müsəlman olaraq buradakı yaşam tariximizin XV-ci əsrdən sonrakı dövrə təsadüf etdiyini bildirirdilər. Amma mən düşünürdüm ki, bu bir kəliməlik imza, tarixin illərdir gizli qalan sirrini aşkar edər və Qafqaz müsəlmanları üçün, İslam Peyğəmbərini (s) və onun Əhli-beytini (ə) sevənlərin əlində mühüm dəlil ola bilər. Amma, bunu sübuta yetirəcək elə sanballı elmi mənbə tapmalı idim ki, o, qədimdə və İslamın ilk dövürlərində İraq, Hicaz və İranda "Tiflisi" imzalı və təxəllüslü mühəddislərin mövcudluğunu, onların Peyğəmbərin (s) Əhli-beytinə (ə) bağlı olmalarını sübut edə bilsin. Bir tərəfdən bu yeniliyi tədqiq etmək istəyim, digər tərəfdən araşdırma aparmaq üçün əldə lazımlı mənbələrin olmaması, məni tezliklə İslam dünyasının elm mərkəzlərindən olan Qum şəhərinə getməyə sövq etdi. İllər öncə Qum şəhərində İslam maarifini mənimsəməklə məşğul olduğum tələbəlik dövründə öyrənmişdim ki, bu şəhər Əhli-beyt (ə) tərəfdarlarının və həzrət Məsumənin (s.ə) ora hicrəti nəticəsində yaranıb. Yəni əslində Qum şəhərinin təməlini Əhli-beyt (ə) ardıcılları – mühəddislər qoyublar. Vətənim – Gürcüstan, onun paytaxtı da Tiflis şəhəridir. İmam Məhdinin (ə.f) 313 nəfər xüsusi sərkərdələrindən bir neçəsinin (1, 3, 5 nəfər) doğulacağı torpaq! Fikirləşirdim ki, görəsən Qum ilə Tiflis arasında hansısa bir bağlılıq tapmaq mümkündürmü? Bu şəhərlərin bir-biri ilə tarixdə kökü qədim zamana gedib çıxan mənəvi əlaqə körpüsü olmuşdurmu? Bu barədə tərəddüdlər içində qalmaqla, yenə də özümü bir Tiflisli bilərək Qumda "Tiflisi"ləri axtarmaq qərarına gəldim. Tarixi mənbələr əsasında aparılan bu araşdırmamda, tarixin müxtəlif sahələrini, xüsusən də İslam tarixi, məsumların həyat yolu, rical, hədis və sairə dini elmi aspektləri necə əhatə edib əlaqələndirəcəyimi konseptual olaraq cızmağa başladım. Araşdırmamın ilk günlərində işin ağırlığı ortaya çıxmışdı. Belə ki, Gürcüstanda önümə çıxan həmin ilk "Tiflisi", burada artıq qarşıma çıxan beş nəfər Tiflisi ilə də tədqiqatın dərinləşdirilməsini tələb edirdi. Hələlik onları da məchul və tarixdə izləri az qalmış Tiflisilər sırasına daxil etmişdim. Müqəddəs Məhərrəm ayı və Aşura günlərinə hazırlıq işləri gedirdi. İmam Hüseyn (ə) və onun səhabələrinin şəhadət ayı yaxınlaşmaqda idi! Bütün müsəlmanların Peyğəmbər (s) Əhli-beyti (ə) ətrafında bir-birinə yaxınlaşmasına səbəb olan Məhərrəm ayı! Məhz bu ay mənim və mənə dəstək göstərən araşdırmaçıların nicat gəmisi oldu. Biz "Tiflisi"lərin (Tiflislilərin) "aşiqi" olmuşduq. Çünki İslamın yaranmasından təqribən üç yüz il sonra yaşamış mühəddislərin arasında onların adını axtarırdıq. Lakin İmam Hüseyn (ə) məclislərinin birində müzakirələrimiz zamanı belə bir təklif yarandı ki, nə üçün biz müsəlman Tiflisilərin adını İslamın yaranmasının ilk onilliklərində axtarmırıq? Şübhəli düşündüm ki, hicrətin təxminən III-cü əsrində çətinliklə tapılmış Tiflisi mühəddisdən sonra birbaşa I əsrə, həm də həzrət Peyğəmbərin (s) dövrünə yaxın bir dövrə getmək nə dərəcədə doğru idi? Beləcə Tbilisi şəhərində İmam Hüseyn (ə) məclisində "Tiflisi" adlı bir mühəddisin əsrlərin toz-dumanına qarışmış izi, məni həzrət Peyğəmbər (s), İmam Əli (ə), İmam Həsən (ə) və İmam Hüseyn (ə) səhabələri olan başqa bir Tiflisinin ünvanına gətirib çıxartdı. Xülasə, işdə irəliləyişlərin baş verməsi və əldə edilən məlumatlar, yeni namizədlər sonda bizim hamımızda mühəddis və Əhli-beyt (ə) ardıcılı olan Tiflisilərin İslam tarixində həqiqi bir "imza" olması qənaətini yaratdı. Bundan sonra Tiflisilərin keçmiş və gələcəyi barəsindəki dağınıq hədislər, sistemli şəkildə bir yerə toplandı. Onların arasında Qum və Kufə kimi qədim müsəlman şəhərləri ilə Tbilisini eyni sıraya qoyan, həmçinin Tbilisi şəhəri və Tiflisilərin parlaq gələcəyindən xəbər verən hədis də var idi. Onun gələcəyinin parlaq olmasını şərtləndirən amil Gürcüstanda İslam, xristianlıq və yəhudiliklə bahəm bütün səmavi dinlərin müştərək inancı olan "Vahid Xilaskar"ın müstəsna rolunun olmasıdır. Çünki bəzi hədislərdə həzrəti Məhdinin (ə.f) 313 nəfər xüsusi yardımçılarından bir neçəsinin Tiflisdən olcağı qeyd edilib... Hacı Rasım Məmmədov / Gürcüstanda İslam Tarixi Ahlibeyt.ge Oxşar xəbərlər
|