YAĞLICADA QƏRİB MƏZAR VAR
YAĞLICADA QƏRİB MƏZAR VAR
Bir ilıq yaz əyyamında yolum düşdü Yağlıcaya, Xırda təpə üzərində bir məzara baş çəkməyə. Könüllərdə məqam tutub bənzəri var Əlincəyə, Yavaş-yavaş daxil oldum hasarından içəriyə. Düşüncələr qanad açdı, könül quşu çıxdı seyrə, Keçmişləri vərəqləyib cəhd elədi bir şey görə. Kimdi bu qərib məzarda uyuyan Allah vəlisi? Ona nəzir eyləyənlər qayıdar əli dolusu. Haqq yolunda şəhiddirmi, ya dərvişmi, ya arifmi? Ya son dini təbliğ edən haqq carçısı bir xətibmi? İsminə Pir Sultan yaxud, Sultani-Qeys söylədilər, Sultan kimdir, Qeys kimdir? – soruşdum, çiyin çəkdilər. Qocaların xatirəsi yarama məlhəm olmadı, Dəryasına bu məzarın qəvvas ruhum dalammadı. Deyirlər ki, bir vaxt olub Rusiyadan namə gəlib, Ol namədən irsimizə sağalmaz sədəmə gəlib. Bu məzarın üzərində olan qədim baş daşına, Toxundu xain əlləri, qəbir qaldı boş-boşuna. Salnamənin sinəsində bir daş kitabəsi idi, O günlər sahibi-qəbrin matəmiydi, yası idi. Ruhu da üz tutub bizə iki əlli: – Kömək! – dedi, Qalx! Mənəvi irsimizi belə itirməyək! – dedi. Bir zamanlar məşhur olan – məlum olan cənnət-məkan, Çağdaş nəsil üçün olub naməlum, məxfi bir insan. Son zamanlar öyrənmişəm kimliyini bu insanın, Onun ismi Qeys ibn Übadədir – Ənsar – tanı. Həm Peyğəmbər səhabəsi, həm imamlar sirdaşıdır, Borçalının şərəfidir, tacındakı daş-qaşıdır. Gəl atmayaq irsimizə təpiklə daş – gəl dayanaq, Atalar da deyib: “Bizi gələcək topa tutacaq”. Gəl, əl-ələ verək, əziz yurdumun qeyrətli oğlu, Saf qanımız türk qanıdır, qəlbimiz İslama bağlı. Hər türbənin, hər qəbirin, məscid, minarə, günbəzin, Bilək qədir-qiymətini, qucaqlayaq həzin-həzin. Ən azından öz evimiz bilək hər qala, divarı, Körpülərdi, hərəmlərdi bu millətin dövlət-varı. Yekun sözüm: əzizlərim, istəyirikmi yaşamaq? Saxlayaraq simamızı, əğyara olmayaq yamaq. Tiflisdə Nəbatat bağı, Quşçuda var qədim qalam, Qoçulu kəndində, gəl, bax, vüqarlı igidim qalam. Kolayırın qalasının bürclərinə qalxan bilər, Comərdlərin ürəyində torpağa var necə təpər. Dəmirçihəsənli əhli – qəbirləri yan-yanadır, Baş daşları əyilsə də yıxılmayan mərdanədir. Candarda Çinar günündə toplaşanlar bilirmi ki ? Burada cüt qəbir olub, lakin itkin düşüb kökü. Əvvəl özümüz tanıyaq bu yerləri, sonra sevək, Bizdən sonra gələnlərə həm tanıdaq, həm sevdirək. Evimizin divarını bəzəsin məscid, qalamız, Səhər-axşam bu təsvirə nəzər etsin ev əhlimiz. Sələfimiz görməyəni xələflərə təbliğ edək, Bir gün qəbrimiz üstündə Fatihə, rəhmət eşidək. Yaşatmasaq heç olmasa bizə çatan az mirası, İnanın ki, bir vaxt çatar bizə lənətin sədası, Məhşər günü üzü qara, baş aşağı niyə duraq? Bax bu gündən hər türbəyə, hər qəbirə gedək qonaq. Rizvanın da göz yaşları ürəyindən versin soraq, Hər məzarın sinəsində yandıraq bir nurlu çıraq. Hacı Rizvan İsmail Ahlibeyt.ge Oxşar xəbərlər
|