İmam Hüseyn (ə) məclisi qurub, əzadarlıq keçirmək bizim müsəlmançılıq borcumuzdur
İmam Hüseyn (ə) məclisi qurub, əzadarlıq keçirməyin əhəmiyyətindən danışmaq üçün “Zümər” surəsinin 73-cü ayəsindən başlamaq istəyirəm.
Bu ayəni çox maraqlı təfsir edən böyük təqlid mərcəsi Ayətullah Seyid Bəşir Nəcəfi deyir: "Neçə il idi ki, "Zümər" surəsinin 73-cü ayəsinin məna və təfsiri məni özünə məşğul etmişdi. Özümdən soruşdum: nə üçün möminləri "cənnətə tərəf çəkərlər" ifadəsi işlənilmişdir? Bütün kitablara və təfsirlərə baxdım, amma bir cavab tapa bilmirdim. Nəhayət, bir gün “Biharul-ənvar”da İmam Sadiqdən (ə) nəql olunmuş bir rəvayət gördüm. Rəvayətdə İmam Sadiq (ə) buyurur: “Seyyidüş-şühəda İmam Hüseynin (ə) dostları və möminlər Qiyamət günü Allahdan istəyərlər ki, cənnətə daxil olmazdan öncə mövlaları Hüseynlə (ə) görüşsünlər. İmam (ə) öz sevərlərinin görüşünə gələr və bu görüş çox uzanar. Hər iki tərəf bir-birinə baxar və heç bir tərəf qarşı tərəfdən gözünü çəkməz. Nə İmam (ə) öz sevərlərini buraxar və nə də Seyyidüş-şühədanın (ə) dostları öz mövlalarından könül üzərlər. Görüş o qədər uzanar ki, Allah cənnət məmurlarına buyurar: “Bu görüşə son qoymaq üçün bu möminləri və Hüseynimin dostlarını cənnətə tərəf çəkin”. İmam Hüseyn (ə) məclisi qurub, əzadarlıq keçirmək bizim müsəlmançılıq borcumuzdur. Belə nəql edirlər: İmam Hüseyn (ə) şəhid olan an dodaqlarına təbəssüm gəldi. Təbii ki, o gülüşün bir səbəbi Allah dərgahına qovuşması üçün idi. Lakin deyirlər ikinci səbəbi ona görə idi ki, o Həzrət (ə) bildi ki, onun adına qurulan məclislərdə çoxları tövbə edib özlərini düzəldəcəklər və Allah-taala o məclislərdə çoxlarını bağışlayacaq. Ona görə də İmam Hüseyn (ə) şad idi. Həzrəti Sadiq (ə) Musməə İraqiyə buyurdu: Hüseynə qəmlənib əza saxlamaq insanın 5 yerdə dadına çatacaq: 1) Axır saatlarında və can verdiyi anda. 2) Qəbrə qoyduqları anda. 3) Dəfn edib hamı qayıdandan sonra. 4) Məhşər günü. 5) Hesab zamanında. İmam Hüseyn (ə) qiyamının İslamı yaşatmağını da heç vaxt unutmamalıyıq!. Bəs “İmam Hüseynin (ə) qiyamı İslamı yaşatdı” necə anlamalıyıq, mənası nədir? Yaxud nə üçün İmam Hüseyn (ə) də özündən əvvəlki və sonraki İmamlar (ə) kimi səbir etmədi? Bu suallara bir cümlədə belə cavab vermək olar: “İmam Hüseyn (ə) bildi ki, əgər Yezid (l) xəlifə olsa, onda din bütövlükdə aradan gedəcək, müsəlmanlar İslamla vidalaşacaq". İmam Hüseynin (ə) o biri İmamlarla (ə) heç bir fərqi yoxdur, lakin İmam Hüseynin (ə) qarşılaşdığı şərait, zaman və zalim hakim çox fərqli idi. İmamcümə Hacı Rasim Məmmədov cümə xütbələrindən Ahlibeyt.ge Oxşar xəbərlər
|