Həccə getmək və ya həmin məbləği kasıblara vermək?
Mьəllif: admin1
Tarix: 6-11-2019, 11:19
Həccə getmək və ya həmin məbləği kasıblara vermək?
Dəyərli oxucu, bu suala cavab yazmadan əvvəl bir neçə sual verməyi düşünürəm, çünki bu suallar bəzi prizmalardan baxanlara düşündürücü cavab xarakterli suallardır.

Hamımız müsəlmanıqsa (təəssüf ki, bəzilərimizin ibadəti yoxdur), suallar hər birimizə aiddir və əlimizi vicadınımızın üzərinə qoyaq.

İtaliyanın Milan şəhərinə gəzməyə getməkmi, yoxsa kasıblara yardım etməkmi? Nabranda bir ay istirahət, yoxsa kasıblara əl tutmaq?

Sadəcə bir doğum gününə külli miqdarda pul xərcləmək, yoxsa kasıb xəstəyə yardım edərək yenidən həyata qayıtmasına səbəb olmaq?

Gördüyünüz kimi, il boyu yuxarda qeyd olunanları edənlərin sayı az deyil və hamısı müsəlmandır. Maraqlıdır, bəs bu, nə qədər gündəmə gətirilib? Başqa sözlə desək, kasıblara yardımla əyləncələrə xərclənən pullar nə qədər muqayisə olub?!

Lakin Həccə, yaxud ziyarətə getmək süni şəkildə o qədər gündəmə gətirilib, sanki möminlər böyük "günaha" mürtəkib olublar. İslam adına bilib-bilmədən sözlər və statuslar yazılaraq Həccə, yaxud ziyarətə “xərclədiyinizi kasıblara verin” deyilir.

Hətta möminlər bir növ haqsız təhqirlərə və tənqidlərə məruz qalırlar.

Əvvəlcə baxaq müqəddəs İslam dininin kasıblara tanıdığı imtiyaz və paylara:

1) Sədəqə
2) Fitrə zəkatı
3) Nəzir (Məscidə yığılan nəzirdən kasıblara xərclənmək icazəsi vardır)
4) Zəkat
5) Xums
6) Yardım fondları
7) Yaxşılıq ünvanında olan yardım və dəstəklər (gizlin şəkildə şəxsi edilən ehsan)

Gördüyünüz kimi, kasıblara bu 7 kateqoriyada əl tutulur. Hamısı da Allahın buyurduqlarına əsasəndir. Diqqət edilərsə, bunun da çoxuna, yaxud hamısına əməl edənlər elə hacılar, kərbəlayılər, möminlərdir və s. Əlbəttə, arzu olunan budur ki, kasıblara daha çox yardım edilsin, bu haqda məsumlardan (ə) çox sayda tövsiyələr var.

İslamda kasıblara yuxarıda göstərdiyim 7 imtiyaz və pay göstərildiyi halda, yalnız bir əmr – imkanı olan halda ömründə bir dəfə Həccə getmək əmri verilir.

Bu qədər yardım və yaxşılıq həqiqətlərini görməzdən gələnlər hansı insafla müsəlmanların həccini kasıba yardım bəhanəsi ilə sual altına aparmaq istəyirlər?!

Onu da qeyd edək ki, Həcc ziyarətində hacıların kəsdiyi qurbanların bir qismindən başqa geridə qalanı yenə ehtiyaclılara verilir.

Hörmətli oxucu, bilirsiniz ki, kasıblara yardım əmrini verən Allah ilə Həcc əmrini verən Allah eynidir. Sanki "Həccə getmək ya həmin məbləği kasıblara vermək" muqayisəsini edənlər Həccin Allah əmri olduğunu bilmirmiş kimi danışanlara qısa xatırlatma:

“Və insanları ümumi şəkildə (Allah evinin) həcc(in)ə çağır ki, (onlar sənin dəvətin nəticəsində Qiyamət gününə kimi) piyada və hər uzaq yoldan gələn arıq dəvələr üstündə sənə tərəf üz tutsunlar”. (“Həcc”surəsi, ayə 27).

“Onda (Allahın tovhid, hikmət və rəhmətindən) aşkar nişanələr (və həmçinin o nişanələrdən biri olan) İbrahimin məqamı vardır. Kim ora daxil olsa amandadır (amanda olmalıdır).

Allahın insanların – əlbəttə, ora getmək imkanı olan kəsin – boynuna düşən haqqı budur ki, o evə gedərək oranın Həcc əməllərini yerinə yetirsinlər. Kim nankorluq etsə, (bilsin ki,) həqiqətən, Allahın aləmdəkilərə ehtiyacı yoxdur”.
(”Ali-İmran”, ayə 97).

Allahın Peyğəmbəri (s): ”Əgər bir şəxs, ölüm gəlib onu haqlayanadək müxtəlif bəhanələrlə Həccdən boyun qaçırarsa, Qiyamət günü Allah-taala onu yəhudi ya xristian kimi dirildər”. (“Mizanul-Hikmət” – Həcc babı).

İmam Əlinin (ə) dünyadan köçərkən etdiyi vəsiyyətindən: “Sizi Allaha and verirəm! Sizi Allaha and verirəm! Rəbbinizin evinin haqqına riayət edin. Nə qədər ki, sağsınız, Həcci nəzərinizdən çıxarmayın. Əgər Həcc tərk olunarsa, sizlərə möhlət verilməyəcək”. (Həmin mənbə).

İmam Rza (ə): “Həcc nəyə görə əmr olunmuşdur?" soruşulduqda cavabında deyilməlidir: "Bunun səbəbi Allaha yaxınlaşmaq və ondan (nemətlərin) artımını istəmək, eləcə də, dini məsələlərdən agah olmaq və İmamların (ə) xəbərlərini hər tərəfə, hər yana çatdırmaqdır”. (Həmin mənbə).

İmam Sadiq (ə): “Mən, hər il özümü Həccə getməyə və ya ailəmdən bir nəfəri öz xərcimlə Həccə göndərməyə hazırlamışam" deyə müraciət edən İshaq ibn Əmmara: "Bu qərarında ciddisən?" – deyə soruşdu.

İshaq ərz edir: "Bəli."

İmam buyurur: “Bu işi görsən, var-dövlətinin artacağına əmin ol və sənə imkanlı olmağın müjdəsini verirəm”. (Həmin mənbə).

Sonda atalarımızın bir sözünü xatırlatmaq istərdim: “Qaş düzəltdiyi halda vurub göz çıxarılmaz”.

Bəzi vaxtlar unuduruq ki, imanımızda tovhid nuru, Peyğəmbər (s) və Əhli-beyt (ə) sevgisi o, cümlədən Həcc, Kərbəla olmazsa, bizdən heç öz qədrimizi bilən çıxmaz, nəinki kasıbların!

Allah ibadət, itaət və yaxşılıqlarınızı qəbul etsin!

Elçin Daşdanoğlu


Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031