Gürcüstanda 250-dən çox məscid fəaliyyət göstərir
Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze rəhbərlik etdiyi qurumun 2015-ci ildəki fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış edib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, Z. Vaşakmadze 2015-ci ildə dini icmalara 3,5 milyon lari həcmində yardım ayrıldığını deyib: “Bu il isə bu vəsait 4,5 milyon lari olacaq. Bu vəsaitin 2 milyon 200 mini Gürcüstan Müsəlmanları İdarəsinin fəaliyyəti üçün nəzərdə tutulub”. Z. Vaşakmadze çıxışında 2015-ci ildə dövlət tərəfindən Gürcüstan Müsəlmanları İdarəsinə Batumidə 4 mərtəbəli Din və Təhsil Mərkəzi və GMİ-nin nəzdində fəaliyyət göstərəcək yeni 2 mərtəbəli mədrəsə binasının hədiyyə olunduğunu bildirib. O qeyd edib ki, hazırda Batumidə fəaliyyət göstərən mərkəzi məsciddə əsaslı bərpa işləri başlanıb. Z. Vaşakmadze ölkədə 250-dən çox məscidin olduğunu, 79 məscidin şərqi və qərbi Gürcüstanda dövlət qeydiyyatından keçdiyini, həmçinin 35 məscidin gürcü müsəlmanlarına qaytarıldığını söyləyib. O, bundan sonra da məscidlərin qeydiyyatının davam edəcəyini vurğulayıb. Məruzədən sonra dini icmaların nümayəndələri çıxış ediblər. GMİ-nin şeyxi Ramin İgidov “Din haqqında” qanunun qəbul olunmasını istədiklərini diqqətə çatdırıb: “Bu qanun qəbul olunarsa, biz müsəlmanları narahat edən bir çox problemlərin həllini tezliklə həyata keçirəcəyik”. R. İgidov GMİ-nin nəzdində 85 məscidin fəaliyyət göstərdiyini də əlavə edib. Oxşar xəbərlər
|