İlahiyyatçi rəssam əsərini Bidzina İvanişviliyə bağışlayıb
Bidzina İvanişvili azərbaycanlı rəssamın "Açın mənə sərhədləri" adlandırdığı rəsm əsərini çox bəyənib və əsərin dərin fəlsəfi məna kəsb etdiyini bildirib.
Rəssam Rizvan İsmayılın dediyinə görə, B. İvanişvili dünyada beş nəfər rəsm əsərləri kolleksiyaçılarından biridir. O, yalnız Pikassonun "Dora Maar pişiklə" adlı əsərini 90 milyon dollara əldə edib. Ümumilikdə o, rəsm əsərlərinə bir milyard pul yatırıb. Hazırda onun yaşadığı iqamətgahda yüzlərlə məşhur rəssamların əsərləri var. Onlardan Endi Uorxol, Aniş Kapur, Zaha Hədid, Demyon Hirst və başqalarının rəsm əsərləri Bidzina İvanişvilinin evini bəzəyir. O, azərbaycanlı rəssam R. İsmayılın "Açın mənə sərhədləri" adlı əsərini evinin ən görünən hissəsində yerləşdirəcəyini bildirib. Əsər ictimai-siyasi və sosial mənada və abstrakt üsulda işlənib. B. İvanişvili R. İsmayılın Məhəmməd Peyğəmbərin səxavətlə bağlı fikirləri əsasında çəkdiyi digər rəsm əsərinə də yüksək qiymətləndirib. Rizvan İsmayıl 1986-1990-cı illərdə Bakıdakı Ə. Əzimzadə adına Rəssamlıq Məktəbini tərtibatçı rəssam ixtisası ilə bitirib. Keçən il o, Gürcüstan Rəssamlar Federasiyasının üzvü seçilib. R. İsmayılın 2015-ci ildə "Rəssam-rənglərlə şeir yazan bəstəkardır" adlı kataloqu çap olunub. Bu il isə onun Bakıdakı Parlaq İmzalar Nəşriyyatında "Rizvan İsmayıl" adlı daha bir kataloqu nəşr olunub. Rəssam yağlı boya və qrafiklə çəkilən 250-dən çox rəsm əsərinin müəllifidir. R. İsmayıl APA-ya açıqlamasında mayın sonunda Parisdəki dünya şöhrətli "Luvr" muzeyində möhtəşəm bir sərgi tədbirində Gürcüstanı təmsil edəcəyini bildirib. "Mən Parisdəki sərgiyə qatılacağıma görə, dünya şöhrətli Azərbaycan rəssamı Sakit Məmmədova təşəkkürümü bildirirəm". Oxşar xəbərlər
|