İslam dininin Qafqaza daxil olması üçün tarixi şəraitin yaranma səbəbləri
Mьəllif: admin1
Tarix: 26-04-2023, 11:36
İslam dininin Qafqaza daxil olması üçün tarixi şəraitin yaranma səbəbləri
İslami fütuhat (fəthetmə) başlayandan sonra ərəb müsəlmanlar Ərəbistan yarımadasından İraq və Şama hicrət etməyə başlayıblar. Onlar h.q 14-17-ci illər arasında iki yeni şəhər – Kufə və Bəsrə şəhərlərini salmış, həmçinin (Şam) Dəməşq şəhərində kütləvi şəkildə məskunlaşıblar. Ondan sonra yeni ərazilərdəki fəthlər bu üç böyük şəhər və vilayət rəhbərləri arasında bölünüb.

Belə ki, Roma imperiyası və Misirin fəthi mərkəzi Dəməşq olmaqla Şam vilayətinə, İranın qərbinin, şimal-qərbinin və Təbəristanın fəthi Kufə şəhər və vilayətinə, İranın cənubu, mərkəzi və Xorasanın fəthi isə Bəsrə şəhər və vilayətinin nəzarətinə həvalə edilib.

Qafqazın fəth edilməsi Kufə qoşunu tərəfindən həyata keçirilib. Dəməşq, Bəsrə və Kufə şəhərlərini bir-biri ilə müqayisə etsək görərik ki, həmin dövrdə Kufədə daha çox səhabə məskunlaşıb və bu məskunlaşanlar arasında tabeinlərseçilmiş şəxsiyyətlər olub. Həmin səhabə və tabeinlər daha elmli, daha təqvalı və daha çox zahidlik xüsusiyyətinə malik şəxslər olublar. Belə ki, "Hüdeybiyyə beyəti”ndə iştirak etmiş səhabələrin 300 nəfəri, hämçinin Bədr müharibəsi iştirakçılarının 70 nəfəri bu şəhərə köçüb. Həmin səhabələrin bəzisi bu vilayətin fəthində fəal iştirak edib. Buna görə də müsəlman kufəlilərin yerinə yetirdiyi fəthlərdə İslam qanun-qaydalarına daha çox riayət edilirdi.

Qafqazın fəth edilməsi istiqamətində ilk addım II xəlifə Ömərin dövründə Kufə ordusu tərəfindən atılıb. Lakin xəlifənin ölümü ilə həmin fəth yarımçıq qalıb. III xəlifə Osman xilafət kürsüsündə oturandan sonra yenidən həmin regionun fəthinə fərman verib. Bu dəfə xəlifənin göstərişi ilə Qafqazın fəth edilməsində Şam və Suriya ordusu da iştirak edib. Buna görə də Qafqazın fatehi iki nəfər – Həbib ibn Məsləmə (Şam ordusunun başçısı) və Salman ibn Rəbiə Bahili (Kufə ordusunun başçısı) olub. Müsəlmanlar Gürcüstana bu iki şəxsin rəhbərliyi altında daxil olublar. Həbib Tiflis istiqamətində, Salman isə Xəzər türklərinə doğru hərəkət edib. Tiflis şəhəri Həbib ibn Məsləmənin sayəsində fəth edilib.

Gürcüstan barəsində bilinməsi lazım olan faktlardan biri də budur ki, bu ölkə Ermənistan kimi müharibə yolu ilə deyil, sülh danışıqları aparılmaqla və heç bir qan axıdılmadan fəth edilib. Bu barədə belə yazıblar:

"Hicri təqvimi ilə 25-ci ildə (miladi 646-647-ci illərdə) müsəlmanlar Gürcüstan torpağına daxil oldular. Onun şərq hissəsində yaşayan əhali, xüsusilə Tiflis şəhərinin əhalisi müsəlmanların gəlişini sülh ilə qəbul etdi. İslami mənbələrdə müsəlmanlarla Tiflisin vali və əhalisi arasında imzalanmış sülh müqaviləsinin tam mətni belə qeyd edilib:

"Bağışlayan və mehriban Allahın adı ilə

Həbib ibn Məsləmədən Tiflis əhalisinə:

Biz sizinlə sülh şəraitindəyik. Mən də sizinlə birlikdə Ondan başqa bir Tanrı olmayan Yaradana ibadət edirəm.

Amma sonra:Sizin tiflisli nümayəndəniz mən və mənim yanımda olan möminlərin yanına gəldi və sizin dilinizdən dedi ki: Biz Allahın çoxlu utanclıq, dəyərsizlik və nadanlıq dövrlərini keçəndən sonra lütf etdiyi və peyğəmbər göndərdiyi insanlarıq.

Buna görə də həmd aləmdəkilərin Rəbbi, bağışlayan və mehriban Allaha məxsusdur. Və Onun salam və mərhəməti olsun vasitəsi ilə bizə doğru yolu göstərdiyi Peyğəmbərinə (s)! Həmçinin həmin tiflisli sizin dilinizdən bunu da dedi ki, Allah-taala biz müsälmanların qorxusunu düşmənlərimizin qəlbinə salıb. Halbuki bizim Yaradanın yardımından başqa heç bir güc və qüdrətimiz yoxdur. Həmin nümayəndə dedi ki, siz bizimlə sülh tərəfdarısınız. Mən və mənimlə birlikdə olan müsəlmanlar sizin istəyinizə qarşı çıxmırıq. Həmin tiflisli sizin hədiyyələrinizi mənim yanıma gətirdi. Biz onun pul və mal şəklində olanlarını ümumilikdə yüz dinar miqdarında dəyərləndirdik. Lakin siz onu hər il ödəmək məsuliyyəti daşımırsınız. Amma bütün evlərin sakinləri fidyə deyil, cizyə kimi tam bir dinar ödəməlidir. Sizin bu əhdnamə və toxunulmazlıq kağızınızı möminlərdən ibarət böyük bir kütlənin qarşısında yazdım və onu Əbdürrəhman ibn Cüz ilə sizə göndərirəm. Bizim gözümüzdə o, ağıllı, Allahın əmr və kitabından xəbərdar şəxsdir. Əgər əhdnamənin içində yazılanları qəbul etsəniz, o, onu sizə verəcək, əks təqdirdə sizi (əvvəldən də məlumat verildiyi kimi) Allah, Peyğəmbər (s) və möminlərlə döyüşə dəvət edəcək. Təbii ki, Allah xəyanətkarları sevmir.

Sağlamlıq və zərər-ziyandan amanda qalmaq düzlük arxasınca gedən şəxsə məxsusdur”.

Başqa bir qaynaqda belə yazılıb: "Osman, Salman ibn Rəbiə Bahiliyə Ərrana getmək göstərişi verəndən sonra o, yola düşdü və Beyləqan şəhərini dinc yolla fəth etdi.Onların arasında belə bir razılaşma əldə edildi və şərt kəsildi ki, camaata qan, mal və şəhərin qala divarlarına sığınmaq barədə toxunulmazlıq veriləcək və onlar cizyə və xərac ödəyəcəklər. O, sonra digər İslam qoşunu və Həbib ibn Məsləmə ilə birlikdə dinc şəkildə Tiflis şəhrinə daxil olurvə müsəlmanlarla tiflislilər arasında aşağıdakı sülh müqaviləsi yazılır:

"Bismillahir-rəhmanir-rəhim!

Bu, Həbib ibn Məsləmə tərəfindən Qırmızı Curzanın bir hissəsi olan Məncəlisə tabe Tiflis şəhərinin əhalisinə yazılmış bir məktubdur. Onların can, məbəd, monastır, ibadət və dinlərinə toxunulmazlıq verilir, o şərtlə ki, onlar öz tabeliklərini etiraf etməli və hər ev üçün adambaşı bir dinar ödəməlidirlər.

Sizin cizyənin yüngülləşməsi üçün ailə üzvlərini birləşdirmək haqqınız yoxdur.

Eləcə də bizim cizyəni çoxaltmaq üçün sizi bir-birinizdən ayırmaq haqqımız yoxdur.

Həmçinin bizim Allah və Peyğəmbər (s) düşmənləri qarşısında imkanınız çatan qədər sizin məsləhət və köməyinizdən istifadə etməxk haqqımız var. Siz ehtiyacı olan müsälmanı bir gecə qonaq etməli və ona kitab əhlinin yeməklərindən bizə halal olanlarından verməlisiniz. Əgər sizin yanınıza öz səfər yoldaşlarından ayrı düşmüş müsəlman gəlsə, yolda heç bir maneənin olmadığı təqdirdə onu ən yaxın mömin icmasına çatdırmaq məsuliyyəti daşıyırsınız. Əgər zəkat versəniz və namaz qılsanız, bizim din qardaşımızsınız, əks təqdirdə sizin üçün cizyə müəyyənləşdiriləcək. Əgər müsəlmanların başı qarışsa və sizi yaddan çıxarsalar və düşmən sizi məğlub etsə, siz günahkar hesab edilməyəcək, verdiyiniz əhdə xilaf çıxmış sayılmayacaqsınız. Sizin öhdəlik və hüquqlarınız bunlardır. Allah və Onun mələkləri şahiddir. Allahın şahid olması kifayətdir”.

Qeyd: "Müdafiə fərmanı”nın əsli bizə çatmayıb. Onun məzmunu bir az fərqli olaraq ərəb müəllifləri tərəfindən qorunub. Son zamana kimi "Müdafiə fərmanı (siqeli)” Təbərinin (838-923-cü illərdə), Bəlazurinin (892-ci ildə vəfat etmiş) və Yəqutinin (1179-1229-cu illərdə) müxtəlif variantları bəlli idi. Təbərinin və Bəlazurinin mətnlərini gürcü tarixinə İ.Cavaxişvili Qazaryanın alman tərcüməsinə uyğun olaraq daxil etdi. 1951-ci ildə M. Lordkipanidze tərəfindən aktın gürcü tərcüməsi giriş məktubu və qeydləri ilə dərc olundu, 1959-cu ildə E.Sixarulidze tərəfindən həyata keçirilən gürcü tərcüməsi dərc olundu. 1976-cı ildə o, Çkitişvili "Müdafiə aktı”nın yeni variantını Əbu Ubeydənin (770-838) hekayələrindən, həmçinin ibn Zəncveyhin variantını dərc etdi.

Yuxarıda qeyd olunan variantlardan ən erkəni Əbu Ubeydənin hekayələrində qorunub saxlanan müqavilənin mətnidir.

Yazılanlara görə, Salman bundan sonra Bərdicin o tərəfinə Araz və Kür çaylarının qovşağına gedib və Kür çayını keçib Qəbələ şəhərini fəth edib. Şəkən və Qəmibəranın hakimi xərac vermək şərti ilə onunla sülh razılaşması əldə edib. Xizan əhalisi, Şirvan şahı, digər dağlıq ərazilərin hökmranları, eləcə də Məsqət, Şabran və Bab şəhərlərinin əhalisi onunla sülh edib. Sonra onun yolu bağlanıb və Xəzər xaqanı öz süvariləri ilə Bələncər çayının arxasında onunla qarşı-qarşıya gəlib. Onların arasında elə qızğın müharibə başlayıb ki, sonda Salman dörd min müsəlmanla birlikdə qətlə yetirilib.

Onun hicri-qəməri təqvimi ilə 29-cu ya da 30-cu ildə Bələncərdə öldürüldüyü ehtimal edilir.

Salman Bahilinin ölümü ilə İslamın irəliləyişi Qafqaz sıra dağlarının cənub bölgələrində məhdudlaşıb və Gürcüstan Qafqazın cənubundakı müsəlmanlarla şimalındakı xəzərlər arasında sərhəd bölgəsinə çevrilib. Həmin vaxt bölgə xalqları arasında hərc-mərclik hökm sürdüyü, birlik olmadığı, eləcə də Gürcüstanın qərb bölgələri fəth edilmədiyi üçün bütün Qafqaz regionu Azärbaycan vilayətinin inzibati bölgəsinə daxil idi.

Əlbəttə, Müaviyənin hakimiyyəti illərində – təxminən h.q 40-50-ci illərdə – xristian Ermənistanda üsyanlar baş qaldırıb və Müaviyə vəziyyəti qaydasına salmaq üçün Həbib ibn Məsləməni bölgəyə göndərib. Həmin il Həbib ibn Məsləmə Ermənistanda sakitlik yaradandan sonra Gürcüstan və Tiflisə gedib və həmin üsyanda iştirak etməyənlərlə sülh müqaviləsini yeniləyib. Tarixi qaynaqlarda həmin yeni sülh müqaviləsinin də mətni bu günümüzə kimi gəlib çatmışdır.

Ondan sonra Şərqi Gürcüstan Səlcuqların hakimiyyətinin sonuna kimi beş əsr müddətində (miladi təqvimi ilə XI əsrə kimi, h.q. təqvimilə V əsrə kimi) Orta Asiya, İran və Mesopotamiya ilə birlikdə İslam üsul-idarəçilik sisteminə daxil ərazidə yerləşib.

Həmin müddət ərzində kütləvi şəkildə öz xaçpərstliyində qalmış Ermənistandan fərqli olaraq Gürcüstanda müsəlmanların geniş şəkildə məskunlaşmasından əlavə bölgənin (Şərqi Gürcüstan) əhalisi arasında da İslama tədricən üztutma meylləri baş qaldırıb.Belə ki, həmin illərdə Tiflis islamyönümlü, yaxud da əksəriyyəti müsəlmanlardan ibarət şəhər idi.

Bu iddianın dəlili həmin dövr, xüsusilə də h.q. III əsrdən V əsrə kimi olan dövrdə müsəlman alimləri arasında "Tiflisi” ləqəbi götürənlərin sayının çox olmasıdır. Sonrakı fəsillərdə onların barəsində müfəssəl məlumat verdiyimizdən biz hələlik burada bu mövzuya toxunmuruq.

Xəlifə Əbdül-Məlikin zamanında Qafqaz bölgəsi xəlifə tərəfindən təyin olunmuş vahid bir vali tərəfindən idarə olunurdu. O, əvvəllər də valilik mərkəzi kimi Dvin şəhərində, sonra isə Bərdədə iqamətgahla təmsil olunmuşdu. Bu bölgə 4 inzibati mərkəzə (əmirliyə) bölünmüşdü:

Albaniya və Sivniya (mərkəz Bərdə).

Cürzan (Kartli) – mərkəzi Tiflis.

Ayrarat və Vasburaqan (mərkəzi Dvin).

Rşunik və Deruberan tərəfi (Mərkəzi Van).



Hacı Rasım Məmmədov / Gürcüstanda İslam Tarixi



Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031