Allaha aşiq olmaq üçün nə edək?
Mьəllif: admin1
Tarix: 7-04-2016, 12:12
Allaha aşiq olmaq üçün nə edək?
Ustad Ənsariyanın cavabı

Aşiqliyin qayda-qanunlarını açıqlamamışdan öncə eşqə tərif verməyimiz və həqiq aşiqin xüsusiyyətlərini öyrənməyimiz lazımdır. İslam qaynaqlarında "eşq" kəlməsindən çox istifadə olunmayıb. Biz bu kəlmə ilə cəmi üç yerdə rastlaşırıq.

Bunlardan biri ibadət barəsindədir; mərhum Kuleyni "Üsuli-kafi"də İmam Sadiqdən (ə) nəql edir:" İnsanların ən üstünü o kəsdir ki, ibadətə aşiq olsun..."

İkinci yerdə cənab Salman Farsi barəsində bu kəlmədən istifadə olunub. Girami Peyğəmbər (s) buyurur: "Salmandan daha çox behişt Salmana aşiqdir."

Eşq kəlməsinin istifadə olunduğu üçüncü yer İmam Baqirin (ə) İmam Hüseyn (ə) və Kərbəla şəhidləri barəsində həzrət Əlidən (ə) nəql etdiyi hədisdir. Rəvayət belədir: "Həzrət Əli (ə) Kufə əhalisi ilə Süffeyinə yola düşmüşdü. Kərbəlaya yaxınlaşdıqda həzrət öz yoldaşlarından önə keçdi. Müqdəxan adlı bir məkana çatdıqda bir neçə dəfə həmin yerin ətrafına dövrə vurdu, təvaf etdi və buyurdu: Bu məkanda 200 Allah peyğəmbərini və peyğəmbər övladlarından 200 nəfərini nahaq öldürüblər, onlar hamısı şəhidlərdir. Daha sonra Aşura hadisəsinə işarə edib, buyurdu: Bura qana qəltan olunmuş aşiq şəhidlərin atlarının və miniklərinin istirahət yeridir. Onların eşqi mümkün olan ən ali dərəcəyə çatıb. Nə onlardan əvvəl, nə də onlardan sonra bir kəs (eşqdə) onları önə keçməyəcək."

Şiə mənbələrində bu üç yerdən başqa eşq kəlməsi ilə rastlaşmamışıq.

Amma biz bu yazıda eşq kəlməsi barəsində yox, eşqin həqiqi mənası və eşq anlayışı barəsində söz açacağıq. Eşq anlayışı müxtəlif ifadələrlə, "hubb" və "məhəbbət" kimi kəlmələr vasitəsi ilə bəyan olunub. Məsələn həzrət Seyyidüş-şühəda (ə) "ərəfə" duasında öz məşuquna belə deyir:" İlahi, fəxr etməyimə bu bəs edər ki, Sənin bəndənəm."

Eşq və aşiqlik anlayışı

Eşq məhəbbət növündən və məhəbbətin fövqündə olan bir cazibədir. "Məcməul-bəhrəyn" yazır: "Eşq həddini aşan və insanı öz adi halından xaric edən məhəbbətdir. Demək, hər məhəbbət eşq deyil, amma hər eşq həm də məhəbbətdir. İnsanda müxtəlif məhəbbətlər olur; lakin onların hamısı eşq həddində deyil. İki dostun bir-birinə qarşı məhəbbəti var. Müridin öz muradına, mürşidinə, ustadına qarşı məhəbbəti var, lakin eşq ayrı bir məhəbbətdir.

Eşq kəlməsi "əşəqə" (sarmaşıq) adlanan bitki adından götürülüb. Bu bitki çatdığı hər bir şeyin ətrafına dolanır və tədricən onu öz əhatəsinə alır. Sevgi, məhəbbət yüksək həddə çatıb "əşəqə" (sarmaşıq) bitkisi kimi insanın cismini və ruhunu öz ixtiyarına keçirdikdə ona eşq deyirlər.

Həkim Calinus (Klavdi Qalen) deyir: "İnsan beynində üç xüsusi yer var: Bunlardan biri təxəyyül mərkəzidir, ikincisi fikir mərkəzi, üçüncüsü isə yaddaş mərkəzidir."

Aşiq o kəsə deyilir ki, hər an xəyalı, fikri və yaddaşı məşuqa məşğuldur. Məşuqun eşqi, məhəbbəti və hicranı aşiqin qəlbini elə bir şəkildə ixtiyarına alıb ki, su, yemək, yuxu onun yadına düşmür və məşuqdan başqa bir şey barəsində düşünmür və hər nəyə baxırsa, onu görür. Belə olmayan şəxs aşiq deyil.

Nə qədər ki, insan xudbinlikdən, eqodan, nəfspərəstlikdən qədim və müasir bütpərəstliklərdən azad olmayıb ibadət və bəndəlik mənzilində sakinləşmiyib, eşqi anlamaz və aşiq olmaz.

Allaha necə aşiq olmaq olar?

Bəndəlik

İmam Səccad (ə) buyurur: "Bəndəlik bir gövhərdir ki, onun batini rübubiyyətdir."

Nə üçün namazın təşəhüddündə əvvəlcə Xatəmül-ənbiyanın (s) bəndəliyinə şəhadət veririk, sonra isə risalətinə? Çünki o böyük Peyğəmbərin (s) şərəfi risalətində yox, bəndəliyində idi.

Yoxsa bu Quran ayəsini oxumamısan ki, şeytan Allahın bəndəsi qarşısında aciz və zəif olduğunu etiraf edir.

İnsanın qatı düşməni dedi: "And olsun izzətinə! Xalis bəndələrindən başqa bütün insanları azdıracam"; o şəxslər ki, başqalarını qəlblərindən çıxartdılar və Sənin üçün xalis oldular." Müxlis (və ya müxləs) o aşiq bəndədir ki, hər iki dünyanı bir dəfəyə qəlbindən çıxardıb ki, ondan başqasını görməsin və qəlbində heç bir şeyin, hətta behiştin məhəbbəti olmasın.

Allahın bəndəsi olan, "ey bəndələrim" nidasına şamil olan kəs şeytanın, insanın, yaxud nəfsin bəndəsi olmur.

Odur ki, aşiqlik yolu ibadət və bəndəlik yoludur. Aşiq olmaq üçün bəndəlik qayda-qanunlarını öyrən. Seyr və hərəkət o zaman təsirli olur ki, idrak və agahlıq nəticəsində qəlb dirilsin və qəlbdə iman nuru yansın. İman çırağının yanacağı saleh əməl və günahın tərkidir.

Peyğəmbərə ardıcıllıq

Allaha iman, fəsada, küfrə və günaha nifrət fitri olaraq hər bir insanın daxilində var. Bu dəyərlər insanın daxilindən qalxıb saleh əməl formasını aldıqda, kamillik və tərəqqi əlaməti olan eşq gülü çiçəklənir. Aşiq daim məşuqdan bir xəbər gözləyir və məşuqa aid olan, yaxud onun nümayəndəsi və elçisi olan hər bir şeyə eşq bağlayır. Qurani-kərimdə buyurulur: "Ey pəyğəmbər! Xalqa de: Əgər Allahı sevirsinizsə (və ona aşiqsinizsə) mənə itaət edin ki, Allah da sizi sevsin və sizin keçmiş səhvlərinizi bağışlasın, Allah bağışlayan və mehribandır."

Bəli Allaha aşiq olan ilahi rəhbərlərə itaət edir. Allaha aşiq olan ilahi rəhbərin ona itaət etməsini, onun sözlərinə əməl etməsini istəməməlidir, yaxud maddi hədəflərə və məqsədlərə çatmaq üçün öz fikrini, nəzərini yeritməklə ona təzyiq etməməlidir. Bu xalqın ziyanınadır. Quranda buyurulur: "Bilin ki, Allahın rəsulu sizin aranızdadır. Əgər bir çox işlərdə sizə ardıcıllıq etsə, çətinliyə düşəcəksiniz. Lakin imanı sizin üçün sevimli edib, və qəlbinizdə zinətləndirib, küfr, fəsad və günahı sizin üçün xoşagəlməz, nifrətli edib. Bu sifətlərə sahib olanlar inkişaf edən və hidayət olanlardır."

İnsan o zaman imanın ən yüksək həddinə çatır ki, özündəki ən güclü istəyi, yəni özünə eşqi Allahın zatına və onun nümayəndələrinə olan eşqin kölgəsində saxlayır. Allahın rəsulu buyurur:" And olsun o kəsə ki, canım onun əlindədir! Sizin hər biriniz yanlız o zaman imanın həqiqətinə çata bilərsiniz ki, mən onun üçün özündən, malından, övladından, və bütün insanlardan daha sevimli olum."

Bütün zamanlarda tərəqqi əlamətlərindən biri budur ki, imana eşq, küfr və günaha nifrət və saleh rəhbərə itaət vasitəsi ilə fitrətin saflığı qorunsun.

Gecələri ibadətə qalxmaq (təhəccüd)

Eşq üçün gecə yarıdan sonra ibadətə qalxmaq lazımdır.

Vusala çatmaq istəyirsən, lakin gecə səhərədək yumşaq yataqda yatırsan?! Bu batil bir xəyaldır! Yoxsa eşitməmisən ki, Allah öz həmsöhbəti Musaya buyurdu:" Allahı sevdiyini güman edən lakin gecə qaranlıq düşən kimi Məni qoyub yuxunu seçən yanılıbdır."

Özünü tanımaq

Eşq daxili bir meyldir və digər daxili meyllər kimi zahir olması, inkişafı və çiçəklənməsi üçün münasib fəzaya ehtiyac var. Doğrudur hər bir insanda eşqin kökü var, lakin onun zahir olması aşiqin məşuqun kamillikləri barəsində idrakının miqdarından asılıdır. Demək eşqin dərəcəsi, aşiqlərin daxilindəki yandırıcı alovun şiddətlənib, zəifləməsi iki amildən asılıdır: 1. Məşuqda gizlənmiş kamilliklər və onun zahir olan cilvələri; 2. Aşiqin fikri tutumu və onun məşuq barəsindəki idrakı.

Demək, eşq alovunun şölələnməsi üçün lazım olan ilk addım məşuqun kamillikləri və cilvələri barəsində düzgün idraka malik olmaqdır. Əksər insanların Allahı tanıması üçün özlərini və Allahın cilvələrini tanıması zəruridir.

Bu səbəbdən özünüdərk və özünü tanımaq ən üstün idrak hesab olunur.

Əli (ə) buyurur: "Ən üstün agahlıq və idrak insanın özünü dərk etməsidir." İnsanın özünü tanımasının əlaməti onun Allahı tanımasıdır. İslam Peyğəmbəri (s) buyurur:" Özünü ən yaxşı tanıyanınız Allahı ən çox tanıyanınızdır."

Günahın tərki

Allaha aşiq olmaq istəyən insan özü üçün möhkəm bir bina qurmalıdır. Bu bina müxtəlif hissələrdən təşkil olunmalıdır. O cümlədən: Özünüdərk, əqidə əsaslarının möhkəmlənməsi, başlanğıc və məad barəsində mütaliə, günahlardan tam şəkildə çəkinmək, hər günahdan sonra tövbə, Allaha itaət, vacibləri yerinə yetirmək və haramlardan çəkinmək, qeybət, yalan, böhtan, acıdillik, kin bəsləmək və digər böyük günahlardan uzaq olmaq. Bütün bu dəyərlər bir yerə toplandıqda möhkəm bir qalaya çevrilir və bu qalanın adı eşqdir. Onun sahibinin qonağı varlığın xaliqi olan Allah adlı məşuq olacaq. İmam Sadiq (ə) buyurur:" Qəlb Allahın hərəmidir. Allahın hərəmində ondan başqasını məskunlaşdırmayın."

Qəlb eşq diyarıdır, ora heç bir haram daxil olmamalıdır. Əlbəttə məqsəd insanın səhvən, unutqanlıq səbəbindən etdiyi günah və haram deyil. Nəzərdə tutulan məskunlaşmaq üçün gəlmiş günahdır.

Demək, eşq xəyal deyil, qəlbdə şölələnən bir alovdur. Bu alov nəticəsində insan aşiq olur. İnsan bütün digər pərəstişlərdən azad olduqdan sonra məşuqun camalı zahir olur. Qəlb iki məşuqun yeri deyil, həm Allahı, həm də "alma"nı sevmək olmaz!

İnsan o zaman Allaha aşiq ola bilər ki, özünəpərəstiş və dünyapərəstlik zindanından xaric olsun. Dünyanın cazibələri sayılmaz qədər çoxdur, lakin onların hamısı bir hasara bağlıdır və bu bağlılıqdır. Əgər insan bu cazibədən azad ola bilsə, həqiqi cazibə özünü göstərəcək.


Nur-az.com
Dilimizə çevirdi: M. Əhməd
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031