Nəfsi-əmmarəni daxildən və xaricdən gücləndirən qüvvələr
Əxlaq alimləri deyir ki, insanın batinində nəfsi-əmmarə vardır və bundan başqa rəzil sifətlərin ordusu vardır. Onlar-nəfsi əmmarəyə yardım edən qüvvələrdir. Nəfsi-əmmarənin zahirdə də yardımçısı vardır və o, şeytandır (lən). O, zahirdən nəfsi-əmmarəni gücləndirir və bizi bədbəxt edir.
“Mən öz nəfsimi (Allahın diqqət və nəzəri olmadan) təmizə çıxarmaq istəmirəm. Çünki, Rəbbimin rəhm etməsi istisna olmaqla (insanın) nəfs(i) daim pisliyə əmr edəndir”. (“Yusif” 53). Qurani-Kərim buyurur ki, Qiyamət günü cəhənnəm əhli və İblis (lən) cəhənnəmə gedəndən sonra cəhənnəm əhli ilə İblis arasında münaqişə yaranar. Günahkarlar şeytandan Allaha şikayət edərlər. Deyərlər: “Allahım, bizi o, yolumuzdan azdırdı və cəhənnəmlik etdi”. Şeytan o zaman deyəcəkdir: “Mən sizi məcbur etmədim, sadəcə vəsvəsə etdim. Siz də mənim vəsvəsəmlə yolunuzu azdınız. Siz peyğəmbərinizin (ə) sözünü eşitmək yerinə, niyə mənim sözümü eşitdiniz? Siz peyğəmbərlərdən (ə) möcüzə görüb yəqin etmişdiniz ki, o, sizin peyğəmbərinizdir. Bəs niyə onlara deyil, mənə qulaq asdınız?”. Quran özü də dəfərlərlə bizi xəbərdarlıq edir ki, şeytan sizin düşməninizdir. Sizi bədbəxt edib cəhənnəmə aparmaq istəyir. Lakin başqa bir düşmən də vardır ki, şeytandan da pisdir. Pis dost insanı elə vəsvəsə edir ki, insanı cəhənnəmlik edir. Quran özü də pis dostu şeytana bənzətmişdir. O, insi şeytandır. İnsanlardan olan bu şeytanı görürsən və aldanırsan. Cin şeytanı insanı vəsvəsə edər, lakin insanlardan olan şeytan vəsvəsədən başqa insanı elə yolundan azdırar ki, geriyə dönüşü olmaz. “Kim (nəfsi istəklərlə məşğul olaraq) Rəhman Allahı yada salmağa göz yumsa (və nəticədə qəlbi korlaşsa) ona, həmişə (vəsvəsə etmək və azdırmaq üçün) yoldaş və yaxın dost olan bir şeytan qoşarıq”. (“Zuxruf” 36). Allah buyurur ki, əgər namaz əhli olmasan, əgər Allahı yada salmasan, sənə elə bir dost hakim edərəm ki, şeytandan da pisdir. Bəli, pis dost insanı günaha sövq edər, məhvə qədər aparar. Allah buyurur ki, o zaman ki, Məni unutsanız, sizə bu bəlanı hakim edərəm. Pis dostun gətirdiyi bəlaları hamı təsdiq edir. Bəli, pis dost nəfsi əmmarəyə yardım edən ən güclü amildir. Bu amili tanıyaq və ondan uzaq olmağa çalışaq. /Deyerler.org/ Oxşar xəbərlər
|