ƏXLAQIN TƏRİFİ VƏ ƏHƏMİYYƏTİ
Mьəllif: admin1
Tarix: 28-04-2016, 11:16
ƏXLAQIN TƏRİFİ VƏ ƏHƏMİYYƏTİ
“Əxlaq” – “xülq” (və “xuluq”) sözünün cəm forması olub, insanın daxili xüsusiyyətləri mənasını daşıyır. Onun müqabili isə, insanın zahiri xüsusiyyətləri mənasını ifadə edən “xəlq” sözüdür. Demək, “xülq” və “xəlq” sözləri eyni kökdən götürülsə də, məna etibarilə bir-birindən fərqlənir; “xülq” insanın daxili xüsusiyyətləri, “xəlq” isə zahiri xüsusiyyətlərinə aiddir. (“Lisanul-ərəb”, İbn Mənzur, c.4, səh.194.)


Alimlərin kəlamında əxlaqa belə tərif verilir: “Yaxşı və pis işlərin yaranmasına səbəb olan nəfsani xüsusiyyətə əxlaq deyilir.” Bu tərifə əsasən, əxlaq iki qismə bölünür: yaxşı əxlaq və pis əxlaq. İnsandan baş verən yaxşı və gözəl xüsusiyyətlər yaxşı əxlaq və yaxud fəzilətlər, pis və çirkin xüsusiyyətlər isə pis əxlaq və rəzilətlər adlanır.
Bəzən də “əxlaq” sözü təklikdə yaxşı əxlaq və əxlaqi fəzilətlər mənasında işlədilir; başqa sözlə, əxlaq dedikdə, gözəlliklər və gözəl rəftarlar, qeyri-əxlaqi (əxlaqsızlıq) dedikdə isə, çirkinliklər və bəyənilməz rəftarlar nəzərdə tutulur.

Allah tərəfindən seçilən peyğəmbərlərin də ən böyük hədəfi insanları çirkin xüsusiyyətlər və rəzilətlərdən uaqlaşdırmaq, gözəl xüsusiyyətlər və fəzilətlərə yönəltmək olub. Qurani-Kərimdə buyurulur:

لَقَدْ مَنَّ اللّهُ عَلَى الْمُؤمِنِينَ إِذْ بَعَثَ فِيهِمْ رَسُولاً مِّنْ أَنفُسِهِمْ يَتْلُو عَلَيْهِمْ آيَاتِهِ وَيُزَكِّيهِمْ وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَإِن كَانُواْ مِن قَبْلُ لَفِي ضَلالٍ مُّبِينٍ

“Allah möminlərə lütf etdi; çünki onların öz içərisindən özlərinə (Allahın) ayələrini oxuyan, onları (pis əməllərdən və rəzil sifətlərdən) təmizləyən, onlara kitabı (Quranı) və hikməti öyrədən bir peyğəmbər göndərdi. Halbuki bundan əvvəl onlar açıq-aydın azğınlıqda idilər.” (“Ali-İmran” surəsi, ayə 164.)
Bəli, peyğəmbərlər insanların nəfslərini çirkin xüsusiyyətlərdən təmizləmək, onlarda gözəl əxlaqi fəzilətləri və insani keyfiyyətləri gücləndirmək üçün göndərilmişlər. Peyğəmbəri-Əkrəm (s) bu barədə buyurmuşdur: “Sizi gözəl əxlaq və rəftarlara tövsiyə edirəm. Allah məni həmin məqsədlə göndərmişdir.” (“Biharul-ənvar”, c.69, səh.375.)

Həmçinin buyurmuşdur: “Mən əxlaqi gözəllikləri tamamlamaq üçün göndərilmişəm.” (“Müstədrəkül-vəsail”, c.2, səh.282.)
Başqa bir hədisdə isə belə buyurmuşdur: “Mənim ümmətimin behiştə daxil olmasına ən çox səbəb olacaq əməl ilahi təqva və gözəl əxlaqdır.” (“Kafi”, c.2, səh.100.)
İmam Əmirəlmöminin Əli (ə) nəfsin təlim və tərbiyəsində qətiyyətli olmağı səadət və xöşbəxtliyin açarı hesab edərək buyurmuşdur: “Əgər behiştə ümidvar olmamağımızı və cəhənnəm odundan qorxmamağımızı, savab və əzaba əqidəli olmadığımızı fərz etsəydik belə, yenə gözəl əxlaqın axtarışında olmağımız təqdirəlayiq bir iş olardı. Çünki gözəl əxlaq qələbə, qurtuluş və səadət yoludur.” (“Müstədrəkül-vəsail”, c.3, səh.383.)

İmam Sadiq (ə) buyurmuşdur: “Mütəal Allah Öz Peyğəmbərini gözəl xüsusiyyətlərə sahib olduğu üçün seçdi. Elə isə, özünün gözəl əxlaqa sahib olduğunu görən şəxs bu böyük nemətə görə Allaha həmd etməli, gözəl əxlaqdan məhrum olduğunu görən isə Onun dərgahında yalvarıb Ondan gözəl xüsusiyyətlər istəməlidir.” (“Müstədrəkül-vəsail”, c.2, səh.283.)

Bir sözlə, əxlaq insanın Allahla əlaqələrini tənzimləyir, fərdi və ictimai həyatında önəmli rol oynayır, ictimai münasibətləri sahmana salır, fərd və cəmiyyəti qurtuluş və kamala çatdırır! /

Rza Şükürlü
maide.az
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930