Cəza ilə İlahi imtahanın fərqi nədir?
İlahi imtahan çox zaman cəza ilə, bəzən isə nemətlərlə bir yerdə olur. Yəni, insan bəzən şadlıq və xoş şeylərlə imtahana çəkilir və bəzən də qəm və qüssə ilə. Bəzən xəstəlikdən şəfa tapmaqla və bəzən də əzizlərini itirərək. Hər halda insan müxtəlif cür imtahana çəkilər. Ancaq belə bir sual yaranır ki, haradan bilək ki, başımıza gələn müsibətlər imtahandır, yoxsa cəza? Biz insanların arasında belə bir səhv məsəl vardır ki, nə zaman birinin başına müsibət gəlsə deyərlər ki, Allahın istəyidir, ona görə belə olmuşdur. Allah bu cür iradə etmişdir. Ancaq belə deyildir, çünki həyatda başımıza gələn müsibətlərin bir çoxu əməllərimizin nəticəsidir. Allahın cəzası ilə heç bir əlaqəsi yoxdur. Biz insanlar adət etmişik ki, nə zaman çətinliklə üzləşsək, Allahın cəzası ilə əlaqələndirək. Allah Quranda buyurur: “Sizə yetişən müsibətlər özünüzün qazandığınız günahlara görədir və O, (hələ) onların çoxundan keçir”. (“Şura” 30). Allah bu ayədə biz insanlara günah ilə müsibət arasında olan rabitəni göstərmək istəyir. Müsibət sözü, yəni insanın başına gələn hər cür xoşagəlməz hallar. Bəlaların bir çoxu insanın öz günahlarının sayəsində insana üz verər. Bu hadisələr ona görə baş verir ki, Allah əməllərimizin çirkin nəticəsini biz insanlara elə bu dünyada nümayiş etdirməyə çalışır. Bəlkə bu yolla özümüzə gələr və qəflətdən ayılarıq. Halbuki, Allah günahlarımızın çox olmasına baxmayaraq, onların əksər hissəni bağışlayır. Əks halda bütün ömrümüz bəla və müsibət içində keçərdi. Ona görə də insan günah işlədirsə, ondan sonra çətinliklə üzləşirsə, deməli bu cür tənbeh olunur. Əgər günahı olmadan çətinliklə üzləşirsə, deməli Məsum İmamlar (ə) kimi İlahi imtahana çəkilir. Müsibətin içində malına, övladına, yaxınlarına, canına dəyən ziyanlar, həmçinin qəhətlik, zəlzələ kimi hallar daxildir. Yəni, bizə və cəmiyyətimizə dəyən ziyan və ya gələn müsibət - işlətdiyimiz günahların nəticəsidir. Yuxarıdakı ayədən başa düşmək olur ki, insanın əməlləri ilə varlıq aləminin nizamı bir-birinə sıx bağlıdır. Əgər bəşər əməllərini fitrətən necə etməlidirsə, Allahın buyurduqları kimi yerinə yetirərsə, bərəkət qapıları üzünə açılar. Əks halda isə müsibətə və bəlaya düçar olar. Beləliklə, deyə bilərik ki, günahların həm dünya və həm də axirət təsirləri vardır. Ancaq onların bəziləri günahkara müsibət kimi üz verər və bəziləri isə bağışlanar. İnsan yaxşı əməllər görərək, bu günahlarını məhv də edə bilər: sileyi-rəhm, sədəqə, tövbə, möminin duası kimi. Bu əməllər günahlarımızı məhv edə biləcək əməllərdir. Ona görə də Allahdan bu mübarək aylarda bağışlanma istəyək və çoxlu istiğfar edək ki, bizi bağışlasın və müsibətlərdən uzaq etsin. Oxşar xəbərlər
|