Qeybətin 4 şərti. Qeybətin gətirdiyi bəlalar
İmam Əli (ə) buyurur: “Allah yanında ən mənfur insan o kəsdir ki, qeybət edər”. Yəni, insan qeybət edərək, Allahın ən mənfur məxluquna çevrilir.
Bəs qeybətin mənası nədir? Qeybət o sözdür ki, qeybət olunan insanın başının üstündən deyilər və o, əgər bu sözləri eşidərsə, çox narahat və qəmgin olar. Qeybət o zaman həyata keçər ki, bu şərtlər olsun: 1. Qeybət olunan insan həmin cəmdə olmasın. 2. Həmin söz nöqsan sayılar. 3. Bu eyib – gizli eyiblərdən olar. 4. Qeybət olunan bu sözləri eşidən zaman kərahət hiss edər. Bəzən insanlardan belə sözlər eşidirik ki, axı mən qeybət etmirəm, həqiqəti deyirəm. Onda həqiqətən də bu sifətlər vardır. Ancaq bu sözünün özü də qeybətdir. Qeybət odur ki, həmin insanda o sifət olar, ancaq onu eşidən zaman narahat olar. Əgər həmin sifət o şəxsdə olmazsa – artıq bu, qeybət olmaz, böhtan olar. Qeybət edənin başına gələcək bəlalar. 1. Behiştdən məhrum olmaq. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim mömində olan şeyi qeybət edərsə, Allah o ikisini behiştdə (bir yerə) toplamaz. Hər kim mömini onda olmayan şeylərlə qeybət edərsə, o ikisi arasında olan ismət qət olar. Qeybət edən həmişəlik cəhənnəmdə olacaqdır”. 2. Cəhənnəmə ilk getmək. İmam Sadiq (ə) buyurur: “Qeybət həsənələri yeyər, necə ki, atəş odunu yeyər”. Allah Təala Həzrət Musaya (ə) vəhy etmişdir: “Qeybət edən əgər tövbə edərsə, behiştə daxil olan son insan olacaqdır. Əgər tövbə etməzsə, atəşə daxil olan ilk insan olacaqdır”. 3. Şeytana (lən) şərik olmaq. İmam Sadiq (ə) buyurur: “O kəs ki, mömin qardaşı ona zülm etmədən (onun) qeybətini edər, şeytana şərik olar”. Beləliklə deyə bilərik ki, aqil insan heç bir zaman özünü cəhənnəmə satmaz, behiştdən məhrum etməz. Qoymaz ki, həsənələri məhv olsun. Ölmüş qardaşının ətini yeməz, namaz və orucunun qəbul olmasını istəyər. Biz insanlar o qədər dünyaya qərq olmuşuq ki, əməllərimizin üzərində düşünmək yadımızdan çıxıbdır. Əgər həqiqətən bir qədər düşünsək, qeybət etmək üçün yer qalmaz. /Deyerler.org/ Oxşar xəbərlər
|