Şaban ayı: onun mükafatını Peyğəmbərin (s) özü verəcək
Mьəllif: admin1
Tarix: 11-02-2024, 10:19
Şaban ayı: onun mükafatını Peyğəmbərin (s) özü verəcək
Bismilləhir-Rahmənir-Rahim!

Mübarək Şaban ayı artıq daxil olub. "Üçaylıq” adlandırılan xüsusi mənəvi-ruhi dönəmin artıq 1 ayı geridədir. Qarşıda təqribən 2 ay mənəvi faydalanma fürsəti var.

Və əslində Şaban ayı mübarək Ramazan ayı üçün giriş və müqəddimə səciyyəsi daşıyır. Ramazan ayındakı İlahi ziyafət üçün, insanın Şaban ayındakı düşüncələrinin, istiğfarların, yerinə yetirdiyi əməllərin, təfəkkürlərinin böyük əhəmiyyəti vardır. Üca Allahdan duamız budur ki, zehni, fikri, ruhi, qəlbi hazırlıqlara malik olmaq tofiqatını cəmi insanlara nəsib etsin!

Şaban ayının dua, zikr və ibadətləri

İnsanın mənəvi işləri düzəlməyincə, onun hansısa uğura çatması mümkün olmur. Zahiri nailiyyətlərdən söhbət getmir.

İnsan məşq edib, yüksək idman göstəriciləri ortalığa qoya bilər, çoxlu məşğul olub, tədqiqat aparıb, ixtiralar və kəşflər edə bilər, müxtəlif istedadlar təzahür edə bilər. Amma bunlar öz-özlüyündə mütləq dəyərlilikdən xalidir. Bunlar o zaman qiymətlidir ki, insan harmonik surətdə yaşasın, mənəvi-əxlaqi fundamental baza əsasında inkişaf etsin.

Bu baxımdan şaban ayı çox ciddi və məsuliyyətli bir dönəmdir. Çünki Ramazan ayındakı İlahi ziyafətin önüdür. Və şəbanın fikri və ruhi hazırlığını həyata keçirmək üçün bu ayın dua və zikrləri böyük əhəmiyyət daşıyır.

Əziz Peyğəmbərimiz (s) və İmamlarımız (ə) mənəvi-ruhi yüksəliş baxımından ilin əlamətdar vaxtlarına, o cümlədən də şaban ayına xüsusi önəm verərdilər. Şaban ayını Məsumlarımız (ə) dua, zikr, təvəccö, ibadət və istiğfar ayı kimi tanıdardılar.

Bu ayda "Şabaniyyə münacatları” adlanan Uca Allahla bir ünsiyyət var ki, insanı - istəyən insanı, düşünən insanı, axtaran insanı mənəvi süfrənin kənarında əyləşdirə bilər.

"Şabaniyyə münacatları” sanki Allahdan bir qəlb aydınlığı, qəlb diriliyi istəmək fürsətidir. Allah dərgahında mənəvi nemətlərdən bir qədər əldə etmək fürsətidir.

İnsan sanki öz canında, qəlbində olan zülmət örtüklərinin aradan götürmək istəyir. Və bu örtüklərin yox olması üçün bir fürsətdir "Şabaniyyə münacatları”.

Nur olan Allahdan nuraniyyət qəbul edə bilmək fürsətidir bu. Bir Allahdan ki, Özü Nurdur və Nurun özüdür, insanın qəlbində İlahi nuru qəbul etmək üçün müvafiq şərait yaranır.

Bir haşiyə çıxaq ki, bu dua və zikrlərdə ümumilikdə dərin təsir potensialı mövcuddur. İnsan duanı edə-edə, zikri oxuya-oxuya onlardakı mənaları tədricən mənimsəyir və bir zaman yetişə bilər ki, insan bu mənalarla yaşasın, həyatını bu müddəalara uyğun qursun.

Götürək elə ötən Rəcəb ayının gündəlik duasını. Bəndə bu duada iqrar edir ki, hər bir xeyir Allahdandır və hər bir şərdən Ona pənah aparır.

Bəndənin az, zəif əməllərin müqabilində bol-bol nemətləri onun üzərinə əta edən Allahdır. İstəyənə də verəndir, istəməyənə də. Öz böyük rəhməti ilə Onu tanıyana da verəndir, tanımayana da. İbadət edən insan, bu ayın bütün nemətlərindən faydalana bilməsə də, Allahın lütfü-inayətilə bu ayın bərəkətindən az da olsa, ruhuna hopdura bilir.
Bu ruhuna qəbul etdiyinin bərəkətindən, şəban ayının fəzilətlərini dərk etmək və onlardan yararlanmaq hazırlığı əmələ gəlir insanda. Və bəndə səy etsə, Uca Allahın tofiqatı ilə, şəban ayından bu mənəvi paylardan apara bilər.

Zira, mənəvi nemətləri qəbul etmək üçün insanın müvafiq tutumu olmalıdır. İnsan əvvəl gərək daxilini təmizləsin, özünü hazırlasın ki, Ramazan ayında ona doğru gələn İlahi nuraniyyəti qəbul etmək iqtidarına malik ola bilsin.

Sanki bir çaydır rəcəb və şaban ayları. İnsan hər gün nə qədər bacarırsa, baş vurur, yuyunur bu mənəviyyat çayında. Nə qədər bacarırsa, öz ruhunu təmizləyir bu çayda. Mübarək Ramazan ayına artıq yeni bir ovqatla, təmizlənmiş və riqqətli qəlblə çıxır bəndə...

Hüseynsevərlər ayı

Hüseynsevərlər üçün xüsusi bir aydır şaban. Bu ayın 3-cü günü Şəhidlər Sərvəri İmam Hüseynin (ə) mövlud günüdür. Kərbəla qəhrəmanı Əbülfəzl Abbasın (ə) mövludu isə ayın 4-dür.

Fədakarlığın, zülmə müqavimətin simvolu olan Həzrət Abbasın (ə) mövludu. Şabanın 5-i isə İmam Hüseyn (ə) yadigarı, Aşura şahidi, Kərbəla müsibətini dünyaya car çəkən, zalım yezid istibdadını titrədən İmam Zeynəl-abidinin (ə) - Hüseyn oğlu Əlinin (ə) mövlud günüdür. Bəndəlik simvolu olan, səcdə simvolu olan Həzrət Səccadın (ə) mövludu.

Bütün dünyada azadələrin simvolu olan bir şəxsiyyətin mövludu olan bir aydır şaban ayı. Baxsaq, görərik ki, bir bu 3 gündə nə böyük mənəvi potensial vardır.

Ayın ortasında isə - "Nimeyi-şaban” adı ilə məşhur olan 15-ci gündə Zəmanə Sahibi Həzrət Mehdinin (ə.f.) mövludu günüdür. Bəşəriyyətin gəlişinin intizarında olan bir kəsin mövlududur "Nimeyi-şaban”da. Haqq-ədalət simvolunun, bəşəriyyəti zülmdən qurtaracaq bir mübarək ismin mövlududur o gün...

Bütün öz misilsiz xüsusiyyətləri ilə yanaşı, şaban ayı bu 4 mübarək mövlud günləri sayəsində dərkedilməz bir yüksəkliyə qalxır. Mümkün deyil ki, insan istəsin Allahdan, çalışsın, səy etsin və bu böyüklükdə mənəvi potensialın müqabilində əliboş qalsın. Amma insan öz işlərini proqramlaşdırmasa, özünü hazırlamasa, qəlbi ilə məşğul olmasa, səy etməsə mənəviyyat süfrəsinin yanında əyləşməkdən özünü məhrum edə bilər.

Peyğəmbər (s) bu ayda oruc tutana şəfaətçi olacağını vəd edir.

Əziz İslam Peyğəmbəri (s) buyurur: "Şaban - mənim ayımdır, Ramazan ayı - Allahın ayıdır. Hər kim mənim ayımdan 1 gün oruc tutsa, Qiyamət günü mən onun şəfaətçisi olaram”.

Açıq-aşkar bir yol göstərilir o insana ki, Həzrət Rəsuli-Əkrəmin (ə) şəfaətçiliyini arzulayır. Bu ayın ehtiramını yüksək bilib, oruc tutan insan üçün Xətəmül-ənbiya - Peyğəmbərlərin Möhürü, Sonuncu İlahi Elçi (s) şəfaətçi olar Qiyamət günündə.

Həzrət Peyğəmbər (s) o adamın şəfaətçisi olar ki, buna ləyaqəti olsun, buna uyğun tutumu olsun, səviyyəsi çatsın. Allaha xatir xalis ibadət edən insan, bütün səhv və xətalarına baxmayaraq, ruhunu qorumağa çalışmışdır və buna görə Həzrət Rəsuli-Əkrəmin (s) şəfaətinə ümid bəsləyə bilir. Şaban ayının orucunun dərəcəsi gör nə qədərdir ki, insanı Peyğəmbərin (s) şəfaətçiliyini qazanmağadək yüksəldə bilir. Şaban ayının belə bir gücü, belə bir imkanları var.

Nəql edirlər ki, əziz İslam Peyğəmbərinin (s) özü Şaban ayını oruc tutardı və onu Ramazan ayına vəsl edərdi, birləşdirərdi.

Böyük İslam Peyğəmbərindən (s) buyurulur: "Şaban - mənim ayımdır. Bəs bu ayda öz peyğəmbərinizin sevgisini qazanmaq və Allaha yaxınlaşmaq üçün oruc tutunuz”.

Çox dəqiq reseptdir ki, Rəsuli-Əkrəm (s) müsəlmanların nəzərinə çatdırır. O Həzrətin (s) məhəbbətini necə qazanmaq olar? Allaha yaxınlaşmaqla, xalis ibadətləri Allah üçün yerinə yetirməklə.

Və Peyğəmbərimiz (s) buyurur ki, bu yaxınlaşma səyinin təzahürü - oruc kimi ibadətlərdir. Demək, şaban ayının orucu öz-özlüyündə mübarəklik yükü daşımaqla yanaşı, insan üçün Peyğəmbər (s) sevgisini qazandırır, Allaha təqərrübü, Allaha yaxınlığı insana nəsib edir.

Şaban ayının orucu - behiştin açarıdır

Şaban ayının orucu - behişt açarlarındandır. Həzrət Rəsulullah (s) buyurub: "Şaban - mənim ayımdır. Hər kim bu ayda bir gün oruc tutsa - behişt ona vacib olar”.

Təsəvvür edək: bircə gün ixlaslı oruc, behiştə aparan bir vəsilə ola bilər. İnsan həyatında intibah prosesi həmin o bircə günlərdən, bircə saat və dəqiqələrdən başlayır.

İnsan hər saat özünə nəzarət edir ki, günah etməsin. Göz günahı, dil günahı, qulaq günahı, qəlb günahı etməsin. Sonra bu özünənəzarət artıq günlərə keçir, günləri əhatə edir.

Nəhayət, bir gün gəlir ki, insanın özünənəzarəti, ibadi durumda olması fasiləsiz bir prosesə çevrilir. Nə edirsə-etsin - ticarətlə məşğuldur, dərs oxuyur, valideyni ilə, övladı ilə, həyat yoldaşı ilə, qohum-qonşusu ilə ünsiyyət saxlayır, yaxşılıqlara dəvət edib, pisliklərdən çəkindirir insanları, öz məlumatlılığını, bilgisini artırır, dincəlir, idman edir, səyahətə gedir, ictimai həyatda iştirak edir - hər bir təzahüründə ibadətdə olur insan. Çünki Allah istəyən kimi edir və Allaha görə edir. Həmin bu 1 saatlardan, 1 günlərdən başlayan şərəfli yoldur bu.

Şaban ayının orucunun Peyğəmbər (s) məhəbbətini qazandıran, Allaha yaxınlaşdıran və behiştə aparan bir amil olması barədə Əhli-beytdən (ə) silsiləvi surətdə nəql olunub.

Altıncı İmam Həzrət Cəfər Sadiq (ə) öz babası 4-cü İmam Həzrət Səccadın (ə) dilindən belə nəql edir: "Elə ki, şaban ayı daxil olardı, Həzrət Zeynəlabidin (ə) öz əshabını yığardı və buyurardı: ”Ey mənim əshabım! Bilirsiniz bu, nə aydır?! Bu, Şaban ayıdır.

Və Həzrət Rəsul buyurmuşdur: "Şaban - mənim ayımdır. Bəs bu ayda öz peyğəmbərinizin məhəbbətini cəlb etmək üçün və Allahınıza yaxınlaşmaq üçün - oruc tutunuz”".

Sonra İmam Zeynəlabidin (ə) Allaha and içərək buyurur ki, atam Hüseyn ibn Əlidən (ə) eşitdim ki, buyurub:"Əmirəlmöminin (Həzrət Əli (ə)) eşidib ki, hər kim Peyğəmbərin (s) məhəbbətini cəlb etmək və Allaha yaxınlaşmaq üçün şabanın orucunu tutsa, Allah-Təala onu sevər və Qiyamət günündə öz kəramətinə yaxın edər və behişti ona vacib edər”.

Şabanda ən gözəl əməllər

Şaban ayının orucunun yüksək fəzilətləri barədə dini mənbələrdə çox vurğulanıb. İmam Cəfər Sadiq (ə) öz yaxınlarından birinə buyurur: "Öz ətrafında olan kəsləri şabanın orucuna vadar et (təkidlə dəvət et)”. O yaxını soruşur: "Sənə fəda olum! Məgər onun fəzilətində bir şey görürsən?”

İmam (ə) buyurdu: "Bəli. Allahın Rəsulu (s) hər vaxt ki, şabanın hilalını görürdü, carçıya tapşırardı ki, Mədinədə nida etsin: ”Ey Mədinə əhli! Mən Allah tərəfindən sizin üçün göndərilmişəm!"

Sonra buyurardı "Agah olunuz! Həqiqətən şaban - mənim ayımdır. Allahın rəhməti olsun o kəsə ki, mənə mənim ayımda kömək edə - yəni oruc tuta”".

Carçı gəzərdi Mədinəni və insanları şaban ayının orucuna dəvət edərdi. Əslində bu günədək o çağırış səslənir və iman əhli Peyğəmibər (s) ayında Rəsuli-Əkrəmə (s) kömək etməyə - oruc tutmaqla öz qəlbini təmizləməyə, dinini yaşatmağa dəvət edilir. Allah cəmi müsəlmanlara bu nidaları cavablandırmağı qismət etsin!

Həzrət Əli (s) də həmçinin buyurardı: "O zamandan ki, eşitdim ki, Rəsulun (s) carçısı şabanda nida verdi, şaban ayının orucu məndən fövt olmayıbdır. Və o zamana qədər ki, sağam, Allahın izni ilə, inşallah, (şabanın orucu) məndən fövt olmayacaq”.

İmam Cəfər Sadiqdən (ə) soruşduqda ki, şaban ayında ən yaxşı əməllər hansıdır, o Həzrət (ə) sualı belə cavablandırmışdı: "Təsəddüq (sədəqə vermək) və istiğfar (tövbə etmək, bağışlanmaq diləmək). Hər kim bu ayda sədəqə verər, Allah-Təala onu tərbiyələndirər”.

İnsanı tərbiyələndirən, inkişaf etdirən - Allahdır. İnsanın əməli müqabilində onun qəlbinə müvafiq durum, müvafiq tərbiyə hopur. Və sədəqə - insanın qəlbinin İlahi tərbiyəsinə yardım edən vasitələrdəndir.

Və sədəqənin azı-çoxu mühüm deyil, keyfiyyəti mühümdür. Kəmiyyəti az ola bilər, amma sədəqə səmimi qəlbdən verilsə, insanın özünə təsiri çox gözəl olar.

Təbərrük üçün şəban ayının bəzi əməllərinə diqqət yetirək:

Hər gün 70 dəfə: "Əstəğfirullahə və əs’əluhut təubəh” ("Allahdah bağışlanmaq istəyirəm və Ona tərəf qayıdıram”) zikrini demək.

Bu bir ay ərzində 1000 dəfə: "Lə ilahə illəllah və la nə’budu illə iyyəhu, muxlisinə ləhud-dinə və ləv kərihəl-muşrikun” ("Allahdan başqa tanrı yoxdur, müşriklərin xoşuna gəlməsə də dini yalnız Allaha məxsus edərək, Ona ibadət edirik”) zikrini demək.

Bu zikr üçün çox savab və fəzilət deyilmişdir, onlardan biri budur ki, onu deyən insanın əməl dəftərinə 1000 ilin ibadəti yazılar.

Bu ayın hər cümə axşamı günü 2-rükətli namaz qılınır, hər 2 rükətdə "Fatihə”dən sonra 100 dəfə "İxlas” surəsi oxunur. Namazdan sonra 100 dəfə salavat deyilir.

Allah-Təala belə bir namazı qılan bəndənin din və dünya barəsindəki hacətini ona əta edər. Bu günlərdə oruc tutmağın da böyük fəziləti var. Nəql edilir ki, Şaban ayının hər cümə axşamı günü (hər dördüncü günü) səmalar bəzənər.

Mələklər deyərlər: "İlahi! Bu gündə oruc tutanları bağışla və onların duasını qəbul et”.

Həzrət Peyğəmbərdən (s) nəql edirlər ki, Şaban ayının bazar ertəsi və cümə axşamı günü oruc tutanın Allah-Təala 20 dünya və 20 axirət hacətini yerinə yetirər.

Bu ayda çoxlu salavat - "Allahummə salli alə Muhəmmədin və Ali-Muhəmməd” demək fəzilətlidir.

Həzrət Peyğəmbərə (s) nisbət verilən hədisdə buyurulub ki, kim Şaban ayının ilk 3 günü oruc tutub (həmin 3 günün) gecələri 2 rukət namaz qılsa, hər rukətdə bir dəfə "Fatihə”, 11 dəfə "İxlas” surələrini oxusa, böyük savablar əldə edəcəkdir.

Allah Təala bizlərə bu fəzilətləri dərk etməyi və onlara əməl etməyi nəsib etsin. Amin!


http://deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031