Hazırcavablıq nədir? Hazırcavablıq nə zaman yaxşıdır?
Hər kəsin arzusu budur ki, səlis danışmağı bacarsın və insanların verdiyi suallara tez bir zamanda məntiqli cavablar versin. Bəzən elə sözlər eşidirik ki, həmin an ona cavab vermək qüdrətində olmuruq. Bir müddət keçəndən sonra öz-özümüzə deyirik ki, kaş filan cavabı verərdim. Hazırcavab olmaq cəmiyyətdə bəzən xoş qarşılanır, bəzən də pis. Bəzən ədəbsizlik kimi də qəbul olunur. Bəzən də o cəmdə olan insanları sevindirir və xoşhal edir. Mühüm olanı odur ki, biz bu qabiliyyətə və məharətə malik ola bilək. Hər bir şəraitdə lazım olan cavabı verə bilək. Lakin nəzərə almaq lazımdır ki, hazırcavab olmaq ağlına gələn hər sözü demək deyildir. Hazırcavab insan özünü kontrol edə bilir və verdiyi cavabların məntiqli olmasına diqqət edir. O zaman ki, siz qarşı tərəfə görə əsəbiləşməmisiniz və əsəb gərginliyi sizə təzyiq göstərmir – həmin insana cavab vermək üçün münasib zamandır. Ancaq hazırcavab olmağınızla qürurlanmayın, çünki ağılsız hesab oluna bilərsiniz. Bəzən hazırcavab insanların sükut etdiklərini görmək olar. Bu da həmin şəraitdə cavab verməyin nə qədər məntiqsiz olduğundan xəbər verir. Bəzən kiminsə səhv rəftarı qarşısında susmaq belə, hazırcavablıq hesab olunur. Yəhudilərdən biri Əmirəl-mömininə (ə) buyurur: “Siz hələ peyğəmbərinizin (s) cənazəsini dəfn etməmiş, haqqında nəzər ayrılığı etdiniz”. İmam (ə) cavabında buyurur: “Biz Peyğəmbərin (s) vəsisi barəsində nəzər ayrılığı etdik, nəinki özü barəsində. Ancaq siz yəhudilər Musa (ə) ilə birlikdə dənizdən keçdikdən sonra və fironlular qərq olandan sonra peyğəmbərinizə dediniz: “Bizim üçün məbud qərar ver. Necə ki, bütpərəstlərin bütdən məbudları vardır”. Musa (ə) da cavabında buyurdu: “Siz nadan bir cəmiyyətsiniz””. Bir gün Müaviyyə (lən) bir məclisdə idi ki, İmam Əlinin (ə) qardaşı Əqil də orada idi. İnsanlara dedi: “Siz Əbu Ləhəbi tanıyırsınız? Allah “Məsəd” surəsini onun barəsində nazil etmişdir?”. Şam əhli dedilər: “Yox, tanımırıq”. Müaviyyə dedi: “Əbu Ləhəb bu şəxsin (Əqilin) əmisidir”. Əqil insanlara dedi: “Siz Əbu Ləhəbin arvadını tanıyırsınızmı ki, Allah onun haqqında buyurur: “Həyat yoldaşı odun gəzdirirdi və boynunda xurma liflərindən kəndir asılmışdı?””. Şam əhli dedi: “Xeyr, tanımırıq”. Əqil dedi: “Bu qadın – Müaviyyənin bibisidir”. Əqilin bu cavabı Müaviyyənin başını aşağı saldı və bir daha dilini açmadı. Ariflərdən biri bir uşaqdan soruşur: “Əgər mənə desən ki, Allah haradadır, sənə bir dənə portağal verəcəyəm”. Həmin oğlan cavabında dedi: “Mən sizə iki ədəd portağal verərəm, əgər Allahın harada olmadığını desəniz”. Yoxsul bir kişi məclisə daxil olur və zəngin insanın yanında əyləşir. Zəngin insan onun yanında oturmaqdan narahat olur və deyir: “Səninlə uzunqulaq arasında nə qədər fərq vardır?”. Yoxsul deyir: “Bir metrə qədər”. Zəngin bu cavabdan susur və başını aşağı salır”. Bəli, hazırcavab olmaq yaxşıdır, ancaq qırmızı xətləri həmişə qorumaq lazımdır. Məntiqli hazırcavab olmaqla məntiqsiz hazırcavab olmağın arasındakı fərqi tanımalıyıq. Qırmızı xəttimizin harada olduğuna diqqət etməliyik. Oxşar xəbərlər
|