Paxıl insan İslamın nəzərində münafiq sayılır
“Şübhəsiz, münafiqlər odun ən aşağı təbəqəsindədirlər”. (“Nisa” 145). İnsanların pisliyini istəmək və həsəd aparmaq – münafiqin sifətlərindəndir. Hər kəs öz mənliyinə müraciət edib baxmalıdır ki, görəsən onda da bu 2 rəzil sifət cəm olmuşdur, yoxsa yox? Əgər belədirsə, özünü islah etməyə cəhd etməlidir. Həsəd elə bir xəstəlikdir ki, bu gün onu hər yerdə müşahidə etmək olar. Quran həsəd barəsində buyurur: “Əgər sənə bir yaxşılıq (qələbə və qənimət) yetişsə, bu onları narahat edər və əgər bir müsibət (məğlubiyyət yaxud bir ziyan)yetişsə, «biz işimizi(n ehtiyatını) qabaqcadan götürmüşük» deyər və şad halda (öz yerlərinə) qayıdarlar”. (“Tövbə” 50). Bəli, münafiq o insandır ki, sənə yaxşılığın çatmasını istəməz və pislik görən zaman sevinər. “Yoxsa onlar Allahın insanlara (Peyğəmbərə və onun Əhli-Beytinə) Öz fəzlindən verdiyi şeyə görə paxıllıq edirlər?”. (“Nisa” 54). Həsəd ilə qibtə bir-birindən onunla fərqlənir ki, paxıl insan paxıllıq etdiyi insanın mal-dövlətinin məhv olmasını arzulayar. Ancaq qibtə edən insan istəyər ki, onun kimisini o da əldə edə bilsin. Həzrət Peyğəmbər (s) buyurur: “Mömin qitbə aparar, ancaq münafiq paxıllıq edər”. Xeyirxahlıq imanın nişanəsindən olduğu kimi, insanların pisliyini istəmək isə nifaqın əlamətlərindəndir. Bəs bir insanın paxıl olmasına nə səbəb olar? Adətən kin və düşmənçilik – həsəd atəşini alovlandıran amillərdən sayılır. Əgər bir insanın pisliyini istəyirsənsə, onun hər şeyinin məhv olmasını da istəyirsən ki, bu da həsəddir. Həsədə səbəb olan başqa bir amil – təkəbbürdür. O şəxs ki, özünü başqalarından üstün görər, başqasının ucalmasını görməyə taqəti olmaz. İstəyir ki, həmişə özü yuxarıda olsun. Həsədə səbəb olan amillərdən biri də rəhbərlik sevgisidir. Əgər siz işinizdə yeganəsinizsə, onu başqasına öyrətmək istəməzsiniz. Çünki bu zaman yeganəliyiniz əlinizdən alınmış olacaqır. Paxıl insan bu həqiqəti qəbul etməlidir ki, həsəd – bir mikrobdur və onu daxildən yeyir, ətraf mühitə isə pisliklər səpələyir. Ona görə də ondan xilas olmaq qaçılmazdır. İnsan bəzən elə paxıl insanlarla rastlaşır ki, nalayiq rəftarlar nümayiş etdirirlər. Bir cəmiyyətin üzvü olduğumuz üçün bu insanlarla bir yerdə yaşamağı öyrənməyimiz lazımdır. Əxlaq elmində bir termin vardır – təğaful. Yəni, özünü görməməzliyə vurmaq. Sanki həmin şəxsin nə dediyini və nə etdiyini bilmirsən. İmam Sadiq (ə) buyurur: “Bir insan üçün üç şeydən qaçış yoxdur: nəsihətedənlə məsləhətləşmək, paxıl insanla xoşəxlaq olmaq, insanlarla dost olmaq”. Burada xoşəxlaq dedikdə, yəni həmin şəxsə qarşı mülayim olmaq və onun əziyyətinə dözmək nəzərdə tutulur. Həzrət Peyğəmbər (s) buyurur: “Üç şey vardır ki, əgər kimdəsə olmasa, əməli tamamlanmaz: o təqva ki, onu günahdan saxlayar, o əxlaq ki, onunla insanlarla xoşəxlaq olar, o mülayimlik ki, yelbeyinlərin axmaqlığını dəf edər”. Həzrət Peyğəmbər (s) insanlara qarşı xoşəxlaq olmağı vacibatları yerinə yetirməklə eyni sırada qərar qoyur. Belə ki, Həzrət (s) buyurur: “Biz peyğəmbərlər (ə) insanlarla xoşəxlaqlı olmağa məmur edilmişik, necə ki, vacibatları yerinə yetirməyə məmur edilmişik”. /Deyerler.org/ Oxşar xəbərlər
|