Nəfsani istəklərimizlə necə mübarizə aparaq?
Qurani-Kərimin nəzərinə görə bir insanın insanlıqdan süqut etməsinin üç səbəbi vardır: havayi-nəfsi, şeytan və dünya.
Allah Təala Quranda nəfsinə məğlub olan insan haqqında buyurur: "Əgər istəsəydik, həmin ayələrin vasitəsi ilə onu(n məqamını) mütləq (məcburi şəkildə) ucaldardıq. Lakin o(nu bəşəriyyətin yol seçməkdə ixtiyar sahibi olması ənənəsinə uyğun olaraq azad qoyduq və o) alçaqlığa meyl edərək yerə ürək bağladı və öz nəfsi istəklərinə tabe oldu”. ("Əraf” 176). Nəfsinə məğlub olan insanın elmi vardı, ancaq elminin ardınca getmək əvəzinə, nəfsani istəklərini seçdi. Bu insan Bələm Baura idi. Allah əmr edir ki, bu cür alimlərin ardınca getmək olmaz. Bunlar nəfslərinə məğlub olmuş insanlardır."(Keçmişdəki azğınlıq və itaətsizliklərinə görə) qəlbini Öz zikrimizdən qafil etdiyimiz, nəfsi istəklərinə tabe olan və işi israf və (Allahın müəyyənləşdirdiyi həddi) aşmaq olan kəsə itaət etmə!”. ("Kəhf” 28). "Buna görə də, ona iman gətirməyən və (nəfsi) istəklərinə tabe olmuş bir şəxs əsla səni ondan (Qiyamətə inanmaqdan) yayındırmasın, ki, həlak olarsan”. ("Taha” 16). Nəfsin ardınca getmək insanı hidayət yolundan saxlayar və zəlil edər. Belə ki, Quran buyurur: "Buna görə də insanların arasında haqq əsasında hökm çıxar və nəfsi istəklərə tabe olma ki, o, səni Allahın yolundan azdırar”. ("Sad” 26). Nəfsi istəklər insanı o hala qədər süqut etdirər ki, Allahın peyğəmbərinə əl qaldırmağa cəsarət edər. "Bəs nə üçün hansısa bir peyğəmbər sizə ürəyinizə yatmayan bir şey gətirəndə təkəbbür göstərdiniz, bir dəstəni təkzib edir, bir dəstəni isə öldürürdünüz?!”. ("Bəqərə” 87). Bəs nəfsani istəklərimizlə necə mübarizə aparaq? Əxlaq kitabları bizə tövsiyə edir ki, insan ağlına tabe olmalıdır, nəfsinə deyil. İnsan qəlbi nəfsi ilə ağlı arasında qalar və hansı qalib gələrsə, ona itaət edər. "(İnsanın) nəfs(i) daim pisliyə əmr edəndir”. ("Yusif” 53). Hər kəs ki, rəhbərliyi nəfsinə verər – o zaman gözü, qulağı və ürəyi həqiqətlərə bağlı olar. Bu insan əgər nəfsinə qalib gəlməklə mübarizə aparmasa, əbədi olaraq bu halda qalacaq və insanlığından süqut edəcəkdir. Lakin əgər insanın diqqəti Allahda olarsa və qəlbi Allahı zikr etməklə rahatlıq taparsa, bu insan ağlı ilə hərəkət edər və həqiqətləri dərk etməyə çalışar. Biz əgər Allahın bizə əmr etdiklərinə iman gətirsək və qəlbən bunlara inansaq – kor-koranə yaşamarıq. Gördüyümüz hər bir işdə Allahın razılığını düşünər və Ona yaxınlaşmağa çalışarıq. Yox, əgər nəfsimizi rəhbər hesab etsək və o nə istəyirsə biz də ona qulaq assaq – aqibətimizi bada vermiş olarıq. Elə bu gündən qəti qərara alıb, nəfsimizlə mübarizə aparaq və ağlımıza qalib gəlməsinə imkan verməyək. /Deyerler.org/ Oxşar xəbərlər
|