Var-dövlətə görə insanlara ehtiram qoymaq olmaz
Mьəllif: admin1
Tarix: 22-10-2024, 10:38
Var-dövlətə görə insanlara ehtiram qoymaq olmaz
“Məbada dünya həyatının zinət və bər-bəzəyini istəmək üçün gözlərini onlardan (başqa bir şəxsə və şeyə tərəf) çevirəsən. (Keçmişdəki azğınlıq və itaətsizliklərinə görə) qəlbini Öz zikrimizdən qafil etdiyimiz, nəfsi istəklərinə tabe olan və işi israf və (Allahın müəyyənləşdirdiyi həddi) aşmaq olan kəsə itaət etmə!”. (“Kəhf” 28).

Bu ayədən belə nəticə çıxartmaq olar ki, Həzrət Peyğəmbərin (s) zamanında bəziləri sidq ürəklə ona iman gətirmişdilər. Səhər-axşam Allahı çağırardılar və onlar Sübhan Allahın həqiqi bəndələri idilər. Bəziləri isə ifrat və israf etdikləri üçün Allah Özünü yada salmaqdan onları qafil etmişdi.

Onlar Peyğəmbərin (s) yanına gəlib-gedirdilər. Ondan istəyirdilər ki, birinci dəstədə olan möminləri yoxsul olduqlarına görə özündən uzaqlaşdırsın.

Bu ayədə Allah Peyğəmbərə (s) əmr edir ki, səhər-axşam Allahı çağıranlarla səbirli davransın və onlardan Allahın razılığından başqa bir şey tələb etməsin. Onlara göz yummasın. Həmçinin ikinci dəstə insanlara itaət etməsin.

Quranda buyurulur: “Rəbblərinin razılığını qazanmaq və Ona yaxınlaşmaq istəyərək səhər-axşam Onu çağıranları öz yanından qovma! Nə onların hesabından (etiqadi və əməli vəzifələrindən və savablarından) bir şey sənin öhdənədir və nə də sənin hesabından bir şey onların öhdəsinə ki, (bu səbəbdən) onları qovasan və (nəticədə) zalımlardan olasan”. (“Ənam” 52).

Həzrət Peyğəmbər (s) heç bir zaman insanların sərvətinə görə onlarla münasibət qurmazdı. Onun üçün əsl meyar iman və təqva idi.

Əksinə, daha çox ünsiyyət bağladığı insanlar aşağı təbəqədən idilər. Səlman, Əmmar, Əbuzər, Bilal kimi. Onların arasında özünü elə aparırdı ki, sanki onlardan biridir.

Halbuki o, peyğəmbər idi, hamıdan üstün idi. Əgər onun iştirak etdiyi bir məclisə tanamadığı bir insan gəlsəydi, onun peyğəmbər olduğunu heç bir zaman dərk etməzdi.

Hədislərin birində oxuyuruq ki, Əniyə ibni Həsin Peyğəmbərin (s) yanına gəlir. Səlman Həzrətin (s) yanında idi. Əniyə deyir: “Ey Muhəməd! Nə zaman sənin yanına gəlsək, bu kişini bayıra çıxart”. Sonra bu ayə nazil olur. (“Kəhf” 28).

Həzrət Peyğəmbər (s) buyurur: “Ölənə qədər beş işdən əl çəkməyəcəyəm: nökərlərlə yerdə yemək yeməkdən, ulağa minməkdən, keçini əlimlə sağmaqdan, yun paltar geyinməkdən (o zaman yun paltar ən kobud paltar hesab edilirdi), uşaqlara salam verməkdən”.

Ona görə də Allah bizlərə buyurur: “Şübhəsiz, Allaha və axirət gününə (qəlbdə və əməldə) ümid bəsləyən və Allahı çox zikr edənlər üçün Allah Rəsulunun rəftarında həyat örnəyi və nümunəsi vardır”. (“Əhzab” 21).

Beləliklə, bir insana mal və dövlətinə görə hörmət etməyək. Həmçinin yoxsul insanlara yuxarıdan aşağı nəzər salmayaq. Onlarla yoxsul olduqları üçün əlaqəni kəsməyək. Bizim üçün əsl meyar - iman və təqva olmalıdır, mal-dövlət deyil.


(Deyerler.org)
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930