İmam Mehdinin (ə.f) 8 xüsusiyyəti haqda
İmam, özündə Peyğəmbərin (s) şanlı əxlaqını, Əmirəl-möminin Əlinin (ə) heyrətamiz xarakterlərini, Fatimeyi-Zəhra (s) və onun məsum övladlarının uca fəzilətlərini təcəssüm etdirir. Bu xüsusiyyətlərin bəzisinə toxunmaq, o həzrətə yaxınlaşmaq və daha artıq itaət göstərmək üçün əhəmiyyətli olardı.
1. Elm Əli (ə) buyurmuşdur: "O, sizin ən elmlinizdir". İmam Baqir (ə) buyurmuşdur: "Bitkilərin ən gözəl formada torpaqdan cücərdiyi kimi, Allahın kitabına və Peyğəmbərin (s) sünnəsinə elm də Mehdinin (əc.) qəlbində cücərib bitir. Kim onu görsə, belə desin: Salam sizə, ey rəhmət və nübüvvət əhli-beyti, ey elm xəzinəsi və risalət mənbəyi!". 2. Zöhd və dünyaya etinasızlıq İmam Rza (ə) buyurmuşdur: وما لباس القائم الا الغليظ وما طعامه الا الجسب "Bizim qiyam edənimizin paltarı bərk, xörəyi isə qurudur". 3. İnsanlarla ədalətli rəftar İmam Baqir (ə) buyurmuşdur: يعدل فى الخلق الرحمن البر منهم و الفاجر "O, insanlarla ədalətlə rəftar edir: istər saleh insan olsun, istər fasiq". 4. Peyğəmbərin (s) sünnəsinə əməl etmək Məhəmməd peyğəmbər (s) buyurmuşdur: "O məndəndir, adı mənim adımdır. Allah məni və mənim dinimi onun vasitəsilə qoruyacaqdır. O mənim sünnəmə əməl edəcək". 5. Ehsan və səxavət Peyğəmbər buyurmuşdur: "Bir kişi onun yanına gəlib deyəcək: "Ey Mehdi, mənə bir şey bağışla, əta et". Sonra Mehdi, daşıya biləcəyi qədər malı onun ixtiyarına buraxacaqdır". 6. Dua və ibadət İmam Mehdidən (əc.) nəql olunan müstəhəb namazlar və çoxsaylı dualar, o həzrətin dua və ibadətə olan xüsusi diqqətindən xəbər verir. Dua və ibadətin ən böyük bəndəlik əlaməti və Allaha yaxınlaşmaqda ən güclü amil olması isə aydın məsələdir. Əgər dahi peyğəmbərimiz (s) ağır risalət (peyğəmbərlik) məsuliyyətini qəbul etməyə hazırlıq üçün mütləq gecə namazı qılmağa məmur olunursa, demək həqiqi bəndəlik, habelə namaz, dua və ibadətlə ciddi məşğul olmaq, ağır məsuliyyətləri qəbul etmək üçün labüddür. Elə buna görə də bütün yer üzündə tövhid və ədalət prinsiplərini hakim etmək məsuliyyətini qəbul etmək, daimi ibadətlər və fasiləsiz dualar olmadan mümkün deyil. 7. Şücaət və qorxmazlıq Bütün müşrik və zalımlarla mübarizə və dünyanın qüdrətli tağutlarını diz çökdürmək, bənzərsiz şücaət və misilsiz rəşadət tələb edir: İmam Hüseyn (ə) kimi döyüş adamı olmaq, İmam Əli (ə) kimi zirehini arxa tərəfdən açıq qoymaq və Peyğəmbər (s) kimi döyüşlərin ən gərgin yerində öz savaşı ilə digər döyüşçüləri daha da ruhlandırmaq və qətiyyəti ilə mücahidlərə arxa durmaq! 8. Səbir və mətanət Hər bir insanın səbir və dözümünü, onun başına gələn müsibət və problemlərin qədərinə əsasən ölçmək lazımdır. Tarixin ən dözümlü və mətanətli insanları çətinliklər qarşısında neçə il davam gətirmiş və nə qədər qəm və bəlalara dözmüşlər? Heç şübhəsiz ki, bütün bu əsrlər boyu İmam Mehdinin (əc.) qarşılaşdığı müsibətlər başqa heç bir kəslə müqayisə olunası deyil. Çünki, artıq dözüm və mətanət tələb edən təkcə acıların çoxluğu və zamanın uzunluğu yox, həm də məsuliyyətin ağırlığıdır. İnsanın öhdəsinə düşən məsuliyyətin növü onun dözüm və davamlılıq miqdarını təyin etməkdə təsirlidir. Və unutmaq lazım deyil ki, həzrət Mehdi (əc.) zamanın imamı, insanların höccəti, bütün möminlərin vəlisi, şiələrin rəhbəri və atasıdır. Müqəddəs Cəmkəran məscidinin tədqiqat bölməsi Oxşar xəbərlər
|