Əhli-Beytə (ə) salavat, oruc, istigfar, Quran oxumaq, kindən təmizlənmək – Şəban ayının bəyənilən əməlləri
Hər kim bu rəhmət ayında axirət azuqəsini çoxaltmaz, Həqiqi Dost ilə görüşə necə ümid bəsləyə bilər ki?
Allaha gərək şükür edək ki, bu il də Şəban ayı kimi fəzilətli bir ayı bizlərə nəsib etdi və onu görmək qismətimiz oldu. Əgər bu rəhmət ayının hər saat və dəqiqəsindən bəhrələnə bilsək, axirət ehtiyatımızı zənginləşdirə bilərik. Hədislərimiz deyir ki, bu ayda şəfaət olmağa və bağışlanmağa ümid bir neçə dəfə çox olar. Çünki Həzrət Peyğəmbər (s) bu ayın adlarından birini şəfaət adlandırmışdır. Peyğəmbər (s) buyurur: “Şəban mənim ayımdır, bu ayda Peyğəmbərinizə (s) çoxlu salavat göndərin. Şəban ayı ona görə şəfaət ayı adlanır ki, Peyğəmbəriniz (s) bu ayda ona salavat göndərən hər kəsə şəfaət edər”. Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Şəban – mənim ayımdır. Ramazan ayı – Allah Təalanın ayıdır. Hər kim mənim ayımda bir gün oruc tutar, mən Qiyamət günü onun şəfaətçisi olaram. Hər kim mənim ayımın iki gününü oruc tutar – günahları bağışlanar. Hər kim mənim ayımın üç gününü oruc tutar – ona deyilər ki, işlərinə başdan başla”. Hər kim bu ayda ibadət və itaətini artırar, özünü Allah süfrəsi üçün daha yaxşı hazır edər. İmam Rza (ə) Əba Sələtə Şəban ayının son günlərində buyurur: “Allaha günahlarına görə tövbə et, çünki mübarək (Ramazan ayı) gələndə xalis olasan”. Bu ayda bəyənilən əməllər. 1. Tövbə və istiğfar. Bu ayda ən çox diqqət etməli olduğumuz əməllərdən biri – istiğfardır. İmam Rza (ə) bu ayda Əba Sələtə buyurur: “Sənə faydalı olana üz çevir. Ona görə də çoxlu dua və istiğfar et”. İmam Rza (ə) bu ayda edilən tövbənin əhəmiyyəti barəsində buyurur: “Hər kim Şəban ayında Allah dərgahında 70 dəfə istiğfar edərsə, günahları bağışlanar, baxmayarq ki, ulduzların sayı qədər olsa belə”. 2. Quran oxumaq. İmam Rzanın (ə) bu ayda tövsiyə etdiyi əməllərdən biri də Quran oxumaqdır. Əziz İmam (ə) Əba Sələtə buyurur ki, bu ayda çoxlu Quran oxusun. Həzrət Peyğəmbər (s) buyurur: “Allah məscidində heç bir Quran tilavəti və dərsi bərqərar olmaz, məgər o halda ki, onlara hüzur nazil olar və rəhmət onları əhatə edər. Mələklər ətrafında halqa vurarlar”. 3. Kini paklamaq. İmam Rzanın (ə) tövsiyə etdiyi başqa bir əməl – kini aradan aparmaq və bağışlamağı öyrənməkdir. Əgər qəlb kin kimi zülmətdən xilas ola bilərsə, o zaman nurani ola bilər. Çünki bu təhlükəli xəstəlik ardınca başqa xəstəlikləri də gətirər. O cümlədən: qeybət, həsəd, yalan, töhmət, qəzəb, tənə vurmaq və sair kimi. Hədislərdə oxuyuruq: “Eyiblərin kökü – kin bəsləməkdir”. Allah Təala bizlərə bu mübarək aydan bəhrələnməyi nəsib etsin. /Deyerler.org/ Oxşar xəbərlər
|