Quranın və hədislərin nəzərinə görə orucun təsirləri və fəzilətləri
“Ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi sizə (də) oruc yazıldı və qərara alındı, (ki,) bəlkə (ruhunuz qüvvətlənsin və nəfsi istəklərdən) çəkinəsiniz”. (“Bəqərə” 183).
Orucun gətirdiyi ilk fayda - təqvadır. Bu, elə bir faydadır ki, insanın həm dünyasını və həm də aqibətini abad edər. Hər kəs fitri olaraq bunu dərk edir ki, əgər ali aləm ilə əlaqəsi varsa, ruhaniyyətin üstün məqamına yüksələr. Edə biləcəyimiz ilk şey odur ki, nəfsimizin yüyənini ələ keçirər və nəfsi istəklərin qarşısını almış olarıq. Maddi həyatı hədəf deyil, vasitə kimi görməyə başlayarıq. Qısası, bizi Allah Təaladan qəflət edən hər bir məşğuliyyətdən uzaq olarıq. Bu təqvadır və ancaq oruc vasitəsilə əldə olunar. Oruc tutan insan qarın şəhvətindən uzaq olur və nəfsini tərbiyə etməyə başlayır. Özündə günaha qarşı batini qüvvə yaradır və tədricən iradəsinə hakim olmağa başlayar. Bu zaman hər bir günah qarşısında tez təslim olmur və Allah Təalaya yaxınlaşmaqda süstlük etmir. Təbiidir ki, o kəs ki, Allahın əmri ilə içməkdən, yeməkdən və başqa bədən ləzzətlərindən çəkinir, başqa günahlardan çəkinmək üçün daha müti və itaətkar olur. “Şübhəsiz, Allah (kəlmeyi-şəhadət deyərək əməldə dinə təslim olan) müsəlman kişilər və qadınlar, (İslamın üsulid-dininə və füruid-dininə qəlbən etiqad bəsləyən) mömin kişilər və qadınlar, itaətkar, müti kişilər və qadınlar, doğrudanışan kişilər və qadınlar və səbirli, dözümlü kişilər və qadınlar, qəlbən təvazökar olan kişilər və qadınlar, sədəqə verən kişilər və qadınlar, oruc tutan kişilər və qadınlar, şəhvətlərini qoruyan kişilər və qadınlar və Allaha çox zikr edən kişilər və qadınların hamısı üçün məğfirət (bağışlanmaq) və böyük bir mükafat hazırlamışdır!”. (“Əhzab” 35). Hədislərin nəzərinə görə orucun faydaları: 1. Oruc bədəni sağlam edər. Həzrət Peyğəmbər (s) buyurur: “Oruc tutun ki, sağlam olasınız”. Həkimlər müəyyən ediblər ki, insanın yediyi yeməklərin bir hissəsi mədədə xəstəliklərin mənbəyinə çevrilir, çünki bu qidalar bədən tərəfindən cəzb olunmadığına görə, bir çox mikrobların və bakteriyaların yuvasına çevrilir. Bu zərərli maddələr ancaq ac qalınarsa, bədəndən çıxa bilir. Bu tədqiqat əziz Peyğəmbərdən (ə) gələn nurani hədisi təsdiq edir. Həzrət (s) buyurur: “Mədə bütün dərdlərin evidir və oruc - ən yaxşı dərmandır”. Müsəlman hər ilin bir ayını oruc tutaraq, yemək yeməkdə ifrat etmir və bədənində yığılan əlavə qidalar da rahat şəkildə dəf ola bilir. 2. İqtisadi tarazlıq. İmam Sadiq (ə) buyurur: “Həqiqətən, Allah orucu vacib etmişdir ki, onun vasitəsilə yoxsullar ilə zənginlər arasında bərabərlik meydana gəlsin. Bu, ona görədir ki, zənginlər heç bir zaman aclıq dərdini hiss etməyiblər və yoxsullara rəhm etsinlər, çünki zənginlər nə zaman (yemək və içməyi) iradə ediblər, onlar üçün əldə olunan olmuşdur. Ona görə də Allah Təala (orucu vacib etmişdir ki) yoxsul və zəngin bəndələri arasında bərabərlik meydana gəlsin”. 3. İffətli olmaq. Oruc şəhvətin tüğyanının qarşısını ala bilən ibadətlərdəndir. Ona görə də iffət ilə oruc arasında sıx rabitə mövcuddur. Həzrət Peyğəmbər (s) buyurur: “Ey cavanlar dəstəsi! Sizlərdən hər kimin evlənmək üçün gücü varsa, evlənsin, çünki evlilik səbəb olar ki, insanların namusuna göz yumulsun. Ətəyi iffətsizlikdən qorunsun. O kəsin ki, evlənmək gücü yoxdur, oruc tutsun”. 4. Qəlb hüzuru. İmam Baqir (ə) buyurur: “Oruc və həcc insan qəlbinə hüzur verər”. 5. Behiştə daxil olmaq. Həzrət Peyğəmbər (s) buyurur: “Behiştdə Rəyyan adlı bir qapı vardır ki, oradan ancaq oruc tutanlar keçər”. 6. Mələklər dua edər. Həzrət Peyğəmbər (s) buyurur: “Allah mələkləri vəzifələndirmişdir ki, oruc tutanlara dua etsinlər”. 7. Dualar yerinə yetər. İmam Rza (ə) buyurur: “Oruc tutanların iftar zamanı duaları yerinə yetər”. 8. İxlas. Həzrət Zəhra (s.ə) buyurur: “Allah orucu ixlası möhkəmləndirmək üçün vacib buyurmuşdur”. 9. Şeytanı insandan uzaq edər. 10. Əməllər qəbul olar. /Deyerler.org/ Oxşar xəbərlər
|