Haqqı gizlədən İlahi lənətə düçar olur
Mьəllif: admin1
Tarix: 15-09-2020, 11:26
Haqqı gizlədən İlahi lənətə düçar olur
“Həqiqətən (Muhəmmədin (s) peyğəmbərliyi və kitabı barəsində) nazil etdiyimiz aydın dəlillər və hidayətləri kitabda (Tövrat və İncildə) insanlara bəyan etməyimizdən sonra, (onları) gizlədən kəslər, məhz onlardır Allahın lənətlədiyi və həmçinin (bütün) lənət oxuyanların lənətlədiyi kəslər!”. (“Bəqərə” 159).

Baxmayaraq ki, bu ayə yəhudilərə işarə edir, lakin Qurani-Kərim bütün dövrlərə aid olan səma kitabı olduğu üçün, İlahi lənət haqqı gizlədən hər bir kəsə şamil olur.

Başqa sözlə deyə bilərik ki, bu ayə yəhudi və xristian alimlərinə xitab olsa da, bütün tarix boyu haqqı gizlədənlərə şamil olur. Ayə bu insanları şiddətli sözlərlə məzəmmət edir və onları lənətləyir.

Bu ayədən aydın görünür ki, Allah və Onun mələkləri bu işi bəyənmirlər və ona nifrət edirlər. Haqqı gizlətmək elə bir pis əməldir ki, Haqqın tərəfdarı olan hər kəsin qəzəbinə səbəb olar.

Bu “alimlər” öz mənafelərini qorumaq üçün Allahın ayələrini insanlardan gizlətmişdilər.

Bunun nəticəsində onları yolundan azdırmışdılar. Bu da böyük günahdır və şiddətli əzabı vardır.

Haqqı gizlətmək elə bir mühüm məsələdir ki, qədimdən indiyə qədər davam etməkdədir. İnsan fitri olaraq haqqı istəyəndir.

O kəslər ki, haqqı gizlədir, həqiqətdə insanlığı fitri təkamül yolundan saxlamış olur.

Əgər İslam dininin zühur etdiyi zamanlarda yəhudi və xristian alimləri boyunlarına düşən vəzifəni yerinə yetirsəydilər, çox qısa zamanda bu üç din bir bayraq altında toplana bilərdi.

İslam dini buyurur ki, hətta o yerdə ki, danışmaq yerinə susursan, bu da haqqı gizlətmək hesab olunur.

Çünki bu zaman insanların həqiqəti eşitməyə ehtiyacları vardır. Müdrik bir alim danışaraq bu ehtiyacı aradan qaldıra bilər.

Qurani-Kərimin başqa yerində Allah Təala buyurur: “Və (yada sal) o zaman(ı) ki, Allah (səmavi) kitab verilmiş kəslərdən «mütləq, gərək onu(n həqiqətlərini) insanlara açıqlayasınız və gizlətməyəsiniz!» deyə əhd-peyman aldı.


j÷ Belə olan halda onlar onu (həmin kitabı və əhd-peymanı) arxalarına atdılar (ona göz yumdular) və onun müqabilində az bir qazanc əldə etdilər. Buna görə də, onların həmişə əldə etdikləri şey nə qədər də pis bir şeydir”.
(“Ali-İmran” 187).

Hədislərimiz də bu əməli pisləyir və məzəmmət edir. Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman alimə bildiyi şeydən sual verilər və o, gizlədər, Qiyamət günü ağızına atəşdən yüyən vurarlar”.

İmam Əliyə (ə) sual verirlər ki, İblis və Firondan sonra ən pis yaranmış kimdir? İmam (ə) buyurur: “Onlar fasiq alimlərdir ki, batili deyir və haqqı gizlədirlər. Allah onların haqqında buyurmuşdur: “Məhz onlardır Allahın lənətlədiyi və həmçinin (bütün) lənət oxuyanların lənətlədiyi kəslər!””.

Ayələrdən çıxardığımız nəticələr:
- Mədəni zülm - ən pis zülmlərdəndir ki, həm Xaliq və həm də məxluqun lənətinə səbəb olar.
- Haqqı gizlətmək qadağandır.
- Haqqı gizlətmək ən böyük günahdır.
- Haqqı gizlətmək Allah dininə zülmdür və insanları hidayətdən saxlayar.
- İnsanların lənəti təsirli olar.
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930