Ləvvamə nəfs əmmarə nəfsdən güclü olarsa, insan daha çox təqvaya meyil edər
“Sonra da günahlarını və təqvalı olmağını ona ilham etmiş və onu iş görməyə qadir etmişdir”. (“Şəms” 8). Nəfsinizin həm pak və həm də napak qidaları vardır. Nəfsinizin pak qidası – təqvadır: İlahi həqiqətlər, rəbbani həqiqətlər, ərş feyzləri və əxlaqi həsənələr. Nəfsinizin napak qidası isə günahdır: çirkin əməllər, pisliklər, üsyanlar... Əmirəl-möminin (ə) buyurur: “Yaxşılıqların məcmuəsi təqvada toplanmışdır”. O zaman ki, deyirik təqva, yəni bütün ibadətlər, əxlaqi həsənələr, xeyir işlər nəzərdə tutulur. Təqva – insan üçün ən gözəl libasdır. “Əlbəttə, təqva libası daha yaxşıdır”. (“Əraf” 26). O kəs ki, nəfsini təqva ilə qidalandırar, nicat tapar. “Nəfsini (etiqad və əxlaq kamallarında) təkamülə çatdıran və (fikir və nəfs pisliklərindən) onu təmizləyən kəs şübhəsiz, nicat tapmışdır!”. (“Şəms” 9). Lakin əksinə o kəs ki, nəfsinə günahı daddırar – şübhəsiz ki, ziyana uğrayar. “Və (nəfsini) pisliklərə bulaşdırıb cəhalət, küfr və pozğunluq pərdəsi altında gizlədən kəs, şübhəsiz, ziyana uğramışdır!”. (“Şəms” 10). Nəfs, insan bu dünyaya qədəm basdığı gündən onunladır. Allah insanın fitrətini pak yaratmışdır. Ondan istəmişdir ki, bütün ömrü boyu böyük cihada qədəm basıb, nəfsi ilə mübarizə aparsın. İnsanın mübarizə aparmalı olduğu nəfsi əmmarə, yəni şeytani nəfsdir. Bundan başqa insanın ləvvamə deyilən nəfsi də vardır ki, onu pisliklərdən uzaqlaşdırmağa çalışar. Əgər ləvvamə nəfs əmmarə nəfsdən güclü olarsa, insan daha çox təqvaya meyil edər. Ancaq əskinə - əgər əmmarə nəfs güclü olarsa, insan günaha meyil edər. Bu mübarizə və döyüş insanın ömrünün sonuna qədər davam edər. Bu, bitməyən və tükənməyən bir döyüşdür. Bu döyüşdən qalib o kəslər çıxar ki, nəfsi istəklərinə sözün həqiqi mənasında qalib gələr. Nəfsini ağıllarına ram edər və qəlbə hakim olmasına imkan verməz. Məsumlarımız (ə), peyğəmbərlər (ə), siddiqlər, muxləs bəndələr məhz bu cür insanlardırlar. Allah bu mübarək ayda və Qədr gecələrində bizi nəfsimizə qalib gəlib, böyük cihadda qələbə qazananlardan qərar versin və bu qələbəni ömrümüzün axırına qədər davam etdirsin! “Kim doğru yola gəlsə, ancaq öz xeyrinə doğru yola gəlib və kim yolunu azsa, öz ziyanına azmışdır”. (“İsra” 15). /Deyerler.org/ Oxşar xəbərlər
|