Hikmət nədir? Kimlərə verilir?
“Hikməti (şəriət hökmlərini və əqli və əməli maarifi) istədiyi (və vücudunda tələbat olan və haqqın hikməti ilə uyğun gələn) şəxsə verir. Kimə hikmət verilsə, (ona) doğrudan da, çoxlu xeyir verilmişdir. Əsil ağıl sahiblərindən başqa heç kəs öyüd almaz”. (“Bəqərə” 269).
Bu ayədən göründüyü kimi, hikmət elə bir şeydir ki, hər kəsə verilməz. Allahın xüsusi bəndələrinə verilər. Allah bu neməti böyük xeyir kimi tanıtmışdır. Bəs hikmət nədir? İmam Sadiq (ə) buyurur: “(Hikmət) Allaha itaət və İmamı tanımaqdır”. Qurani-Kərimdə buyurulur: “Ayələrini onlara oxumaq, onları (əqidədə, əxlaqda və əməldəki çirkinliklərdən)pak etmək, onlara (səmavi) kitab, dini və əqli mərifətlər öyrətmək üçün ümmilərin (çoxusu savadsız olan Məkkə camaatının) arasından özlərindən olan bir Peyğəmbər seçən Odur”. (“Cümə” 2). Bu ayədən göründüyü kimi, Allah Təala Həzrət Adəmdən (ə) tutmuş, Xatəmül-ənbiyaya (s) qədər məbus etdiyi bütün peyğəmbərlərini (ə) Allahın ayələrini oxumaqla başlayaraq, hikmətlə sonlandırmaq üçün göndərmişdir. Bu hikmətin məbdə və məqsədi vardır. Onun məbdəsi – Allah Təala, məqsədi – İmama (ə) mərifət əldə etməkdir. Ona görə də deyə bilərik ki, hikmət – o elmdir ki, Allah Təalanı tanımaqla başlayar, İmamları (ə) tanımaqla sona çatar. İmam Baqir (ə) buyurur: “Hər kim ölər və onun üçün İmam olmazsa, cahil ölümlə ölmüş olar. Hər kim ölər və İmamına qarşı arif olarsa, onun üçün ziyan olmaz. Hər kim İmamına arif olaraq ölərsə, o kəs kimidir ki, Qaim İmamla (ə.f) onun xeyməsində olar”. Ona görə də insan əgər İmamını (ə) tanıyarsa, ilk növbədə imaməti tanımış olar. Sonrakı addımda İmamı (ə) ümumi olaraq tanıyar. Sonrakı addımda isə İmam Zamanını (ə.f) xüsusi olaraq tanıyar. Əgər insan imamət mövzunu bilməzsə, İmamını (ə) lazım olan qədər tanımaz. Həmçinin Allahın bu nurani kəlamını dərk etməz: “Beləliklə, o (İbrahim), hər şeyi kamil surətdə yerinə yetirdi. Rəbbi dedi: “Həqiqətən, Mən səni insanlara imam və rəhbər təyin etdim””. (“Bəqərə” 124). İmam Sadiq (ə) buyurur: “Allah İbrahimi (ə) nəbi qərar verməzdən əvvəl bəndə qərar vermişdir. Onu nəbi qərar verməzdən əvvəl rəsul qərar vermişdir. Onu rəsul qərar verməzdən əvvəl xəlil qərar vermişdir. Onu xəlil qərar verməzdən əvvəl imam qərar vermişdir. O zaman bütün bunlar onda cəm oldu, buyurdu: “Mən səni insanlar üçün imam qərar verdim”. Elə ki, imaməti İbrahimin (ə) gözündə əzim cilvələndirdi, dedi: “Övladlarımdan necə?”. Allah buyurdu: “Mənim əhd-peymanım zalımlara nəsib olmaz””. Bu hədisdən göründüyü kimi, imamət elə bir ali məqamdır ki, özündə rəbbani sirləri cəmləmişdir. İmamın (ə) 40-a yaxın xüsusiyyəti olmalıdır ki, onlardan biri budur ki, Allah Təbarəkə və Təala İmama (ə) vüqar və cəlal tacı verər. Bu, elə bir tacdır ki, onun yardımı ilə Allah Təala ilə vasitəsiz rabitə qurar. Xüsusiyyətlərindən biri budur ki, Allah onu cəbbar nuru ilə örtər. Yəni, İmamın (ə) müqəddəs varlığı başdan-ayağa nurla örtülər. Allah bu nur haqqında belə buyurur: “Allah göylərin və yerin nurudur (onları nurlandıran, onların əhalisini doğru yola yönəldən və onların işlərini idarə edəndir). Onun nurunun (din və kitabının) məsəli, içində çox işıqlı bir çıraq olan çıraqqabı kimidir. Həmin çıraq şüşənin içindədir və o şüşə ulduz kimi parlaq və nurludur. O çıraq (məkan baxımından) nə (günəşin əsr çağı saçdığı) şərqə, nə də (sübh çağı saçdığı) qərbə məxsus olmayan (əksinə, günəşin həmişə saçdığı bir məkanda olan) çox bərəkətli bir zeytun ağacından (onun yağı ilə) yanır. Onun yağı hətta ona od toxunmasa belə, (saflıq və şəffaflıqdan) az qalır işıq saçsın. (Yağın, çırağın, şüşənin və çıraqqabının nuru) bir-birinin üstünə yığılmış nurlardır (yəni Allahın nur olması təsəvvür olunmaz dərəcədə yüksəkdir). Allah istədiyini (xüsusi hidayət ilə) Öz nuruna (dininə) tərəf yönəldir. Allah insanlara misallar çəkir. Allah hər bir şeyi biləndir. (Bu ilahi nur) Allahın (ad, məqam və binalarının) ucaldılmasına və orada Öz adının çəkilməsinə icazə verdiyi evlər (məscidlər və Məsumların məqbərələrin)dədir. Həmin evlərdə səhərlər və axşamlar Onu pak sifətlərlə mədh edərlər”. (“Nur” 35-36). Beləliklə deyə bilərik ki, hikmət – o nemətdir ki, Allaha itaətlə başlayar, İmama (ə) mərifətlə sona çatar. Allah bu neməti hər kəsə verməz. Hər kim bu nemətə malik olarsa, böyük bir xeyirə çatmış olar. Ona görə də imaməti dərk edən hər bir bəndə gərək bu hikmət nemətinin qədrini bilsin. Allah Təbarəkə və Təala bizləri hikmətə malik olanlardan qərar versin və Yer üzündə hüccət olan İmam Zaman ağanın (ə.f) xüsusi inayətini bizlərə nəsib etsin! /Deyerler.org/ Oxşar xəbərlər
|