Ayətullah Behcət haqqında bir xatirə
Mьəllif: admin1
Tarix: 9-06-2022, 09:40
Ayətullah Behcət haqqında bir xatirə
Höccətül-islam Fehri ilə müsahibə

Ayətullah Behcət haqqında xatirələrimdən bir-neçəsini burada sizin üçün nəql edirəm.

Nəcəf-Əşrəfdə olduğum vaxtlar Ayətullah Behcətin mənəvi məqamları barəsində çox eşitmişdim. Qum şəhərinə gələndə onu görmək arzusunda idim. Evləndikdən sonra təsadüfən onunla qonşu olduq. Bacardığım qədər onun camaat namazlarında iştirak etməyə çalışırdım.

Günlərin birində “mehrab şəhidi” Ayətullah Dəstğeyb bizim Qum şəhərindəki evimizə gəlmişdi. Təsadüfən həmin gün Ayətullah Behcət də bizə gəldi.

Behcətin başqalarıyla çox get-gəl etmədiyini bildiyimə görə, onun bu gəlişi məni çox təəccübləndirdi. Bu böyük şəxsiyyətin hər ikisi rəhmətlik Şeyx Kazim Şirazinin tələbələrindən olmuşlar.

Səmimi salamlaşıb-görüşəndən sonra Behcət oturub zikr deməyə məşğul oldu. Şəhid Dəstğeyb onunla üz-üzə əyləşərək sükut ixtiyar etmişdi. Təqribən on dəqiqədən sonra Behcət sağollaşıb getdi.

Şəhid Dəstğeyblə söhbət əsnasında onun mənəvi kamal və məqamları barəsində danışdıq. Ayətullah Dəstğeybdən soruşdum: Behcətin Nəcəfdə olduğu vaxtlarından hansı xatirə yadınızdadır?

Ayətullah Dəstğeyb buyurdu: “Behcətin mənəvi məqamları barəsində danışmağa biz çox acizik. Amma Behcətlə öz haqqımda olan bir hekayəni sizin üçün nəql edərəm.

Bir gün Nəcəfin tanınmış və böyük fəqihlərindən olan Şeyx Kazim Şirazinin dərsindən sonra Behcət ustada dedi: Dünən axşam bir yuxu görmüşəm.

Əgər izin versəniz, sizin üçün bu yuxunu danışardım. Şirazi soruşdu: Yuxuda kimi görmüsən? “Dəstğeybi” – deyə Behcət cavab verdi.

Ustad icazə verdikdə o, belə ərz etdi: Yuxu aləmində Dəstğeybin Nəcəfdən Şiraza getdiyini gördüm. Onun Şiraza gəlişi islam və şiənin daha da güclənməsinə səbəb olur.

Şiraz əhalisi üzərində “La ilahə illəllah, Məhəmməd rəsuləllah, Əliyyən vəliyyullah” yazılmış plakatlarla onu qarşılamağa çıxmışdılar. Şirazda böyük müvəffəqiyyətlər qazanır və oranın alimləri onun camaat namazında iştirak edirlər. Camaat arasında bir günəş kimi nur saçan Ayətullah Dəstğeybin bərəkətli vücudundan hamı istifadə edir.

Behcət yuxusunu danışıb qurtarandan sonra Şeyx Kazim Şirazi mənə xitab edərək dedi: “Ağa Dəstğeyb! Mən sizə elə günü bu gün Şiraza getməyi əmr edir və Nəcəfdə qalmağınızı haram bilirəm.”

Bu elə bir vaxtda idi ki, mən Nəcəfə Həzrət Əlinin (ə) hərəminin kənarında həmişəlik qalmaq üçün getmişdim. Şiraza qayıtmaq fikrim belə yox idi.

Hətta dünyadan köçərkən məni Nəcəfdə basdırmağı da vəsiyyət etmişdim. Amma şəri hakimin hökmünə əməl etmək vacib olduğu üçün ailəmlə birlikdə Şiraza qayıtmağa hazırlaşdıq.

Behcətin dediyi kimi, camaat bizim Şiraza gəlişimizi çox yaxşı qarşıladı. Namaz qılmaq üçün şəhərin “Came” məscidinə getdik. Şirazın alimləri məscidə yığılıb mənimlə birgə namaz qıldılar. Beləliklə, mən Şirazda qalıb öz dini-təbliğati fəaliyyətlərimi davam etdirdim.”

Bəli! Böyük fəqih Şeyx Kazim Şirazi Ayətullah Behcətin yuxusunun sadiq olduğunu bilərək, elə buna əsasən, şəri hökm vermişdir.

Amma Dəstğeybə gəldikdə isə, Ayətullah Behcətin yuxuda gördüklərinin hamısı çin oldu. O, Şirazda elmilə böyük ad-san qazandı. Köməyə ehtiyacı olan insanlar onun yanından heç vaxt əli boş qayıtmazdılar.
(nur-az)
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930