Məsumlar (ə) bərzəx aləmində yardıma gəlməyəcəklər. Bəs insana nə kömək edə bilər?
Əhli-Beytdən (ə) hədislərimiz vardır ki, buyururlar: “Biz sizin bərzəxinizə görə qorxuruq, çünki biz Qiyamətdəyik. Siz Qiyamətdə Peyğəmbər (s) və Əhli-Beytin (ə) şəfaəti ilə nicat tapacaqsınız, ancaq sizin bərzəxinizə görə nigaranıq”.
Bu hədisdən belə görünür ki, bərzəx aləmində insan gərək öz işlərini özü görə bilsin. Yəni, insanın gördüyü saleh işlər ona bərzəx aləmində nicat verər. Amma insan bu dünyada Əhli-Beyti (ə) sevərsə bu sevginin ona bərzəx aləmində çox yardımı olacaqdır. İnsan dünyadan gedən zaman beş sima onu mühasirəyə alar. Biri sağ tərəfindən, biri sol tərəfindən, biri başının üstündən, biri ayaqlarının altından. Onlardan biri hamısından daha şərəflidir. Şərəfli olan bu sima qalan simalardan soruşar ki, sən kimsən? O sima ki, sağ tərəfdə olar deyər ki, mən bu insanın namazıyam. O birisi deyər ki, mən onun zəkatıyam. Bir başqası deyər ki, mən həccəm, biri deyər mən orucam. Onların hamısı bu şərəfli simadan soruşar ki, bəs sən kimsən ki, bu qədər əzəmət və gözəlliyə maliksən? O şərəfli sima deyər ki, mən bu şəxsin vilayətiyəm. Ona görə də öz sahibinizi müdafiə edin. Nə hadisə baş versə, siz müdafiə edin. Əgər bacarmasanız, mən burdayam. O, hamısından daha güclü olduğu üçün hamıdan daha çox qoruya bilir. Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: “Mənim və Əhli-Beytimin (ə) məhəbbəti Allah bəndələri üçün yeddi yerdə faydalıdır. Bu yerlər çox çətin və qorxusu çox böyükdür. Bu yerlərdən biri – ölüm zamanıdır, biri – qəbirdədir, biri – qəbirdən qalxan zamandır, biri – əməl dəftərini insanın əlinə verilən zamandır, o birisi isə insandan hesab çəkilən zamandır”. Bu hədisdən də belə görünür ki, Əhli-Beytin (ə) özləri olmasa belə, Əhli-Beytin (ə) sevgisi insanın dadına qəbirdə də çata bilər. Bundan başqa elə hədislərimiz vardır ki, Əhli-Beytin (ə) insanın can verən zaman başının üstünə gəlməsindən xəbər verir. Belə ki, hədislərin birində oxuyuruq ki, mömin can verən zaman bir səs ona xitab edər və deyər: “Ey, o kəs ki, rahatlığa çatmısan. Sən Allahdan razısan və Allah da səndən razıdır, Mənim bəndələrimin içərisinə get”. Yəni, Məsumlarımız (ə) bizi bu dünyadan köçən zaman müşayiət edəcəklər. Ancaq qəbirə gəlməklərinə aid hədislərimiz yoxdur. Ona görə də deyə bilərik ki, insan qəbirdə Nəkir ilə Münkərin sorğu-sualları zamanı tək olacaqdır və ona yardım edə biləcək şey – ancaq saleh əməlləri və vilayətidir. /Deyerler.org/ Oxşar xəbərlər
|