QEYBƏTİN MƏNASI
Dilin ən böyük və təhlükəli, eyni zamanda çox yayılan azğınlıqlarından biri qeybətdir. Qurani-Kərim, Peyğəmbəri-Əkrəm (s) və Əhli-beyt imamlarından (ə) nəql olunan rəvayətlər baxımından bu günahın mahiyyəti, onun fərdi və ictimai təsirləri diqqəti özünə cəlb edir.
Çoxları tərəfindən bu mühüm məsələyə əhəmiyyət verilmədiyi zaman, İslamda ona çox ciddi yanaşılır. Qurani-Kərim və rəvayətlərdə qeybətlə bağlı şiddətli ibarələr görünür ki, İslam nöqteyi-nəzərindən bu günahın mahiyyətini başa düşmək üçün kifayət edir! Din alimləri və fəqihlərin qeydlərində qeybətin mənası aşağıdakı şəkildə göstərilir: “Qeybət bir şəxsin iştirakı olmadan onun nöqsan və eyiblərinin başqaları yanında dilə gətirilməsindən ibarətdir ki, əgər həmin şəxs bunu eşitsə, narahat olacaq.” Başqa sözlə, bir şəxsin xoşlamadığı sözləri onun olmadığı bir yerdə, həm də başqalarının qarşısında işlədilməsi “qeybət” adlanır. Bura dini, əxlaqi, ruhi-psixoloji, ictimai, cismani və ümumi olaraq insanın zahiri görünüşü, bədən üzvləri, hərəkət və rəftarları, həyat yoldaşı, övladı, geyimi, evi və s. ilə bağlı nöqsan və eyiblər daxildir. (“Əl-muhəccətul-bəyza”, Feyz Kaşani, 5-ci cild, səh.255, “Əxlaq sayəsində sağlam həyat” kitabından nəqlən, Ayətullah Məkarim Şirazi.) QEYBƏTİN BÖHTANLA FƏRQİ Bir şəxsin layiq olmadığı nöqsanı istər öz yanında, istərsə də özü iştirak etmədiyi başqa bir yerdə və digər insanların yanında səsləndirilməsinə “böhtan” deyilir. “Qeybət” isə hansısa bir şəxsin real zəmində malik olduğu eyib və nöqsanlarını onun arxasınca söyləməkdən ibarətdir. Əlbəttə qeyd etməliyik ki, əgər bir insan başqa bir insana, həmin insanda olmayan qüsuru şamil edərsə, iki günaha – həm qeybət, həm də böhtana mürtəkib olmuşdur. Əbuzər Qifari Peyğəmbəri-Əkrəmdən (s) qeybətin nə olduğu haqda soruşarkən, o həzrət (s) belə cavab vermişdir: ذِكْرُكَ اَخاكَ بِما يَكْرَهُ. قُلْتُ: يا رَسُولَ اللهِ! فَاِنْ كانَ فيهِ الَّذى يُذْكَرُ بِهِ. قالَ: اِعْلَمْ اَنَّكَ اِذا ذَكَرْتَهُ بِما هُوَ فيهِ فَقَدِ اغْتَبْتَهُ وَ اِذا ذَكَرْتَهُ بِما لَيْسَ فيهِ فَقَدْ بَهَتَّهُ “Qeybət – qardaşının xoşlamadığı sözü onun haqqında danışmaqdır. Dedim: “Ey Rəsulullah (s), əgər bu nöqsan həmin şəxsin özündə olarsa, onda necə?” Buyurdu: ”Əgər o nöqsan şəxsin özündə olarsa və sən onu dilə gətirib başqalarının yanında deyərsənsə qeybət etmiş, əgər o qüsur həmin adamda olmazsa, sən o şəxsə böhtan demiş olursan.” (“Vəsailüş-şiə”, Hürr Amuli, 12-ci cild, səh.280, 16308-ci hədis.) Bu haqda imam Sadiqdən (ə) də belə bir dəyərli fikir mövcuddur: اِنَّ مِنَ الغِيبَةِ اَنْ تَقُولَ فى اَخيكَ ما سَتَرَهُ اللهُ عَلَيْهِ و اِنَّ مِنَالْبُهتانِ اَنْ تَقُولَ فى اَخيك ما لَيْسَ فيه “Həqiqətən də, Allah-Taalanın gizlətdiyi müsəlman qardaşımızın hansısa bir nöqsanını açıb kiməsə söyləmək “qeybət”, nöqsansız şəxsin qüsurlu olduğunu demək isə “böhtan” adlanır.” (“Vəsailüş-şiə”, Hürr Amuli, 12-ci cild, səh.282, 16313-cü hədis.) Oxşar xəbərlər
|