Bağışlanan zülm, bağışlanmayan zülm və keçilməyən zülm
O zaman ki, bir cəmiyyətdə özümüz kimi insanlarla yaşayırıq, ətrafımızda çox sayda insanla rastlaşırıq. Bəzi insanlar yaxınlarımızdır: ata, ana, həyat yoldaşı, övladlar kimi, onlarla yaxın rabitədə oluruq. Bəziləri ilə isə misal üçün: avtobusda bir yerdə getdiyimiz insanlardır ki, onlarla elə də sıx rabitədə olmuruq.
İslam dini buyurur ki, mənim üçün fərqi yoxdur ki, kiminlə rabitə qurursan. Mühüm olanı budur ki, həmin insanın haqqını əda edəsən. Əgər kiminsə haqqını zay edəriksə, o zaman işimiz çətinə düşəcəkdir. Allah nə qədər Təvvab və Ğəffar olsa da, insanların haqqını zay edənin tövbəsini rahatlıqla qəbul etməz. İmam Əli (ə) buyurur: “O zülm ki, bağışlanılmır – zülmdür ki, bəzi Allah bəndələri bəzilərinə edərlər”. Həzrət (ə) başqa yerdə buyurur: “Zülm üç cür olur: onlardan biri bağışlanası deyildir. Biri bağışlanandır, üçüncüsü – Allah ondan keçməz. Birincisi – Allaha şirkdir. İkincisi – nəfsə zülm etməkdir, yəni sizinlə Allah arasında olan günah. Üçüncüsü isə haqqun-nasdır”. (Tebyan) Haqqun-nas – elə bir günahdır ki, Allah ondan keçmir. Allah bəzən Öz haqqından keçər, ancaq haqqun-nasdan heç bir zaman keçmir. Həzrət Peyğəmbər (s) Kəbəyə baxaraq buyurur: “Afərin olsun sənə, ey Ev! Nə qədər Allah yanında böyük və möhtərəmsən! Ancaq Allaha and olsun ki, möminin hörməti səndən daha çoxdur. Çünki Allah sənə görə bir şeyi haram etmişdir, möminə görə üç şeyi: malını, qanını və ona pis güman bəsləməyi”. Allah bəndələri Onun üçün çox əziz və möhtərəmdir. Bütün insanlar Allahın ailəsidirlər. Allah mömin və muxlis bəndələrini xüsusilə çox sevir. Həzrət Peyğəmbər (s) buyurur: “Mömin, Allah yanında yaxın mələklərdən də əzizdir”. Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Allah Təala buyurur: “İzzət və cəlalıma and olsun ki, elə bir məxluq xəlq etməmişəm ki, Mənim yanımda mömin bəndəmdən daha sevimli olsun””. İmam Əli (ə) buyurur: “Sizlərdən hər kim Allahla əli qana və insanların malına bulaşmamış halda və onların abırına ziyan vurmayan sağlam dillə görüşməyi bacararsa, belə etsin”. Beləliklə deyə bilərik ki, insanların haqqını zay etmək – elə günahlardandır ki, Allah ondan keçməz. Çünki bütün Allah bəndələri Onun üçün əziz və möhtərəmdir. Hər kim Allahın əziz bildiyini incidər, Onu incitmiş kimi olar. /Deyerler.org/ Oxşar xəbərlər
|