ŞİRİN HƏYATIN XÜSUSİYYƏTLƏRİ
Merac hədisində Allah-təala peyğəmbərdən soruşur: “Ey Əhməd, bilirsənmi hansı həyat daha dadlı və daha etibarlıdır?” Peyğəmbər ərz edir: “Pərvərdigara, bilmirəm.” Peyğəmbərin mənfi cavabı onun bəndəlik məqamına əsaslanır. Sanki peyğəmbər başqalarına öyrədir ki, peyğəmbərin və imamların bütün bilikləri Allahdandır. Rəvayətin bu hissəsində Allahın peyğəmbərə ünvanladığı sual iki hissədən ibarətdir:
1. Hansı həyat daha dadlıdır? 2. Hansı həyat daha davamlıdır? İnsanın həm xoş, həm də davamlı bir səadət sorağında olması sualın fəlsəfəsini təşkil edir. Axı ləzzətsiz həyatın nə faydası var? Amma müvəqqəti bir ləzzətin də dəyəri yoxdur. Ləzzəti əldən verməyin ağrısı ləzzəti kölgədə qoyur. İnsan fitrətən həm ləzzət, həm də davamlı bir ləzzət sorağındadır. Peyğəmbər ona ünvanlanmış sualın cavabını bilmədiyini izhar etdikdən sonra Allah-təala buyurur: “İnsanın həyatı şirindir ki, mənim zikrimdən qəflətdə deyil, nemətlərimi unutmur, haqqında xəbərsiz deyil, gecə-gündüz mənim razılığımı axtarır.” Deyilənləri bir bəndə olaraq qəbul edə bilərik. Amma belə bir sual yaranır ki, şirin həyatın Allah zikri ilə nə əlaqəsi var? Uyğun sualın cavabında bildirməliyik ki, insan ehtiyaclı bir varlıq olduğunu fitrətən hiss edir. Demək, xoşbəxt olmaq istəyən ehtiyaclı vücud ehtiyacsız bir vücuda bağlanmalıdır ki, səadətə çata bilsin. Bu deyilənləri hər birimiz fitri şəkildə dərk edə bilərik. Amma yüksək mərifətə malik olan insanlar, xüsusi ilə də övliyalar uyğun mövzunu üstün bir şəkildə anlayırlar. Adi insanlar ehtiyaclı olduqlarını fitrətən anlayırlar. Amma bu ehtiyacların ödənməsi üçün hara üz tutulması mühüm məsələdir. İnsan onun bütün ehtiyaclarını tam şəkildə ödəyəcək mövcud tapdıqda rahatlaşır. Onun gələcəklə bağlı bütün nigarançılıqları aradan qalxır. Əks-təqdirdə, insana üzücü bir iztirab hakim olur. Müasir dövrümüzdə nihilizm, ekzistensializm kimi ideoloji məktəblər bəşəriyyət üçün vahid həyat məqsədinin olduğunu qəbul etmirlər. Onların fikrincə, narahatlıq və iztirab həyat əlamətidir. Məsələn, Sartr kimi qərb filosofları yaşamaq üçün iztirabı şərt sayırlar. Belələrinin nəzərincə, iztirabsız bir insan əslində diri deyil. Həqiqətdən uzaq olan bu insanlar iztiraba məhkum olduqlarından iztirabsız həyatı mümkünsüz sayırlar. Belələri anlamırlar ki, iztirabı doğuran insanın öz həqiqi məbudunu tanımaması və Ondan uzaq düşməsidir. Allahı tanıyıb, Onunla rabitədə olan insan isə iztirabdan uzaqdır. İnsan Allaha yaxınlaşdıqca onun nigarançılıqlarına da son qoyulur. Demək, insan iztirabdan qurtardığı vaxt onun həyatı şirin olur. Qurani-kərimdə oxuyuruq: “Agah olun ki, qəlblər yalnız Allahı zikr etməklə aramlıq tapar.” (“Rəd”, 28.) Şübhəsiz ki, hər hansı mənbədən qidalanmayan arxın suyu qısa bir müddətdə quruyur. Zəif insan əbədi və tükənməz bir mənbəyə ehtiyac duyur. İnsanın həmin mənbə ilə əlaqəsi gücləndikcə o rahatlaşır. Bəziləri elə güman edirlər ki, bir dəfə “La İlahi İlləllah” deməklə qəlb aramlıq tapacaq. Amma Allahın zikri o zaman təsirli olur ki, insanın diqqəti tam şəkildə Allaha yönəlmiş olsun. Bəli, aram və iztirabsız həyat yalnız Allahın zikri ilə əldə oluna bilər. Allaha diqqətsiz olan insan olduqca böyük zərərlərə məhkumdur. Həyatı şirinləşdirən ilkin səbəb Allahın zikridir. Bir məsələni də qeyd etmək lazım gəlir ki, insan ixtiyarındakı nemətlərə diqqətli olduqda həyatdan ləzzət ala bilir. Hər hansı xəstəliyə düçar olmuş insan bu xəstəlikdən qurtarmağı özü üçün böyük səadət sayır. Hansı ki, sağlam insan öz sağlamlığından qədərincə ləzzət ala bilmir. İxtiyarında olan nemətlərdən ləzzət ala bilməyən insan, şübhəsiz ki, arzuladığı nemətlərə çatdıqda da bir müddət sonra onlara adi bir şey kimi baxacaqdır. Demək, həyatdan ləzzət almaq üçün Allahın əta etdiyi nemətlərə diqqətli olmaq lazımdır. Qurani-kərimdə oxuyuruq: “Əgər Allahın hədsiz nemətlərini saymaq istəsəniz, heç vaxt bacarmazsınız.” (“Nəhl”, 18.) Amma təkcə nemətlərə diqqət etmək kifayət deyil. İnsan nemət sahibi haqqında da düşünməli, onun qarşısındakı vəzifələrini yerinə yetirməlidir. Qonaq getdiyi evdə süfrədəki nemətlərə çox diqqətli olub, ev sahibinə biganəlik göstərən insan haqqında xoş söz demək çətindir. Oxşar xəbərlər
|