Təqva, Zikr və “Allah İpi”
Mьəllif: admin1
Tarix: 12-12-2019, 14:02
Təqva, Zikr və “Allah İpi”
Ey oğlum! Sənə Allah qarşısında pəhrizi (təqvanı) vəsiyyət edirəm; Onun göstərişlərinə diqqətli olasan, qəlbini Onun zikri ilə abad edəsən, Onun ipindən yapışasan. Əgər bu vasitədən tutsan, səninlə Allah arasında bu bağlılıq ipindən möhkəm nə ola bilər?! (Əlinin (ə) oğlu Həsənə (ə) vəsiyətindən)

Təqva dəyərlərin mehvəridir


Quran-kərimin bir çox ayələrində “təqva” kəlməsi ilə qarşılaşırıq. İslami dəyərlər kompleksində ən böyük dəyərlərdən biri, demək olar ki, bütün dəyərlərin mehvəri təqvadır.

Allah-taala buyurur: “Həqiqətən, sizin təqvalınız Allah yanında ən hörmətlidir.”

Allah qarşısında kəramət ölçüsü olan təqvanın heç bir əvəzi yoxdur. Ona görə də bu vəsiyyətnamədə bütün öyüdlərin mehvəri olan təqva diqqəti daha çox cəlb etməlidir.

Təqva haqqında müxtəlif baxımlardan danışmışıq. Ona görə də indi sadəcə bu mövzuya işarə edirik. Həzrət (ə) buyurur: “Sənə təqva və Allah göstərişlərinə diqqəti tövsiyyə edirəm.” “Təqva” müxtəlif mənalara malikdir.

Bu söz bəzən “günahdan çəkinmək”, bəzən “bütün şəri göstərişlərə riayət etmək” mənalarını ifadə edir. Əgər “təqva” kəlməsi yalnız günahlardan çəkinmək mənasını daşıyarsa, “lüzumu əmrihi” (“Allahın əmrinə diqqət, bağlılıq”) ifadəsi “təqvəllah” (“Allah qarşısında pəhriz, təqva”) ifadəsinə bağlı olar.

Ayrı-ayrılıqda “təqvəllah” günahdan çəkinmək, “lüzumi əmrihi” vacib əmrlərə itaət etməkdir. Amma “təqva”nın ümumi mənası həm əmrin icrası, həm günahın tərki kimi qəbul olunsa, “lüzumi əmrihi” “təqvəllah” kəlməsinə bağlı olacaq. Yəni əvvəlcə təqva tövsiyyə olunur, sonra Allahın əmrinə itaət xüsusi qeyd edilir.

Amma zəif ehtimala əsasən, “əmrillah” “Allah işi” mənasında da işlənə bilər. Yəni ilahi işlərə diqqət, qeyri-ilahi işlərin tərki. Hər halda, Həzrət (ə) ilkin olaraq təqvalı olmağı tapşırır. Bütün dəyərlərə şamil edilən bu kəlmə isə İslam və bütün digər ilahi dinlərdə mötəbərdir.

Həzrət Əli (ə) bizə hər şeydən öncə bütün dəyərlərin mehvəri olan təqvanı tövsiyyə edir. Amma insanın daxilində təqva ruhu, Allah qorxusu olmazsa, yəni o, vacib əmrlərə, haramlara fərq qoymazsa, bu yolun axırı yoxdur. Prinsipsiz, biganə adam başını itirmiş kimidir.

Təkamül yolunun ilk şərti nəfsə nəzarətdir. Tərəqqi etmək istəyən şəxs başıpozuqluqdan çəkinməlidir. Ürəyindən keçənin ardınca qaçan insan heç bir mənəvi dəyərə nail ola bilməz. Demək, ilk addım nəfsə, ürəkdən keçən həvəslərə nəzarətdir. Bəli, məhz bu baxımdan, Həzrət (ə) hər şeydən əvvəl təqvaya çağırır.


Zikr və Allahı xatırlama


Həzrət Əlinin (ə) ikinci vəsiyyəti Allahın zikri, Onun xatırlanmasıdır. Zikr insan qəlbini abad edir. Həzrət (ə) buyurur: “...qəlbini Allah zikri ilə abad edəsən”.

Bu vəsiyyətin ardınca hər biri insan qəlbinə ünvanlanmış ifadələr gəlir. Əvvəlcə qəlbin abadlığından danışılır. Bildirilir ki, qəlb həm abad, həm viran ola bilər.

Uyğun cümlələrdən məlum olur ki, insan qəlbi özünəməxsus həyat və ölümə malikdir. O, aram qalmalı, bəzi çətinlikləri qəbul etməli, bəzi həqiqətlərə inanmalıdır.

Təbii ki, heç kəs öz vücudunun səmərəsizliyini, bəhrəsizliyini istəməz. O, yaşamaq, inkişaf etmək, səmərə vermək istəyindədir. İnsan qəlbi inkişaf etmiş bir məmləkət kimi abad ola bilər.

Eyni zamanda, onun uçulmuş bir bina tək xaraba qalması da mümkündür. Qəlbi əzəmətli imarət tək abad etmək və ya uçulmuş ev tək xaraba qoymaq insanın öz əlindədir. Hər halda Həzrət (ə) “qəlbini abad et” göstərişini verir.

Həzrət (ə) onu da qeyd edir ki, qəlbin abadlığı Allahın zikri sayəsində mümkündür. Zikrsiz qəlb virandır. Qəlbin nə olduğunu araşdırmaq fikrində deyilik. Bu barədə müəllifin “Əxlaq və Quran” kitabından məlumat ala bilərsiniz.

Mövzu qəlbin abadlığıdır. Qəlbinizi abad edin, onu viran qoymayın və unutmayın ki, qəlblər Allahın zikri, xatırlanması ilə abad olur.

Allahın ipindən yapışın!


Həzrət (ə) bu vəsiyyətin üçüncü bəndində buyurur: “vətəsimu bihəblihi” (“Allahın ipindən yapışın”). İnsanın hər hansı bir şeydən tutması, yapışması ərəbcə “etisam” kimi ifadə olunur.

Bəzən “etisam” yerinə “təməssük”, “istəmək” kəlmələri də işlədilir. Məsələn, Allah-təala Qurani-kərimdə buyurur: “fəqəd istəmsəkə bil-urvətil vusqa”, yəni “möhkəm ipdən yapışmış olur...”.

“Həbl” kəlməsi kəndir, ip mənasını daşıyır. Maraqlıdır ki, insan nə vaxt ipdən bərk yapışır? Adətən, bu hərəkətin səbəbi süqut etməmək, yuxarı qalxmaq istəyi olur.

İnsan təhlükədən qurtarmaq üçün ipə əl atır. Beləcə, ucalmaq, tərəqqi etmək, kamala çatmaq istəyən insan da vasitə axtarır. Əgər insana əmr olunsa ki, ipdən yapışsın, demək, o təhlükədədir. Bu təhlükədən qurtarmaq, amanda qalmaq istəyən şəxs əmrə tabe olub, ipdən yapışmalıdır.

İnsana, “Allahın ipindən “ yapışmaq buyurulursa, demək, o, təhlükə ilə üzbəüzdür və xilas olmaq üçün hökmən bu işə əl atmalıdır. Bu insan yerlə göy arasında qalmış, süquta uğrayan şəxs kimidir.

Bu vəziyyətə düşməmiş adamlar vəziyyətin ağırlığını bir o qədər də hiss etmirlər. Amma uyğun vəziyyətə düşmüş adam cani-dildən hiss edir ki, nədənsə yapışmaq lazımdır.

Dərin quyuya düşmüş, sıldırım qayadan uçmuş insan bütün bunları qədərincə hiss etmək qüdrətindədir.

Ayətullah Misabah Yəzdi

www.Ahlibeyt.ge

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930