İMAM SADİQ (Ə) VƏ SİYASİ HADİSƏLƏR
Mьəllif: admin1
Tarix: 29-07-2016, 18:22
İMAM SADİQ (Ə) VƏ SİYASİ HADİSƏLƏR
İmam Sadiqin (ə) həyatı dövründə bir sıra mühüm siyasi hadisələr reallaşdı. Məsələn, şiələrin qiyamı (Zeyd ibn Əlinin qiyamı, Məhəmməd ibn Abdullah ibn Həsənin və qardaşı İbrahimin 145 və 146-cı h.q. illərindəki qiyamları) və Abbasilərin hərəkatı kimi siyasi hadisələr baş verdi. Nəticədə, Bəni-Üməyyə hakimiyyəti çökdü və yerinə Abbasilər gəldi. O həzrətin zamanında baş verən digər hadisələrdən biri də, Abbasilərlə Ələvilərin ayrılığı idi. Bu ayrılığın zəminəsi Abbasilər hakimiyyətə gəlməzdən əvvəl hazırlanmışdı.

Abdullah ibn Abbas, Peyğəmbərin (s) hüzurunda olmuş məşhur elmi şəxsiyyətlərdən və öz əsrinin ən böyük və etibarlı ravilərindən biri sayılırdı. O, sağ olduğu müddətdə (68-ci h.q.) Ələvilərlə (Haşimilər) Abbasilər arasında ixtilaf çıxmadı. Amma ondan sonra, tədricən, ixtilaflar yaranmağa başladı. Kərbəla hadisəsində təkcə Abdullah ibn Abbas yox, həm də Abbasilərdən heç kim iştirak etmədi. İkinci əsrin əvvəllərində Abbasilər Ələvilərdən ayrılıb müstəqillik fikrinə düşdülər və gizlicə xalqı özlərinə tərəf dəvət etsələr də, müvəffəq olacaqlarına çox da ümid etmirdilər. Bunun səbəbi onların xalqın nəzərində imam Əlinin (ə) övladlarının Peyğəmbərin (s) nəslindən qalan yeganə kəslər olduqlarını bilmələri idi. Bu xanədanın – xüsusilə, canyandırıcı Kərbəla faciəsindən sonrakı – məzlumiyyəti onların xalq arasındakı ictimai şərəfini ucaltmışdı.

a) Zeydin qiyamı:

Zeyd ibn Əli ibn Hüseynin hərəkatı Ələvilərin İraq əhalisi arasındakı əhəmiyyətini vurğulayan bir hadisə idi. Zeyd ibn Əli imam Baqirin (ə) qardaşı idi və imam Baqir (ə) elmi baxımdan cəmiyyətdə böyük nüfuza malik olduğundan, Zeyd və onun inqilabi hərəkatı elə də böyük dəyişiklik yaratmadı. Baxmayaraq ki, Zeyd ravilərdən sayılırdı və Ələvi olduğu üçün İraq əhalisi arasında hörmət sahibi idi.

İmam Baqir (ə) hicrətin 114 və yaxud 117-ci ilində şəhid edildi və ondan sonra imam Sadiq (ə) diqqətləri özünə çəkdi. İkinci əsrin ikinci onilliyinin sonlarında Zeyd və Hişam ibn Əbdülməlik arasında keçən ixtilaflı danışıq və müzakirələrdən sonra, o, hakimiyyətə etiraz etməyə qərar verdi. Hicrətin 122-ci ilinin Səfər ayında Kufə şəhərində qiyam edib iki gün döyüşdükdən sonra şəhid edildi.

Bəzi şiə rəvayətlərində Zeydin imam Baqir (ə) və imam Sadiq (ə) də daxil olmaqla şiə imamlarının imamətinə inandığı bildirilir. Onun özündən belə nəql olunur: “Cəfər (ə) halal və haram məsələlərdə bizim imamımızdır.” (“Kifayətul-əsər”, s.327.)

İmam Sadiqdən (ə) Zeyd barədə belə bir hədis nəql edilmişdir: “Allah ona rəhmət etsin! O, mömin, arif, alim və doğrudanışan idi. Əgər qələbə çalsaydı, vəfalı olardı. Əgər hökuməti ələ keçirtsəydi, onu kimə təslim edəcəyini yaxşı bilirdi.” (“İxtiyaru mərifətir-rical”, s.385.)

İmam Sadiqdən (ə) nəql edilən bir neçə rəvayətə əsasən, o həzrət qabaqcadan Zeydin Kufə şəhərinin Kenasə məhəlləsində şəhid olacağını xəbər vermişdi. (“Üyunu əxbarir Riza (ə)”, c.1, bölüm 25.)

Hər halda, imam Sadiq (ə) Zeydin qiyamını “zalım hakimiyyət əleyhinə olan bir qiyam” kimi görürdü və Zeydin əxlaqi şəxsiyyətini təsdiqləyirdi.

b) İmam Sadiq (ə) və Əbu Sələmənin dəvəti:

Burada imam Sadiqin (ə) Abbasilərin qiyamı ilə olan əlaqəsindən söz açmaq istəyirik: İnsanları Abbasilərə tərəf dəvət iki nəfərin vasitəsilə – Ali-Mühəmmədin vəziri adı ilə tanınan Əbu Sələmə Xəllal və Əbu Müslim Xorasani – həyata keçirdi. İlk olaraq bu hərəkətin əsl şüarı “Ali-Mühəmmədin razılığı” idi. Camaat bu şüarı eşidəndə elə düşünürdü ki, Rəsulullahın (s) xanədanından bir nəfər xilafətə gələcək və həmin şəxs Ələvilərdən başqa, heç kim ola bilməzdi. Lakin Abbasilərin davamlı fəaliyyəti pərdə arxasındakı hadisələri Abbasilərin lehinə dəyişdirdi. Eyni zamanda, son günlərə qədər İraqda məsələnin həlli Əbu Sələmə Xəllalın əlində idi. O, Kufədə namizəd olaraq Səffah və Mənsuru hazırlamışdı və Bəni-Üməyyə çökər-çökməz Səffah üçün xalqdan beyət aldı. Amma bir müddət sonra, camaatı Ələvilərə tərəf dəvət etmək və onları Abbasilərin yerinə oturtmaq istəməsi ittihamı ilə öldürüldü. Belə ki, Əbu Sələmə imam Sadiqə (ə) və Ələvilərdən olan başqa iki nəfərə məktub yazdı. Məktubda İmam (ə) onun üçün razı olduğu təqdirdə beyət ala biləcəyini yazmışdı. İmam (ə) bilirdi ki, bu dəvət əsassızdır. Hətta, əgər əsaslı olsa belə, İmam (ə) vəziyyəti bir şiə imamının rəhbərliyi üçün münasib bilmirdi.

İmam Sadiq (ə) Əbu Sələmənin dəvətinə ciddi yanaşmadı. Bu səbəbdən onun yazdığı məktubun cavabında elçisinə belə buyurdu: “Əbu Sələmə başqasının şiəsidir.” (“Əl-vuzərau vəl-kuttab”, s.84.) Bəzilərinin nəql etdiyi rəvayətə əsasən, Əbu Müslim də bu barədə imam Sadiqə (ə) məktub yazmışdı və imam Sadiq (ə) onun cavabında belə yazdı: “Nə sən mənim şiələrimdənsən, nə də zaman mənim zamanımdır.”

Bir sözlə, İmamın (ə) bu hərəkət qarşısındakı reaksiyası ehtiyat və dəvətin məzmunu ilə müvafiq olmaması idi. Necə ki, İmam (ə) bu üslubu Abdullah ibn Həsənə öz oğlu Məhəmmədin – Nəfsi-Zəkiyyə – barəsində də tövsiyə etmişdi. Əbu Sələmənin Abbasilərə vəfalı olması və imamətin onların xanədanında möhkəmlənməsi onun dəvətinin ciddi olmadığını göstərir. Hətta onun öz dəvətində qəti qərarlı olduğunu fərz etsək belə, o, Əbu Müslim və Abbasilər var ikən öz dəvətinə necə əməl edə biləcəkdi?! Buna görə də, onun dəvətini qəbul etmək ölümə atılmaq demək idi. Bəlkə də, Əbu Sələmə və Əbu Müslimin Abbasilərin əli ilə qətlə yetirilməsi bu məsələnin ən böyük sübutudur.

c) İmam Sadiqin (ə) Mənsur Dəvaniqi ilə rəftarı:

İmam Sadiqin (ə) həyatının son hissəsi Mənsurun hökmdarlıq etdiyi dövrə təsadüf etmişdi. İmam Sadiq (ə) Haşimilər arasında özünəməxsus mənəvi şəxsiyyətə sahib olan bir nəfər kimi tanınırdı. O, Mənsurun dövründə yüksəksəviyyəli elmi şöhrətə sahib və bir çox əhli-sünnə fəqihləri və ravilərinin diqqət mərkəzində idi. Mənsurun Ələvilərə qarşı bəslədiyi dərin kin-küdurətindən o həzrəti şiddətlə göz altına alması və azad yaşamasına mane olması təbii idi. İmam Sadiq (ə) eynilə ata-babaları kimi, imamətin onun haqqı olduğunu və başqaları tərəfindən qəsb edildiyi barədə olan əqidəsini gizlətmirdi. O həzrətin bəzi səhabələrinin imam Sadiqə (ə) itaətin vacibliyi ilə bağlı tutduqları mövqelər şiənin bu məsələyə hansı dərəcədə möhkəm etiqad bəslədiyini göstərir.

İmam Sadiq (ə) bir hədisdə belə buyurur: “İslam beş təməl üzərində qurulmuşdur: namaz, zəkat, həcc, oruc və vilayət.” Zürarə: “Bunların hansı daha əhəmiyyətlidir?” – deyə soruşduqda, İmam (ə) buyurdu: “Vilayət. Çünki vilayət digər təməllərin açarıdır və xalqı digər təməllərə doğru hidayət edən amildir.” (“Vəsailuş-şiə”, Hürr Amuli, c.1, s.7-8.)

Bu hədisdə digər təməllərin icrasının “vilayət”ə bağlı olduğu aydın olur. Bu metod Mənsur üçün çox təhlükəli idi və buna görə də, İmamı öldürmək üçün bir fürsət axtarırdı. İbn Ənbə belə yazır: “Mənsur dəfələrlə İmamı öldürmək üçün qərar qəbul etdi, amma Allah İmamı qorudu.”

Ümumiyyətlə, imam Sadiq (ə) Mənsurun sarayına gedib-gəlməkdən ehtiyat edirdi və bu səbəbdən də, Mənsur tərəfindən ona etiraz olunurdu. Mənsur bir gün İmama (ə) dedi: “Nə üçün başqaları kimi bizim görüşmüzə gəlmirsən?” İmam (ə) cavab verdi: “Səndən qorxacaq heç bir iş görməmişik və sənin yanında axirətlə bağlı heç bir şey yoxdur ki, ona ümid edək, həmçinin sahib olduğun bu mövqe əslində təbrikə layiq bir nemət deyil və sən də onu təsəlli verməyimiz üçün bir müsibət olaraq qəbul etmirsən, o halda, sənin yanında nə işimiz var?”

Beləcə, İmam (ə) xalqa öz siyasi tövsiyələrində “Padşahlarla oturub-durmaqdan çəkinin!” – deyirdi. Həzrət öz səhabələrini də padşahlarla oturub-durmaqdan çəkindirir və buyururdu: “Zalım padşahla əməkdaşlıq etməyin kəffarəsi öz dini qardaşına yaxşılıq etməkdir.” O həzrət, hətta padşahların sarayına get-gəl edən alimlərə xəbərdarlıq edib buyururdu: “Fəqihlər peyğəmbərlərin əmanətdarlarıdır, əgər padşahların yanına get-gəl edən bir fəqih görsəniz, onu bu işinə görə ittiham edin.” (“Kəşful-ğummə”, Əli ibn İsa İrbili, c.2, s.184.)

Bir sözlə, Mənsur imam Sadiqi (ə) özünə tərəf çəkməyə və yaxud təhdidlə o həzrəti sakit etməyə müvəffəq olmadığı üçün o həzrəti şəhid etmək qərarına gəldi. Nəhayət, imam Cəfər Sadiq (ə) 148-ci hicri ilinin Şəvval ayının 25-də zəhrələnərək şəhid olundu və o həzrətin pak vücudu Mədinənin “Bəqi” qəbristanlığında dəfn edildi.

Rza Şükürlü

maide\
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031