Böyük günahların sayı
Hədislərdə və alimlərin bəyanatlarında müxtəlif saylı kəbirə günahlar qeyd olunur. Bəzi alimlər yetmiş yeddi, bəziləri yetmiş, altımış, qırx, iyirmi, bəziləri də yeddi kəbirə günah olduğunu bildirirlər. Hәdislərdə kəbirə günahların otuz bir, iyirmi bir, yeddi, beş olduğu da qeyd edilir
Həzrət Əbdül-Əzim Həsəni buyurur: İmam Məhəmməd Təqi (ə) mənə belə nəql etdi: Atam öz atasından belə eşitdiyini buyurdu: “Əmr ibn Übeyd atam imam Sadiqin (ə) yanına gəlib salam verdi və belə bir ayə oxudu:” Böyük günahdan uzaqlaşanların, onlara qılınan zülmü bağışlayanların, əvəz çıxmaq fikrində olmayanların...” O, sözünü yarımçıq saxladı. İmam buyurdu: “Nə üçün dayandın?” O dedi: “İstəyirəm Qurandakı böyük günahları tanıyım.” İmam buyurdu: “Ey Әmr! Ən böyük günah Allaha qarşı şirkdir. Allah-Təаlа buyurur ki, Ona qarşı şirkə yol verənə behişt haramdır. Allaha şirkdən sonra növbəti böyük günah Onun mərhəmətindən ümidi üzməkdir. Çünki Allah-Tәala buyurur ki, yalnız kafirlər Allahın mərhəmətindən ümidini üzür. Növbəti böyük günah insanın özünü Allahın cəzasından amanda bilməsidir. Allah-Təala buyurur ki, yalnız riyakarlar özünü Allahın cəzasından amanda bilir. Kəbirə günahlardan biri də ata-anaya ağ olmaqdır. Çünki Allah ağvalideyni zalım kimi tanıtdırır. Allah-taala həzrət İsanın dilindən bəyan edir: “Allah məni anama münasibətdə xeyirxah qərar verdi və məni zalım buyurmadı.” Başqa bir böyük günah Allahın möhtərəm saydığı günahsız insanı öldürməkdir. Buna qisas misal ola bilər. Allah-taala buyurur: “Hər kəs bilərəkdən mö`mini öldürsə, cəzası cəhənnəmdir və orada əbədi qalar. Allah ona qəzəblənər, onu lənətləyər, ona böyük əzab hazırlayar.” Pak qadını zinada suçlamaq növbəti böyük günahdır. Allah-tәala buyurur ki, möminə pak qadınları günahda suçlayanlara dünya və axirətdə lənət olsun. Onlar üçün böyük əzab var. Başqa bir kəbirə günah yetimin malını zorla yeməkdir. Allah-tәala buyurur ki, yetimlərin malını zorla yeyənlər həqiqətən qarınlarını odla doldurur. Onlar şübhəsiz cəhənnəmə daxil olar, od tutub yanar. Cihad meydanından qaçmaq növbəti kəbirə günahdır. Çünki Allah-Tәala buyurur ki, döyüş günü düşmənə arxa çеvirənlər Allahın qəzəbinə gələr. Döyüş mövqeyini dəyişmək, başqa bir dəstəyə qatılmaq üçün arxa çevirməyin eybi yoxdur. Başqa bir kəbirə günah sələm yeməkdir. Allah-Tәala buyurur ki, sələm yeyənlər yalnız şeytanın məsx etdiyi kəslərdir. Sələmçi şəxs Qiyamət günü qəbirdən divanə kimi qalxar. Bu təşbeh bir zümrənin gümanına əsaslanır. Onların fikrincə şeytan insanı özündən gedəcək vəziyyətə gətirir, cin onun ağlını əlindən alır. Yəni sələmçilərin ayağa qalxması divanələrin ayağa qalxması kimidir. Sələmçilik onların qəlbini daşlaşdırmış, hallarını dəyişmişdir. Başqa bir böyük günah sehr-cadudur. Allah-Təala buyurur ki, onlar şeytanın oxuduqlarına uydular. Küfr edən Süleyman yox, şeytanlar oldu. Onlar insanlara sehr-cadu öyrətdilər. Harut və Marut adlı mələklər onlara nazil olanı kimsəyə öyrətmirdilər. Amma onlar bunu öyrənib ərlə arvad arasına ayrılıq saldılar. Məlum oldu ki, sehr-cadunu satın alanlar axirətdə fayda görməz. Zina da kəbirə günahlardandır. Allah-Tәala buyurur: “Allahdan qeyrisini məbud kimi çağırmayanlar, Allahın haram buyurduğunu öldürməyənlər haqsızlıq və zina etməz. Bu işləri görənlər günahının cəzasına çatar, Qiyamət əzabı ikiqat olar. Onlar zəliledici əzabda əbədi qalar. Kəbirə günahlardan başqa biri günah yolda and içməkdir. Cihad qənimətindən oğurlamaq da kəbirə günahdır. Allah-Təala buyurur ki, qənimətdən oğurlayan kəs məhşər səhnəsinə oğurladığı şeylə gətirilər. Vacib zəkatın qarşısını almaq böyük günahlardan sayılır. Allah-Tәala buyurur ki, xalqı Allahın yolundan çəkindirənləri cəhənnəm odu gözləyir. Yalandan şahidlik etmək, əsassız şəhadət vеrmәk və şəhadəti gizlətmək də böyük günahlardan sayılır. Allah-Tәala buyurur ki, şəhadəti gizlədənin həqiqətən də qəlbi günahkardır. Şərab içmək böyük günahlardan sayılır. Allah-Tәala şərab içməyi bütlərə pərəstişi qadağan etdiyi kimi qadağan etmişdir. Yəni hər iki əməl yanaşı olaraq qadağan edilir. Məlum olur ki, hər iki günahın cəzası eynidir. Bu ayəyə əsasən şərabxoru bütpərəst sayırlar. Namazı və ya namaz üçün vacib edilmiş bir əməli bilərəkdən tərk etmək böyük günahdır. Allahın Rəsulu (s) buyurur ki, namazı bilərəkdən tərk edən Allahla və Allahın Rəsulu ilə əhdini pozmuşdur. Əhdi pozmaq, yaxınlarla əlaqəni kəsmək böyük günahlardan sayılır. Allah-Tәala buyurur ki, Allahla əhd bağladıqdan sonra onu pozan, Allahın əmr etdiyi əlaqələri kəsən, yer üzündə fəsad törədən insanlar üçün lə`nət var, axirət evinin pisliyi də onlar üçündür. "Kiçik günahları təkrarlamaq və onları yüngül saymaq” İmam Sadiqdən nəql edilən bu hədisdən kəbirə günahların 20 olduğu görünür. Amma bəzi alimlər digər hədisləri də gətirməklə kəbirə günahların 30 olduğunu qeyd edirlər. Əxlaq alimlərinin əksəriyyəti kəbirə günahlar barədə hədisləri araşdırdıqdan sonra onun 31 olduğunu daha çox ehtimal ediblər. Qeyd edək ki, kəbirə günahların sayının fərqli olması bu məsələyə müxtəlif dini mənbələrdən baxmaq (Quran -Hədis) və işləri müxtəlif katiqoriyalara və təsnifata bölməklə bağlıdır. Məsələn yuxarıda qeyd edilən bir çox işlər zülm əməlinin şaxələrindəndir. Yaxud da bəziləri insanların hüquqlarına təcavüz ünvanı altında yerləşir. Oxşar xəbərlər
|