Namaza qarşı laqeyd olmaq ruzini azaldar
Allahın ən üstün zikri - namazdır. “Buna görə də Mənə ibadət et və namazı Məni anmaq üçün qıl!”. (“Taha” 14).
Əgər Quran ayələri haqqında bir qədər düşünsək görərik ki, Allah dərgahında ən üstün ibadət namazdır.“(İşlərinizdə) səbr (oruc) və namazdan kömək diləyin. Əlbəttə ki, kömək diləmək və namaz (bunların hər ikisi)itaətkarlardan başqalarına ağır və çətindir”. (“Bəqərə” 45). Bəli, biz bu sözü çox eşitmişik ki, namaz mənə ağır və çətin gəlir. O kəs ki, onun üçün namaz ağır olar, onun müti və itaətkar olmasında problem vardır. Müti olmaq nə deməkdir? Müti yəni: “O kəslər ki, namazlarında (həm ürəkləri, həm də bədənləri ilə)itaətkardırlar”. (“Muminun” 2). Müti olmaq – yəni Xaliqin qarşısında xəcalətli olmaq. “Buna görə də, Məni yada salın ki, Mən də sizi yada salım. Mənə şükür edin və küfr etməyin və nemətlərimə nankorluq etməyin”. (“Bəqərə” 152). Allah Təala buyurur ki, siz Məni yada salsanız, Mən də sizi yada salaram. Allahı yada salmaq çox mühümdür. Biz əgər Allahı yada salsaq, Allah da bizə nəzər salar. Allahı yada salmağın ən üstün halı – namazdır. “Çox vaxt bir şeyi xoşlamırsınız, halbuki, o sizin üçün xeyirlidir və çox vaxt bir şeyi xoşlayırsınız, halbuki o, sizin üçün pisdir. Allah bilir, siz isə bilmirsiniz”. (“Bəqərə” 216). Bəli, həyatda bir çox şeylər vardır ki, biz onu xoşlamırıq, lakin o, bizim xeyirimizədir. Bəzən xəstəlik də başqa ağır bir xəstəliyin qarşısını alır. Ona görə də o kəslər ki, onlar üçün ibadət ağır və çətin gəlir, bilməlidirlər ki, bu əməl faydalı əməldir və onlara xeyir verən bir əməldir. Allah Təala əməllərimizə nazirdir. Əgər bunu qəbul etsək, özümüzə nəzarət edərik. Bəzən maşınla gedən zaman görürük ki, sürücü sürəti azaldır, səbəbini soruşan zaman deyir ki, qarşıda polis vardır. Əgər biz bilsək ki, yolda polislə qarşılaşacağıq, maşın sürməyimizə nəzarət edərik. “Həqiqətən də, sənin Rəbbin (onlara) nəzarət edir”. (“Fəcr” 14). Bəzən ticarət işçilərində bu işə tez-tez rast gəlmək olur. Namaz vaxtı gəlib çatır və müştərini gözlətməmək üçün namazı əvvəl vaxtından təxirə salır. Ancaq bilmir ki, bu müştəridən əldə etdiyi az miqdar gəlir, namazı əvvəl vaxtda qılmağın dəyərinə çata bilməz. Elə bilir ki, zirəkdir, ancaq həqiqətdə ziyan etmiş olar. Namazın həmin hissəsinə qarşı laqeydlik etmiş olar. Allah Təala buyurur: “Məni yad etməkdən üz döndərən kəs üçün isə (qeyb aləmindən qırıldığı, nəfsi qane olmadığı, gözü doymadığı, arxalandığı dayaqlar süst olduğu və hadisələrdən qorxduğu üçün, var-dövləti çox olsa belə)mütləq sıxıntılı həyat olacaqdır”. (“Taha” 124). Bəli, Uca Allah bu ayədə vədə verir ki, əgər Məni yada salmaqdan üz döndərsəniz, sizi həyat işlərində sıxıntıya salacağam. Namaz vaxtı gələndə Allah həmin müştəriyə ilham edir ki, səndən alış-veriş etsin. Lakin sən namaza etinasızlıq etdiyin üçün, başqa müştərini sənin qapına gətirməyəcəkdir, başqa bir mağazanın qapısını ona nişan verəcəkdir. Hədislərdə də oxuyuruq ki, bütün insanların ruzisi halaldan ölçülmüşdür. O kəslər ki, harama can atır, Allah halal ruzilərini azaldır. Oxşar xəbərlər
|