MÜQAVİMƏT NÜMUNƏSİ – İBRAHİM PEYĞƏMBƏR (Ə)
Mьəllif: admin1
Tarix: 8-09-2016, 10:04
MÜQAVİMƏT NÜMUNƏSİ – İBRAHİM PEYĞƏMBƏR (Ə)
Allah-Taala Qurani-Kərimdə İbrahim peyğəmbəri “xəlil” (dost), “əməlisaleh”, “şücaətli”, “vəfalı”, “ixlaslı”, “bəsirətli” və digər gözəl xüsusiyyətlərlə tərifləyir, “gözəl örnək” adı ilə yad edir.

Amma nə üçün? İbrahim peyğəmbər hansı bariz xüsusiyyətə sahib idi ki, sonuncu səmavi kitab olan Qurani-Kərimdə o həzrət və hətta onun dostları “gözəl örnək” adını qazanırlar? Bu suala cavab vermək üçün o böyük və “ulul-əzm” peyğəmbərin həyatının ən mühüm yönünə diqqət yetirməliyik:

Bu ilahi peyğəmbərin yeganəpərəstliyi və böyük Allaha sitayişi elə uşaqlıq və gənclik çağlarından başladı. Ayıq düşüncəyə sahib olan, yeganə Allaha inanan və tapınan həzrət İbrahim (ə) heç zaman hakim duruma təslim olmadı, tapdığı doğru və ilahi yolu tək-tənha ötüb keçdi, bütpərəstlər arasında əmisi Azərin sahib olduğu xüsusi mövqe onu vəsvəsə etmədi, qıcıqlandırmadı, yeganəpərəstlik təhlükələri onu əzm və iradəsindən döndərmədi, ilahi sınaqları arxada qoydu, hətta böyük bir sınaqda iştirak etmək və ondan başıuca çıxmaq üçün oğlu İsmayılı da qurbangaha apardı. Əslində, o, öz doğru əqidəsində möhkəm idi və təhlükələrdən yorulmurdu. Bir halda ki, təhlükə həmişə onunla birgə idi; istər ulduzpərəst və günəşpərəstlərlə, istərsə də zülmkar, kafir, eyni zamanda qüdrət sahibi olan padşah – Nəmrudla münazirə və mübarizəyə qalxdığı zaman! O, bu təhlükələrin axarında öz yolu, amalı və hədəfinə daha da bağlanır, yeganə Allaha təvəkkül edirdi. Tək-tənha ilahi hərəkata başlayaraq bütləri də sındırdı.

Qurani-Kərimin “Mümtəhinə” surəsinin 4-cü ayəsində həzrət İbrahim (s) haqda belə buyurulur:

قَدْ كَانَتْ لَكُمْ أُسْوَةٌ حَسَنَةٌ فِي إِبْرَاهِيمَ وَالَّذِينَ مَعَهُ إِذْ قَالُوا لِقَوْمِهِمْ إِنَّا بُرَاء مِنكُمْ وَمِمَّا تَعْبُدُونَ مِن دُونِ اللَّهِ كَفَرْنَا بِكُمْ وَبَدَا بَيْنَنَا وَبَيْنَكُمُ الْعَدَاوَةُ وَالْبَغْضَاء أَبَدًا حَتَّى تُؤمِنُوا بِاللَّهِ وَحْدَهُ

“İbrahim və onunla birlikdə olanlar (möminlər) sizin üçün gözəl örnəkdir. O zaman onlar öz qövmünə belə demişdilər: “Şübhəsiz ki, bizim sizdən və Allahdan başqa ibadət etdiklərinizdən uzağıq. Biz siz(in tanrılarınızı və ayininiz)i təkzib edirik. Siz bir olan Allaha iman gətirməyincə, bizimlə sizin aranızda həmişə ədavət və nifrət olacaqdır!”

Bu ayəyə əsasən, İbrahim peyğəmbər və onunla birgə olanlar yeganə Allaha pərəstiş yolunda müqavimət göstərdikləri üçün “gözəl örnək” adını qazandılar. Bu müqavimətin sonunda kafirlərdən belə iman gətirənlər oldu. “Mümtəhinə” surəsinin 1-ci ayəsində də Allah-Taala bütün möminlərə bir göstərişlə belə müraciət edir:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَتَّخِذُوا عَدُوِّي وَعَدُوَّكُمْ أَوْلِيَاء تُلْقُونَ إِلَيْهِم بِالْمَوَدَّةِ وَقَدْ كَفَرُوا بِمَا جَاءكُم مِّنَ الْحَقِّ يُخْرِجُونَ الرَّسُولَ وَإِيَّاكُمْ أَن تُؤْمِنُوا بِاللَّهِ رَبِّكُمْ إِن كُنتُمْ خَرَجْتُمْ جِهَادًا فِي سَبِيلِي وَابْتِغَاء مَرْضَاتِي تُسِرُّونَ إِلَيْهِم بِالْمَوَدَّةِ وَأَنَا أَعْلَمُ بِمَا أَخْفَيْتُمْ وَمَا أَعْلَنتُمْ وَمَن يَفْعَلْهُ مِنكُمْ فَقَدْ ضَلَّ سَوَاء السَّبِيلِ

“Ey iman gətirənlər, Mənim düşmənimi və öz düşməninizi dost tutmayın! Siz onlarla dostluq əlaqəsi qurursunuz, halbuki onlar həqiqətən, Haqqın tərəfindən sizə gələni inkar edirlər. Siz Rəbbiniz olan yeganə Allaha iman gətirdiyiniz üçün onlar Allah Rəsulunu və sizi (yurdunuz Məkkədən) çıxarırlar. Əgər (vətəninizdən) Mənim yolumda cihad etmək və Mənim razılığımı qazanmaq üçün çıxmısınızsa (onlarla dostluq əlaqəsi qurmayın). Siz gizlincə onlarla dostluq edirsiniz. Halbuki Mən sizin gizlətdiyiniz və aşkar etdiyiniz hər şeyi daha yaxşı bilirəm. Sizdən kim belə etsə, o həqiqətən, düzgün yoldan azmışdır.”

Bu şərif ayədə biz müsəlmanlara bir göstəriş verilir və həmin göstərişə əməl edən müsəlman kəsin və cəmiyyətin ilahi nüsrət və qələbəyə nail olması labüddür; Allah düşmənləri ilə düşmənçilik! Allah düşmənləri isə, həqiqətdə möminlərin düşmənidir. Elə bir düşmən ki, nəsildən nəslə yalnız çöhrə və qiyafəsi dəyişilir; bir gün fironçu və nəmrudçular qiyafəsində meydana gəldilər, bir gün şimr və yezidçilər qiyafəsində, bu gün də onların sayı az deyildir. İsrail və Amerika kimi İslamın inadkar düşmənləri daim İslama zərbə vurmağa cəhd etmişlər. Bu elə İslamın ilk çağlarından başlamış və indinin özünə qədər də davam edir və müasir dövrdə dünya imperializmi tərəfindən daha çox təhdidə məruz qalır. Onlar İslamı daha böyük miqyasda – ümumdünyəvi sülh ideyaları və insan haqları ilə qarşı-qarşıya qoyaraq onu qəddarlıqda suçlamağa çalışırlar. Təəssüflər olsun ki, onlar öz çirkin məqsədlərinə çatmaq üçün bir sıra müsəlman ölkələrində nümunələr də hazırlamışlar. Məsələn, özlərinin yaratdıqları “İŞİD”, “əl-Qidə” və “Vəhhabi” kimi anti-İslam cərəyanları əllərində bir dəstəkdir. Onlar Allahdan xəbərsiz cərəyanların törətdikləri cinayətlərlə İslamı dünya ictimaiyyətinin gözündən salmağa can atır, bunu istənilən informasiya vasitələrilə baş xəbərlərin sırasına keçirməklə əllərindən gələni əsirgəmirlər.

Bəli, bu gün İslam düşmənlərinin hədəf və məqsədi birdir, o da İslam adının silinməsi!!!

Allah-Taala Qurani-Kərimdə bu göstərişdən (Allah düşmənləri ilə dostluq etməmək) sonra gözəl örnək və müqavimət nümunəsindən – İbrahim (ə) və dostlarından söz açır. Onların sayı az idi, xüsusi maddi mənbələrə, yaxud rəsmi dövlət və hökumətə sahib deyildilər. Lakin böyük Allaha təvəkkül etməklə müqavimət göstərdilər. Bunun müqabilində İbrahim peyğəmbəri Nəmrudun tonqalı yandırmadı, xəncər oğlu İsmayılın boğazını kəsmədi, Nəmrud və nəmrudçular xar və zəlil, İbrahim (ə) və ibrahimçilər isə əziz və daha da əziz oldular.

Rza Şükürlü

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930