İMAM BAQİRİN (Ə) KƏLAMINDA CƏNNƏT VƏ CƏHƏNNƏMİN AÇARI
Mьəllif: admin1
Tarix: 9-09-2016, 22:06
İMAM BAQİRİN (Ə) KƏLAMINDA CƏNNƏT VƏ CƏHƏNNƏMİN AÇARI
Bu dünyada insanın yaradılış fəlsəfəsi və son hədəfi Allaha bəndəçilik və ilahi əxlaqa sahib olmaqdır. İnsanın bu böyük hədəfə yetməsi və bəndəçilik yolunda düzgün hərəkət etməsi üçün ilahi və əməli göstərişlərə, eyni zamanda, onu həmin göstərişlərə doğru istiqamətləndirən, cəmiyyəti maddi və mənəvi kamala yönləndirən məsum rəhbərlərə möhtacdır. Bu istiqamətdə məsum rəhbərlərin həyat tərzi də örnək və nümunədir. Necə ki, imam Əmirəlmöminin Əli (ə) buyurur:

انْظُرُوا أَهْلَ بَيْتِ نَبِيِّكُمْ فَالْزَمُوا سَمْتَهُمْ وَ اتَّبِعُوا أَثَرَهُمْ فَلَنْ يُخْرِجُوكُمْ مِنْ هُدًى وَ لَنْ يُعِيدُوكُمْ فِي رَدًى فَإِنْ لَبَدُوا فَالْبُدُوا وَ إِنْ نَهَضُوا فَانْهَضُوا وَ لَا تَسْبِقُوهُمْ فَتَضِلُّوا وَ لَا تَتَأَخَّرُوا عَنْهُمْ فَتَهْلِكُوا

“Öz Peyğəmbərinizin Əhli-beytinə baxın və onların yolundan çıxmayaraq əməllərinə tabe olun ki, heç vaxt sizi doğru yoldan çıxarmaz, həlakət və azğınlığa qaytarmazlar. Əgər onlar (xəlifəlik, cihad və ya başqa işlərdə evdə) əyləşsələr (qiyam etməsələr), siz də (evinizdə) əyləşin (və onlara itaət edin), əgər ayağa qalxsalar (hər hansı işdə qiyam etsələr), siz də qalxın (onlara kömək və yardım edin) və onlardan önə keçməyin (öz bildiyinizə əsasən rəftar etməyin) ki, azğın və sərgərdan olarsınız, arxada da qalmayın (əmrlərindən və qadağalarından qəflətdə olmayın) ki, həlak olarsınız...” (“Nəhcül-bəlağə”, xütbə 96.)

Bu gün Əhli-beytin (ə) bir üzvü olan imam Mühəmməd Baqirin (ə) şəhadət günü olduğundan, bu yazıda o həzrətin insanın səadət və kamalı ilə bağlı göstərişlərindən birinə işarə etməklə o həzrətə məhəbbətimizi bildirmək istəyirik:

İmam Baqirin (ə) buyruğuna əsasən, dil və danışıq bütün xeyir və şərlərin, başqa sözlə, cənnət və cəhənnmin açarıdır:

إنَّ هذَا اللِّسانَ مِفتاحُ كُلِّ خَيرٍ وَشَرٍّ فَيَنبَغى لِلمُؤمِنِ أَن يَختِمَ عَلى لِسانِهِ كَما يَختِمُ عَلى ذَهَبِهِ وَفِضَّتِهِ؛

“Həqiqətən, bu dil bütün xeyir və şərlərin açarıdır. Nə yaxşı olar ki, mömin şəxs qızıl və gümüşünü möhürlədiyi (qızıl və gümüş kisəsinin ağzını bağladığı) kimi, öz dilini də möhürləsin!” (“Tühəfül-üqul”, səh.298.)

O həzrətdən nəql olunan başqa bir hədisdə də buyurulur ki, insan günahlardan amanda qalmaq istəyirsə, mütləq dilini qorumalıdır. (“Biharul-ənvar”, 75-ci cild, səh.178.)

İmam Baqirin (ə) kəlamına əsasən, deməliyik ki, Allahın bəxş etdiyi nemətlər içərisində dil insanın ən dəyərli bir üzvü olsa da, həm də ən təhlükəlisidir. Çünki dil insanın kamilləşməsində böyük rol oynayır, ondan səmərəli istifadəni bacaran insan kamillik zirvəsinə yüksələ bilir, eyni zamanda, dilin insanlar arasında müxtəlif acı hadisələrin baş verməsi və cinayətlərin törədilməsindəki rolu da danılmazdır.

Bəli, hər bir böyük nemətin kənarında, böyük bir təhlükə və günah da vardır. Bu nemətdən necə istifadə insanın öz ixtiyarındadır; insan ondan həm yaxşı yolda və səmərəli şəkildə, həm də günaha qurşanmaq üçün istifadə edə bilər. Dil fəaliyyət göstərmək üçün zaman və məkan tanımadığı, onun işə salınması üçün heç bir xərcə ehtiyac duyulmadığından, insan daim ondan istifadə etmək istəyir. Odur ki, dilin kontrolu insan həyatında böyük və əhəmiyyətli rol oynayır. Qurani-Kərimin “Qaf” surəsinin 18-ci ayəsində mövzu ilə əlaqədar belə buyurulur:

ما یَلْفِظُ مِنْ قَوْلٍ إِلاَّ لَدَیْهِ رَقیبٌ عَتیدٌ

“(İnsanın) dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!”

İnsanın dilinə gətirdiyi bir söz onun şəxsi və ictimai həyatını xeyir və şərə doğru dəyişə bilər və ayənin ümumi və geniş təbiri göstərir ki, insanın bütün sözləri və danışıqları iki nəzrətçi mələk tərəfindən qeydə alınır.

Bir sözlə, dil Allahın insana bəxş etdiyi böyük bir nemətdir, insanın kamilləşməsində, hətta ruhi və cismani sağlamlığında böyük əhəmiyyət daşıyır. İnsanın dil vasitəsilə danışıq istedadı Allahın xas inayətlərindən olduğu üçün, insan dil nemətinin şükrünü də unutmamalıdır. Dilin şükrü isə onun kontrolu, xoş və yaxşı sözlər söyləmək, batil və bihudə sözlərdən çəkinmək, təlim-tərbiyə verməkdir. İnsanın islahı və qəlbin paklığında dilin rolu o qədər böyükdür ki, imam Sadiq (ə) buyurur: “Bəndənin qəlbi düzəlməyincə imanı düzəlməz, dili düzəlməyincə də qəlbi düzəlməz!” (“Biharul-ənvar”, c.75, səh.262 və “Məhəccətül-beyza”, c.5, səh.193.)

Rza Şükürlü
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930