İMAM HÜSEYNİN (Ə) İRAQA DOĞRU HƏRƏKƏTİ
Mьəllif: admin1
Tarix: 20-07-2021, 09:42
İMAM HÜSEYNİN (Ə) İRAQA DOĞRU HƏRƏKƏTİ
İmam Hüseynin (ə) karvanı Zil-həccə ayının 8-də Məkkədən İraqa tərəf hərəkət etdi və yol boyu müxtəlif hadisələr baş verdi. O həzrət bəzi dayanacaqlarda müsəlmanları onlara qoşulmağa dəvət edirdi.

İmam səfər əsnasında Əs-Səfaha çatarkən o dövrün gənc şairi Fərəzdəqlə qarşılaşıb Kufənin vəziyyətini soruşdu. Fərəzdəq qısa bir cümlədə Kufəyə hakim mühiti belə vəsf etdi: “Xalqın ürəyi səninlə, qılıncları isə sənin əleyhinədir.”

İmam yoluna davam edib “Bətnur-Rummə”də Kufə əhalisinə məktub yazdı və yaxın bir zamanda Kufəyə girəcəyini bildirdi.

Məktubu aparan Qeys ibn Müsəhhər Seydavi hələ Kufəyə daxil olmazdan öncə Həsin ibn Nümeyr tərəfindən həbs edildi. O, İmamın məktubu Əməvi məmurlarının əlinə keçməsin deyə, məktubu uddu və bir neçə gündən sonra Kufədə İbn Ziyadın əli ilə şəhadətə yetirildi.

İmam hərəkətinə davam edib Zədud məntəqəsində Züheyr ibn Qeynlə rastlaşdı və onu öz dəstəsinə qoşulmağa dəvət etdi. O da İmamın sözlərindən təsirlənib həyat yoldaşının da təşviqi ilə İmamın dəvətini qəbul etdi və səmimi dostların sırasına qoşuldu.

İmam Zati-İrq məntəqəsinə çatarkən Bəni-Əsəd qəbiləsindən olan Hani, Müslim ibn Əqilin şəhadət xəbərini o həzrətə çatdırdı.

Çox keçmədi ki, Qeys ibn Müsəhhər və İmamın süd qardaşı Abdullah ibn Yəqtərin şəhadət xəbəri də İmama çatdırıldı. Bu xəbərlər Kufənin siyasi durumunun Əməvilərin xeyrinə olduğunu və Müslimin göndərdiyi xəbərlərdən fərqləndiyini göstərirdi.

Bu zaman İmam onunla birgə olanları öz ətrafına toplayıb buyurdu: “Ey camaat, bizim şiələrimiz bizi tək qoydular. Sizdən hər kim geri qayıtmaq istəyirsə, elə buradan qayıda bilər.” (“Ənsabul-əşraf”, Bilazəri, təhqiq: Məhəmməd Baqir Məhmudi, s. 169.)

Yol əsnasında İmama qoşulanlar bu sözü eşidərək karvanı tərk etdilər və yalnız Mədinədən və yaxud Məkkədən İmamla birlikdə gələn xüsusi səhabələr qaldılar.

Nəhayət, imam Hüseyn (ə) Şərat məntəqəsinə çatdı. Gecə orada istirahət edib ertəsi gün yoluna davam etdi və günün yarısında Hürr ibn Yezid Riyahinin sərkərdəliyi ilə Kufə ordusunun nişanələri görünməyə başladı. Hürr hərbi sərkərdə olduğundan öz vəzifəsinə əməl edir və məsələnin siyasi cəhətlərinə əsla diqqət yetirmirdi.

Bu səbəbdən, İmam (ə) namaza durduqda, o da bütün əsgərlərilə birlikdə camaat namazına qoşuldu. Hürrün vəzifəsi İmamı (ə) Kufəyə aparmaq və geri qayıtmasının qarşısını almaq idi.

İmam (ə) namazdan sonra üzünü oradakılara tutub buyurdu: “Mən Kufəyə gəlmək istəmirdim, nəhayət, məktublarınızı aldım və elçiləriniz mənimlə görüşdü. İndi əgər Kufədə mənə arxa çevirməyəcəyinizə dair söz verirsinizsə, şəhərinizə daxil olum...” (“Əxbarut-tival”, Əbu Hənifə Dinəvəri, təhqiq: Əbdül-Münim Amir, s. 249.)

Hürr məktublar haqqında məlumatsız olduğunu bildirdi. Lakin məktubları gördükdən sonra hərbi vəzifəsini ortaya atdı. İmam (ə) Kufəyə getməyi qəbul etməyib Hicaza doğru irəlilədi.

Hürrün süvariləri İmamın (ə) yolu üzərində sıraya düzüldülər. Qısa müzakirədən sonra hər iki tərəf onları Kufədən uzaqlaşdırmayan və Hicaza da yaxınlaşdırmayan orta yolla getməkdə eyni fikrə gəldi. Buna görə də, Əl-Üzeybə doğru hərəkət etdilər.

Burada Tirimmah ibn Üdeyy imam Hüseyndən (ə) “Teyy” dağlarına doğru hərəkət etməsini istəsə də, İmam (ə) Hürr ilə razılaşdığı üçün bu təklifi qəbul etmədi.

Nəhayət, karvan “Bəni-Müqatil”ə çatdı və oradan da Neynəvaya tərəf üz tutdu. Neynəvada İbn Ziyadın İmamın (ə) həbsinə dair əmri Hürrə çatdırıldı: “Onu quraqlıq, susuz və otsuz bir çöllükdə saxla!”

İmam (ə) Hürr ilə hərəkət etdiyi müddətdə Züheyr ibn Qeyn onun ordusunun azlığından istifadə edərək onlara hücum etmələrini İmama (ə) təklif etdi. Lakin İmam (ə) bunu qəbul etməyərək buyurdu: “Mən onlarla döyüşə başlamağı xoşlamıram.”

KƏRBƏLAYA GİRİŞ

İmam Hüseynin (ə) karvanı Mədinədən çıxandan 5 ay sonra – 61-ci hicri-qəməri ilinin Məhərrəm ayının 2-də Kərbəlaya daxil oldu. İmam bu yerə girən kimi onun adını soruşduqda, “Kərbəla” olduğunu söylədilər.

İmam Kərbəla sözünü eşitcək belə dua etdi:“İlahi, Sənə kərb (qəm) və bəladan pənah aparıram. Bu yer kərb və bəla (qəm-qüssə və bəla) diyarıdır. Atlardan düşün, bura bizim qanlarımızın axan yeridir. Bu xəbərləri babam Peyğəmbər mənə buyurub.”


Rza Şükürlü
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031