İMAM BAQİRİN (Ə) NƏZƏRİNDƏ ALLAH DOSTLARI
Mьəllif: admin1
Tarix: 10-09-2016, 22:24
İMAM BAQİRİN (Ə) NƏZƏRİNDƏ ALLAH DOSTLARI
Başqalarının sevgi və qayğısına ehtiyac insan vücudunda qoyulan fitri ehtiyaclardan biridir. İnsan istəyir ki, başqaları ona məhəbbət bəsləsin, qayğı göstərsin. Eynilə körpə bir uşaq hərəkət və rəftarları ilə ata və anasının diqqət və məhəbbətini özünə çəkdiyi və gənclik çağlarına qədəm qoyduqda, bu fitri ehtiyacını daha da çiçəkləndirmək qərarına gəldiyi kimi, insan da bəzi əməl və rəftarları ilə özünü digərlərinə, məxsusən, böyük şəxsiyyətlər və məqam sahiblərinə sevdirmək, onların diqqətini özünə doğru yönəltmək istəyir. Amma Allahın əzəmət və böyüklüyünü, Onun dərgahında sevimli olmağın dəyərini dərk edən insanın düşüncəsində başqalarının məqamı və onların yanında sevimli olmaq əsla yer tuta bilməz. Belə bir insan Allahın dərgahında sevimli olmaqdan başqa bir şey haqda düşünmədiyindən, təbii ki, başqalarının sevgisi, qayğısı və məhəbbəti də onun diqqətini cəlb etməyəcəkdir.

Bu müqəddiməyə əsasən, imam Mühəmməd Baqir (ə) bir hədisində Allah-Taalanın dərgahında sevimli olmağın iki sirrinə işarə edərək buyurur:

تَزَيَّنْ لِلَّهِ عَزَّ وَ جَلَّ بِالصِّدْقِ فِی الْأَعْمَالِ وَ تَحَبَّبْ إِلَيْهِ بِتَعْجِيلِ الِانْتِقَال

“Əmələrində sədaqətli olmaqla özünü Allah-Taala üçün zinətləndir, Ona sevgi və məhəbbətini sürətlə ötür (Onun sevgi və razılığını qazanmaq üçün tələs)!” (“Tühəfül-üqul”, səh.285.)

Bədənin çirkli və üfunətli olması başqalarının nifrətinə, zahiri gözəllik isə sevgiyə səbəb olduğu kimi, Allah-Taalanın da dərgahında sevimli olmaq üçün pak batin və təmiz qəlbə sahib olmaq lazımdır. Bu da, məkr və hiylədən uzaqlıq, əməllərdə sadiqlik tələb edir. Yəni İslam və iman idiası edən hər bir kəsin əməl və rəftarları da iddiası ilə uzlaşmalı, hər zaman və hər məkanda; istər toy, istərsə də əza mərasimlərində, istər xoş, istərsə də kədərli günlərdə, istər cəmiyyətdə, istərsə də tənhalıqda dinin bütün göstərişlərinə əməl etməli, sadiq olmalıdır.

Başqa sözlə, dili qəlbi ilə vəhdət təşkil etməli, “Allaha iman gətirmişəm” deyərək əks rəftarı ilə onu təkzib etməməlidir. Əks-təqdirdə, Allahın dərgahında sevilməkdən məhrum olacaqdır. Əlbəttə, sevimli olmaq üçün, yalnız sadiq əməllərlə bəzənmək və zinətlənmək kifayət etmir. Müəllimin nəzərində bir saatlıq tapşırığı yarım saat ərzində yerinə yetirə bilən şagird daha sevimlidir. Amma bir neçə günün tapşırığını yerinə yetirməyən, tapşırıqların icrasında tənbəllik edən şagird, təbiidir ki, müəllimin gözündən düşəcəkdir. Odur ki, imam Baqir (ə) buyurur: “Allahın dərgahında sevimli olmaq üçün əməllərin saf olamsı və sədaqətlə zinətlənməsi ilə yanaşı, Allahın razılığını, sevgi və məhəbbətini qazanmaq üçün tələsmək də şərtdir.” Necə ki, “Ali-İmran” surəsinin 133-cü ayəsində də buyurulur:

وَ سارِعُوا إِلى‏ مَغْفِرَةٍ مِنْ رَبِّكُمْ

“Rəbbinizin məğfirətinə doğru tələsin.”

Xeyir işlərə doğru tələsməyin müqabilində üç fərziyyə təsəvvür olunur:

1. “Təsvif” – “bu gün-sabah etmək”: “Hələ gəncəm, vaxt var!” – deyərək, tövbəni təxirə salan şəxsi buna misal çəkmək olar. Bir halda ki, imam Baqir (ə) bu zəmində buyurur:

إِيَّاكَ وَ التَّسْوِيفَ فَإِنَّهُ بَحْرٌ يَغْرَقُ فِيهِ الْهَلْكَى‏

“Agah olun, “təsvif” elə bir dəryadır ki, ora daxil olan qərq və həlak olar.” (“Tühəfül-üqul”, səh.285.)

2. “Qəflət”: İnsanı xeyir işə qarşı tamamilə diqqətsiz və rəğbətsiz edən əsas amil qəflətdir. “Qəflət” birinci qismdən, yəni “təsvif”dən də şiddətli, qorxuludur. Çünki “təsvif” zamanı insan yerinə yetirəcəyi xeyir iş haqda düşünür, lakin onu “bu gün-sabah yerinə yetirərəm” deməklə təxirə salır. Qəflətdə olan insan isə, əsla düşünmür!

3. Tənbəllik və süstlük: Bu zaman insan xeyir iş haqda həm düşünür, həm də yerinə yetirir, həqiqətdə, o, öz vəzifəsini yaddan çıxarmır, lakin süstlük və tənbəlliklə yerinə yetirir. Adətən, bu hal da insanı yarıyolda qoyur və belə bir insan ilahi vəzifələri layiqincə yerinə yetirmir.

Bir sözlə, Allahın dərgahında sevimli olmaq üçün, insan əməllərini saf niyyət və sədaqətlə bəzəməli, xeyir və fəzilətli işlərin icrasında tələsməli, onları təxirə salmamalı, qəflət və süstlükdən uzaq olmalıdır. Gündəlik vacib namazları təxirə salmamaq və ilk vaxtda qılmaq buna bir misaldır. Əgər insan digər əməl və vəzifələrini də vaxtlı-vaxtında, layiqincə yerinə yetirərsə, özünü Allah-Taalanın dostları sırasında görə bilər!

Rza Şükürlü
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031