Həzrət Zəhra (s.ə) hər fürsətdə Qədir-Xum hadisəsini insanların yadına salırdı
Mühüm tarixi hadisə olan Qədir-Xumdan 70 gün keçməmiş, Həzrət Peyğəmbər (s) o mübarək gözlərini dünyaya yumur və pak ruhu mələkut aləminə köç edir.
Peyğəmbərin (s) vəfatı İslam aləmini qəm və qüssəyə bürüyür. İnsanların bəzisi bu ağır müsibətə görə heyrət içində idilər. Bəziləri isə özlərini bu hadisəyə əvvəlcədən hazır etmişdilər. Bu insanlar öz hədəflərinə çatmaq üçün nübuvvət suyunu bulandırıb, istədikləri balığı tutmağa çalışırdılar. Qədir-Xumda doğan ümid ulduzu bu fitnələrin toz və torpağı altında batıb məhv olurdu. Günəşin üzərini pərdə örtür və İslam aləmini zülmət bürüyürdü. Bu hadisəni günəşin nur evinə hücum edərək başlatdırlar. Lakin qafil idilər ki, Allahın nurunu bu fitnələri ilə söndürə bilməyəcəklər. Bu hücum sayəsində Həzrət Muhəmmədin (s) əziz gülü qapı arxasında qalıb pər-pər oldu. Lakin qırılmış qabırğalarına baxmayaraq, zülm qarşısında ayağa qalxdı və İlahi əli ilə vilayət ətəyindən yapışdı. Həzrət Peyğəmbər (s) buyurur: “İmamın (Əlinin (ə)) məsəli Kəbə kimidir ki, insanlar onun sorağına gedərlər, nəinki Kəbə insanların sorağına gələr”. Həzrət Zəhra (s.ə) vilayət nurunu müdafiə etdi və bu yolda şəhadət şərəbətini içdi. Xanım (s.ə) bu ağır zamanda insanlara xitab edərək, Qədir-Xum hadisəsini yada saldı və buyurdu: “Məgər Peyğəmbərin (s) bu kəlamını unutmusunuz ki, Qədir-Xum günündə buyurmuşdu: “Hər kimin ki, mövlası mənəm, Əli (ə) onun da mövlasıdır””. İmam Əli (ə) Səqifə fitnəsindən sonra öz evinə çəkilib, Peyğəmbərin (s) vəsiyyəti ilə Quranı toplamaqla məşğul idi. Bəd niyyətlə evlərinə gəldikdə, Xanım (s.ə) qapı arxasına gəlir və insanlara xitab edərək buyurur: “Mən sizin kimi bir qövmün sorağını bilmirəm ki, bu qədər əhdini pozan olsun. Peyğəmbərin (s) bədənini əllərimizin üzərində qoydunuz və buraxdınız. Aranızda olan əhd və peymanı pozdunuz. Onun əksinə əməl etdiniz. Biz Əhli-Beytin (ə) vilayət və rəhbərliyini inkar etdiniz. Bizim üçün heç bir haqq qoymadınız. Sanki Peyğəmbərin (s) Qədir-Xum günündəki sözlərindən agah deyildiniz. Allaha and olsun ki, Peyğəmbər (s) o gündə vilayət və rəhbərliyi Əli (ə) üçün təyin etmişdi ki, sizin xilafət ümidi və tamahınızı qət etsin. Ancaq siz özünüzlə Peyğəmbər (s) arasında olan bağı qırdınız. Bilin ki, Allah dünya və axirətdə bizimlə sizin aranızda hökm verəcəkdir”. Xanım (s.ə) bu hadisəni dəfələrlə yada salmağına baxmayaraq, qafil insanlar öz yanlış inanclarına davam edir və vilayət nəslini incitməkdən əl çəkmirdi. Xanım (s.ə) bu qafil insanları görən zaman təəssüf edib deyirdi: “Pərvərdigara! Sənə pənah aparıram dostların azlığından, çoxluğundan sonra. Məni öz halıma buraxın ki, Allah Qədir-Xum hadisəsindən sonra heç kəs üçün üzr və bəhanə yeri qoymamışdır”. Həzrət Zəhra (s.ə) atasının vəfatından sonra az bir zaman yaşamasına baxmayaraq, hər fürsətdə Qədir-Xum hadisəsini yada salır və bu hadisənin həqiqətlərini insanlara çatdırmağa çalışırdı. /Deyerler.org/ Oxşar xəbərlər
|