SUİ-ZƏNN VƏ BƏDBİNLİYİN SƏBƏBLƏRİ
Psixoloji baxımından sui-zənn, bədbinlik və bədgümanlıq bəzən yüngül, bəzən də sərtləşərək ruhi-psixoloji xəstəlik kimi özünü büruzə verir. Hər iki halın müxtəlif səbəbləri ola bilər. Məsələn:
1. Bəzən bədbinlik ədavət, kin-küdurət, paxıllıq və qisas hissindən qaynaqlanır. İnsan qarşı tərəfdən zor gücü və yaxud dili ilə qisas ala bilmədiyindən, düşüncələrində fitnələrə əl ataraq pis fikirlərə düşür, onu daim mühakimə və məzəmmət edərək nəfsinə təsəlli verir. Yəni xarici aləmdə nail ola bilmədiyini təsəvvür və fikirlərində tapır və beləcə, öz əməlindən saxta ləzzət, rahatlıq alır. Bu isə bir növ “təxəyyülə uyma və sığınma”, “həqiqətdən ruhi sapınma” adlanır və müasir psixologiyanı da maraqlandıran məsələlərdən biridir. Bir sıra izahlarda deyilir ki, istəklərinə xarici aləmdə nail ola bilməyən insanlar özlərinə qapılaraq daxildə hiss etdiyi boşluğu xam xəyallar və əbəs düşüncələrlə doldurmağa çalışırlar. Bəzən onları yuxuda, bəzən də öz təxəyyül və poetik hisslərində axtarırlar. Adətən, böyük şair adını qazananlar şairlik istedadından əlavə, həyatda itkilər, narahatlıqlar, ağrı-acılar, uğursuz eşq və məhəbbətlərlə də üzləşirlər. Onlar məşuq itkisini təxəyyülündə, poetik duyğularında, ədəbi incəliklərində arayıb-axtardığından təxəyyül qüvvələri, poetik hissləri hədsiz artır. Necə deyərlər, lirik şeirlər daha gözəl, daha cəlbedici olur. Bir sözlə, “təxəyyülə uyma” insanda bir çox psixoloji hadisələri, o cümlədən, bədbinlik və bədgümanlıq kimi hissləri cücərdə bilir. 2. Nikbinlik insanın saflığından qaynaqlandığı kimi, bədbinlik və bədgümanlıq da mənəvi çirkinlik və aludəlikdən baş qaldırır. Yəni “müqayisə” zamanı insan başqalarını ya yaxşı, ya da pis görür. Bu xislət özünü savadsız və ya nadan təbəqə arasında daha artıq büruzə verir. 3. Bəzən insan vicdan məhkəməsində bədbinliyə düçar olur, günahlarına şərik axtarmağa çalışaraq başqalarına qarşı pis fikirlərə düşür, öz çirkin əməllərini yozaraq onları adiləşdirib, demək istəyir ki, belə işlərə əl atan təkcə o deyil. 4. Bəzən də bədbinlik təkəbbür və xudbinlikdən baş qaldırır. Məsələn, özlərini başqalarından üstün bilənləri çox vaxt başqalarının nöqsanları maraqlandırır, cürbəcür ehtimallarla onların dəyərini endirir, özlərini isə yüksəldirlər. 5. Bəzən isə ata-ana və ya müəllimin təlqinləri bədbinliyin amillərindən birinə çevrilir. 6. Pis adamlarla yoldaşlıq da onun səbəblərindəndir. Bəzən insanın münasibətlərində meyar oturub-durduğu, yoldaşlıq etdiyi adamlar olur. Hətta onun bir kənd, şəhər, ölkə, yaxud millət barəsində təfəkkür tərzi yoldaşlıq əlaqələri ilə bilavasitə bağlı olur. Yoldaşları pis olanlar, təbiidir ki, hamıya qarşı bədbin olurlar. Bu məsələ hədislərdə belə açıqlanır: مُجالَسَةُ الْاَشْرارِ تورِثُ سُوءَ الظَّنِّ بالْاَخْيارِ “Pis adamlarla oturub-durmaq yaxşı insanlara qarşı bədbinlik gətirir.” (“Biharul-ənvar”, 74-cü cild, səh.197, hədis: 31.) 7. Bəzən də bədbinlik səbəbsiz olmur. Yəni bir zaman və ya mühitə hakim olan fitnə-fəsaddan yaranan “Oxşar hadisələrin yayılması və çoxluğu eyni faktorun reallığına əsas verir!” – fikri insanda bədbinliyə səbəb olur. (“Əxlaq sayəsində sağlam həyat”, Ayətullah Məkarim Şirazi, səh. 93-95.) Rza Şükürlü Oxşar xəbərlər
|