Elmin 4 növü. Hansı elm ən üstündür?
İslamın nəzərinə görə hansı elm faydalıdır? Bu suala cavab verməzdən əvvəl elmin növləri ilə tanış olaq. İslam dininin nəzərinə görə elm dörd dəstəyə bölünür:
1. Ladoni elm. Qurani-Kərim Həzrət Musanın (ə) əhvalatı haqqında bəhs edən zaman buyurur: “Öz yanımızdan elm (yaradılış aləminin səbəb və nəticələri barəsində bilənin boynuna vəzifə qoyan elm)öyrətdiyimiz və vasitəsiz ilham verdiyimiz bəndələrimizdən birini (Xızır peyğəmbəri) tapdılar”. (“Kəhf” 65). Yəni, bu, o elmdir ki, onun mənbəyi Allahdır. Bu elmi Allah xüsusi bəndələrinə əta edər və hər kəs ondan nəsibini almaz. Bu elm peyğəmbərlərə (ə) və İmamlara (ə) verilən qeyb elmidir. İmam Sadiq (ə) buyurur: “Nə zaman Məsuma (ə) sual verilsə, sualın cavabı bəzən ona ilham olar, bəzən mələkdən eşidər, bəzən də hər ikisi olar”. 2. O elmdir ki, mövzusu İslami üsul və furudur. Quran və sünnət kimi. Buraya təfsir elmini, qiraət elmini, hədis elmini, kəlam elmini, fiqh elmini, əxlaq elmini daxil etmək olar. 3. O elmdir ki, mövzusu təbiət və riyaziyyatdır. Həkimlik, mühəndislik, əkinçilk və sair elmlər bura aiddir. 4. Nəticəsiz elm və ya səmərəsi olmayan elmlər. O cümlədən sehr, cadu, kəhanət kimi elmlər bura daxildir. İslamın nəzərinə görə o elm ki, Allahdan və Onun göstərişlərindən bəhs edir – ən üstün və ən ali bir elmdir. Çünki insanın səadətə çatmaq yolunu müəyyən edir və onu düz yola hidayət edir. Ona görə də rütbə cəhətdən qalan elmlərdən üstün sayılır. Belə ki, əgər riyaziyyat və ya fizika elmində hansısa səhvləri etsək, cəmiyyət ziyan görə bilər, ancaq onu aradan qaldırmaq mümkündür. Lakin insan əgər əqidə məsələrində ziyan görərsə, dünya və axirətini bada vermiş olar. Yəni, ziyanı hər iki dünyada çəkər. Əgər peyğəmbərlərin (ə) risalətinə nəzər salsaq, görərik ki, onların hamısı məhz Allaha aid olan elmləri özləri ilə gətiriblər. Bu elmin yanında əkinçilk və başqa elmləri də tanıdıblar. Həzrət Peyğəmbər (s) buyurur: “İki cür elm vardır ki, biri zahiri elmdir ki, dilin başındadır və biri də qəlb elmidir ki, bu elm faydalıdır”. Yəni, o elm ki, sənin ruhuna fayda verər, o, ən üstün elm sayılır. Bu haqda İmam Sadiq (ə) buyurur:“Sadiq bir insandan Allahın halal və haramına görə bir hədis öyrənsən, dünyadan və onda olan bütün qızıl və gümüşdən daha üstündür”. Ona görə də deyə bilərik ki, bir insan üçün ən faydalı elm – o elmdir ki, insana Allahı tanıdar və Onun göstərişlərini bəyan edər. İnsanın ruh və qəlbini əbədi məqsədə və saədətə çatdırar. (İslami saytlara istinadən) /Deyerler.org/ Oxşar xəbərlər
|