“MÜBAHİLƏ” AYƏSİ VƏ ONUN QISA İZAHI
Bismillahir-rəhmanir-rəhim
“Ali-İmran” surəsinin 61-ci ayəsində buyurulur: فَمَنْ حَآجَّكَ فِيهِ مِن بَعْدِ مَا جَاءكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْاْ نَدْعُ أَبْنَاءنَا وَأَبْنَاءكُمْ وَنِسَاءنَا وَنِسَاءكُمْ وَأَنفُسَنَا وأَنفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَل لَّعْنَةُ اللّهِ عَلَى الْكَاذِبِينَ “(Ya Peyğəmbər!) Hər kəs (İsa barəsində) sənə elm gəldikdən sonra səninlə mübahisə etsə, onlara de: “Gəlin biz də oğullarımızı, siz də oğullarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü çağıraq! Sonra mübahilə edib (yalvarıb qarğış edərək) yalançılara Allahdan lənət istəyək.” “Mübahilə” əslində “azad, özbaşına buraxmaq, bir şeyi qeyd-şərtsiz nəzərə almaq” mənasını bildirən “bəhl” sözündən götürülmüşdür. Məsələn, balasına süd vermək üçün özbaşına buraxılan heyvana “bahil” deyilir. Dualarda da “ibtihal”ın mənası işlərin Allaha tapşırılmasından ibarətdir. Bu sözü “həlakət”, “qarğış”, “lənət” və “insanın Allahın lütf və mərhəmətindən üzülüb özbaşına buraxılması” kimi də mənalandırmışlar. “Mübahilə”nin bu ayədəki məfhum və mənasına gəldikdə isə, “mübahilə” iki nəfərin bir-birinə qarşı nifrin və qarğışı mənasını ifadə edir. Belə ki, hər şey şüur və məntiq baxımından aydın olduqdan sonra mübahisə kəsilməyəndə iki nəfər, yaxud iki qrup bir yerə toplaşıb Allaha dua edir və Ondan yalançının rüsvay olmasını, cəzalanmasını diləyir. Sünni və şiə təfsirlərində, eləcə də, bəzi hədis və tarix kitablarında qeyd olunur ki, hicrətin 10-cu ilində bir neçə nəfər Rəsuli-Əkrəm (s) tərəfindən Yəmənin Nəcran məntəqəsində İslamı yaymağa, təbliğ etməyə təyin olundular. Nəcran xristianları Peyğəmbəri-Əkrəmlə (s) danışıq aparmaq üçün bir nümayəndə heyətini Mədinəyə göndərdilər. Danışıqlardan sonra onlar bəhanə axtararaq şəkdə olduqlarını deyir, heç bir məntiq və dəlilə əsaslanmadan həzrət İsanın (ə) allahlıq məqamında şərik olduğunu iddia edirlər. Bu ayə nazil olaraq buyurur: “Ya Peyğəmbər! Səninlə mübahisə apararaq haqqı qəbul etməkdən imtinaedənlərə de: Gəlin biz də oğullarımızı, siz də oğullarınızı; biz də qadınlarımızı, siz dəqadınlarınızı; biz də özümüzü, siz də özünüzü çağıraq! Sonra mübahilə edib(yalvarıb qarğış edərək) yalançılara Allahdan lənət istəyək.” Yəni bu qarğış hər kəsi tutsa, onun batil yolda olması məlum olacaqdır. Bununla da mübahisəni sona yetirərik. Bu ayə nazil olandan sonra Peyğəmbəri-Əkrəm (s) Nəcran xristianlarını mübahiləyə çağırdı. Onlar o həzrətdən fikirləşmək üçün bir gün möhlət istədilər. Xristianların başçısı və alimi dedi: “Əgər sabah Mühəmməd öz ailəsi və övladları ilə birgə mübahiləyə gəlsə, onunla mübahilə etmədən geri qayıdarıq; amma hay-küylə, təmtəraqla, öz mürid və tərəfdarları ilə gəldiyini görsək, onunla mübahilə edərik.” Ertəsi gün Peyğəmbər (s) Əli (ə), Fatimə (ə.s), Həsən (ə) və Hüseynlə (ə) birlikdə xristianların qarşısına çıxdı. Xristianların başçısı ətrafındakılardan soruşdu: “Bunlar kimdir?” (Bu hadisəni Peyğəmbər (s) özü müşahidə edirdi.) Ona dedilər: “Biri əmisi oğlu və kürəkəni, o iki oğlan uşağı qız nəvələri və o qadın da hamıdan əziz bildiyi qızıdır!” Xristianların yepiskopu dedi: “Mənim gördüyüm kişi öz qərarında möhkəmdir, mübahiləyə şücaət və cürətlə gəlmişdir. Qorxuram ki, haqq olsa, ağır bəlaya düçar olaq!” Sonra üzünü Peyğəmbərə tutub dedi: “Ey Mühəmməd! Biz qərara gəldik ki, səninlə mübahilə yox, sülh edək!” Bəzi rəvayətlərdə isə onun belə dediyi nəql olunmuşdur: “Ey xristianlar! Mən elə nurlu simalar görürəm ki, əgər onlar Allahdan istəsələr, dağ yerindən qopar! Onlarla mübahilə etməyin, yoxsa həlak olarsınız!” (“Məcməül-bəyan”, 2-ci cild, səh. 452 (ixtisarla). Əhli-sünnə və Əhli-beyt (ə) ardıcıllarının mötəbər və məşhur mənbələrində nəql olunan bir çox rəvayətlərə əsasən, “mübahilə” ayəsi Əli (ə), Fatimeyi-Zəhra (ə.s), Həsən (ə) və Hüseyn (ə) haqqında nazil olmuşdur. Bəzi rəvayətlərə əsasən mübahilə Zil-hiccə ayının 24-də, yaxud 25-də, o zaman Mədinə şəhərinin kənarında yerləşən Peyğəmbər məscidində baş vermişdir ki, hazırda şəhərin içərisində yerləşir. Həmin yerdə «Məscidül-icabə» adlı bir məscid də tikmişlər. Bu məscidlə Məscidün-Nəbinin arası təqribən iki kilometrdir. “MÜBAHİLƏ”NİN ƏHƏMİYYƏTİ “Mübahilə” hadisəsi İslam Peyğəmbərinin (s) risalət və peyğəmbərliyinin doğru və haqq olduğunu göstərən aydın bir nişanə və dəlildir. Çünki Allahla qəti və mənəvi əlaqəsi olmayan şəxsin belə təhlükəli işə razı olması mümkün deyildir. Peyğəmbəri-Əkrəm (s) çəkinmədən müxaliflərinə deyir ki, gəlin, birlikdə dua edib Allahdan yalançıları rüsvay etməsini diləyək. Bunun mənası odur ki, sözsüz, mənim nifrin və qarğışım sizi tutacaq və siz bunun nəticəsini görəcəksiniz! Şübhəsiz, belə bir meydana girmək asan iş deyil; əgər qarğış Allah dərgahında qəbul olunmasa və qarşı tərəf cəzasına çatmasa, bu özü böyük rüsvayçılıq olar. Heç bir ağıllı insan qarşı tərəfin məğlub olacağına inanmadan belə bir işə əl atmaz. Məhz bu səbəbdən də, rəvayətlərdə deyildiyi kimi, mübahilədən söz düşdükdə, Nəcran xristianları Peyğəmbəri-Əkrəmdən (s) bir qədər fikirləşmək üçün möhlət istədilər. Onlar Peyğəmbərin (s) özü ilə gətirdiyi şəxslərin yalnız dörd nəfərdən ibarət olduğunu, səs-küy salmadan, qəti inam və xatircəmliklə vəd edilmiş yerə gəldiyini gördükdə, dəhşətə gələrək mübahilədən boyun qaçırdılar və o həzrətin haqq olduğuna inanmaqla əzabdan amanda qaldılar. Digər tərəfdən bu ayə Peyğəmbərin (s) Əhli-beytinin (Əli, Fatimə, Həsən və Hüseynin (ə)) yüksək məqama malik olduğunu göstərən ən aydın və möhkəm sübutdur. Şübhəsiz, ayədə qeyd olunan “əbnaəna” (oğullarımız) sözündə məqsəd imam Həsən və imam Hüseyn (ə), “nisaəna” (qadınlarımız) sözündə məqsəd Fatimeyi-Zəhradır (ə.s). “Ənfüsəna” (özümüz) sözünə gəldikdə isə, şübhəsiz məqsəd təkcə Peyğəmbəri-Əkrəmin (s) özü deyil. Çünki ayədə “özümüzü dəvət edək” ifadəsi vardır ki, əgər yalnız Peyğəmbər (s) nəzərdə tutulsaydı, onda insanın öz-özünü dəvət etməsinin heç bir mənası olmazdı. Buna əsasən, yeganə yol budur ki, belə deyək: “Məqsəd Əlidir (ə)!” “Mübahilə” ayəsinin təfsirində nəql olunan məşhur bir hədis insanın diqqətini özünə daha çox cəlb edir. Hədisdə deyilir: “Bir gün xəlifə Məmun Abbasi imam Rzadan (ə) “Baban Əli ibn Əbi Talibin (ə) Peyğəmbərin (s) xəlifəsi olmasına dəlilin varmı?” – deyə soruşduqda, Həzrət buyurdu: “Ənfüsəna” ayəsi (buna dəlildir).” Məmun dedi: “Əgər “nisaəna” olmasaydı (sözün düz olardı!)” İmam Rza (ə) buyurdu: “Əgər “əbnaəna” olmasaydı (sən deyən olardı)!” Əllamə Təbatəbai bu qısa və eyni zamanda mənalı sözləri şərh edərək yazır: “İmam Rzanın (ə) “ənfüsəna” ayəsinə istinad etməsinin səbəbi budur ki, Allah-Taala Əlini (ə) Peyğəmbərin (s) canı və nəfsi kimi tanıtdırmışdır. Buna əsasən, Əli (ə) xilafət və imamət məqamına hamıdan layiqdir, risalət və peyğəmbərlikdən başqa hər bir məqamında Peyğəmbərlə (s) eynidir. Məmunun cavabı isə buna bir növ irad idi. Belə ki, ayədə qeyd olunan “nisaəna” (qadınlarımız) sözü göstərir ki, “ənfüsəna” sözü Peyğəmbərin (s) canı və nəfsi kimi şəxsi deyil, ümumi olaraq “ricaləna” (kişilərimiz) mənasını bildirir. İmam Rza (ə) da növbəti cavabı ilə bildirir ki, “ənfüsəna” “kişilərimiz” mənasını daşısaydı, artıq “əbnaəna” (oğullarımız) sözünə ehtiyac olmazdı. Çünki oğullar ifadəsi də kişi cinsinə daxildir. Buna əsasən, ayədəki “ənfüsəna” sözü “kişilərimiz” mənasında deyil. (“Əl-mizan”, 3-cü cild, səh. 230, “mübahilə” ayəsinin təfsiri.) “Biharul-ənvar” kitabında nəql olunur ki, Məmun imam Rzaya (ə) dedi: “Ola bilər ki, “ənfüsəna” (özümüz) sözü başqasına yox, yalnız Peyğəmbərin (s) özünə aid olsun.” İmam Rza (s) buyurdu: “Məgər insan özünü bir işə çağıra bilərmi? Peyğəmbər (s) Fatimə (ə.s), Həsən və Hüseyndən (ə) əlavə, Əlini (ə) də çağırdı. Buradan məlum olur ki, Əli (ə) Peyğəmbərin (s) canı və nəfsi kimidir!” (“Biharul-ənvar”, 10-cu cild, səh. 350) Rza Şükürlü Oxşar xəbərlər
|