Məhərrəmdə xəncər vurmaq caizdirmi? Alimlər cavab verir
Ayətullah Şubeyr Zəncani, Ayətullah Musəvi Ərdəbili, Ayətullah Seyid Əli Xamneyi, Ayətullah Məkarim Şirazi, Ayətullah Nuri Həmədani, Ayətullah Sistani və Ayətullah Cəfər Sübhani Məhərrəm ayında bədəndən qan çıxmasına vəsilə olacaq şəkildə zəncir və ya xəncər vurmaq haqqındakı sualı cavablandırıblar.
İmam Hüseynə (ə) yas mərasimlərində bəzi şəxslər özlərini yaralayacaq şəkildə vururlar. Görəsən müqəddəs İslam şəriətinin əzadarlıq və yas tutmağın hüdudu necədir? Ayətullah Şubeyr Zəncani: Şəhidlər sərvərinə yas tutmaq Allaha yaxınlaşdıran ən fəzilətli vəsilələrdəndir və mükafatı böyükdür. Əgər bu hərəkətlərlə məktəb haqqında çirkin bir imic yaratmaq kimi mənfi bir vəziyyət yaranarsa, ondan çəkinmək lazımdır. Ayətullah Ərdəbili: Əgər bu hərəkət nəticəsində insanın canına əhəmiyyətli bir zərər gəlirsə və ya məzhəbin, ya da günahsız imamların, yaxud əzadarlığın alçaldılmasına gətirib çıxarsa, tərk edilməlidir. Ayətullah Seyid Əli Xamneyi: “Qılıncla baş yarmaq, uydurma bir əməldir və dinlə əlaqəsi olmayan işlərdəndir. İmamların vaxtında bu cür işlər olmayıb. Ümumiyyətlə, dinin və məzhəbin zəifləməsinə və onun qeyri-ciddi bir şəkildə tanıtdırılmasına səbəb olan əməllərə icazə verilmir. Heç şübhə yoxdur ki, Allah da onun edilməsinə razı deyil.” Ayətullah Seyid Əli Sistani: “Yas və matəmə ləkə gətirəcək bütün işlərdən çəkinmək lazımdır”. Ayətullah Məkarim Şirazi: Ali-əbanın beşincisinə yas saxlamaq dini simvollardan olub, şiəliyin davamlılığının sirridir. Bu səbəbdən ən gözəl şəkildə icra edilməlidir. Lakin bədənə zərəri olan və ya məzhəbin alçaldılmasına gətirib çıxaracaq hər cür işdən ciddi şəkildə çəkinmək lazımdır. Ayətullah Nuri Həmədani: Xəncər vurmaq caiz deyil. Şəhidlər sərvəri və vəfalı silahdaşlarına yas saxlamaq möminlər arasında məşhur olan və ənənəvi şəkildə icra edilməlidir. Məzhəbin hörmətdən salılmasına gətirib çıxaracaq hər davranışdan çəkinmək lazımdır. Ayətullah Cəfər Sübhani: İmam Hüseynə (ə) yas saxlamaq İslamın davamlılığı və şiəliyin sabit qalması üçün ən güclü dəstəkdir. Bu səbəbdən təşkil ediləcək yas mərasimində hər cür şəri hökmə və qaydaya riayət edilməlidir. Digər insanları da Hüseyn (ə) məktəbinə dəvət edəcək şəkildə davranılmalıdır. Buna görə də qan axıdılmasına vəsilə olacaq hər cür davranışdan qaçmaq lazımdır. Oxşar xəbərlər
|